Əlaqə Arxiv
news Image
2020.04.18
11:40
| A A A
Nazirlik: Qanunsuz ov edənlərlə bağlı sərt tədbirlər görüləcək

Şahdağ Milli Parkının əməkdaşları milli parkın Oğuz bölməsinin ərazisində icazəsiz ov edən şəxsləri saxlayıblar.

Mövqe.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə deyib.

O bildirib ki, araşdırma zamanı ov edənlərin Oğuz rayon sakinləri Dilqəm Səfərov, Novruz Vəliyev və Bəbirxan Şahmuradov olduğu müəyyən edilib: “Onlardan ov tüfəngi və ovlanmış Dağıstan turu götürülüb. Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 3000 manat məbləğində cərimə olunub”.

H.Əlizadə baş verən qanunsuz ov hadisəsinə sərt reaksiya bildirib: “Dünyanın bir çox ölkələrində sayı azalmaqda olan Dağıstan turu yalnız Cənubi Qafqazda və Qafqazın bir neçə dağlıq ərazisində qalıb.Bu növün ən çox sayı isə Azərbaycandadır. Bunun da səbəbi dövlətin apardığı mühafizə tədbirlərinin nəticəsidir. Amma Dağıstan turunun qadağan olunan vaxtda kortəbii şəkildə ovlanması sayının azalmasına və gələcəkdə kökünün kəsilməsinə səbəb ola bilər”.

“Hansısa bir məbləğdə cərimə etməklə yəqin ki, iş bitməyəcək, öz tərəfimizdən bütün qanuni və inzibati tədbirləri tətbiq edəcəyik ki, heyvanların balalama dövründə onlara güllə atan insafsızlar çox ciddi cəzalansınlar. Bütün addımlar atılacaq ki, brakonyerlər barəsində cinayət işi qaldırılsın və ən əsası da odur ki, cəmiyyət belələrini qınaq hədəfi kimi biabır etsin. Ova hələ iki aydan sonra icazə veriləcək. Çünki hazırda heyvanların balalama dövrüdür.

Qanunsuz ov edən şəxslər eyni zamanda koronavirusla bağlı tətbiq edilən karantin qaydalarını da pozublar.Karantin qaydalarını pozduqları üçün həmin şəxslərin cərimələnməsi üçün polis orqanlarına müraciət edəcəyik. Eyni zamanda həmin adamların qeydiyyatını da aparacağıq ki, gələcəkdə qanunsuz ov faktı baş verdikdə biz ilk növbədə həmin şəxsləri yoxlayaq” - o əlavə edib.

Sizin Reklam Yeriniz