Əlaqə Arxiv
news Image
2020.04.18
12:09
| A A A
Bahar Muradova bəzi valideynləri ittiham edib

"Uşağın ilk sosial mühiti məhz onun ailəsidir. Bu mühitdə fiziki və mənəvi cəhətdən sağlam böyüyüb inkişaf edən uşaq sabah cəmiyyətdə də özünə inamlı, uğurlu bir vətəndaş olacaq. Təəssüflər olsun ki, bəzən valideynlər bu məqamı unudurlar. Nəticədə valideynlik vəzifələrinin yerinə yetirilməməsi, valideynlik hüquqlarından sui-istifadə, etinasızlıq, laqeydlik kimi hallar baş verir".

Mövqe.az xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, bəzi valideynlər yanlış olaraq, övladlarını çox istədiklərini əsas gətirsələr də bununla bir araya sığmayan üsullardan istifadə edir, tərbiyə məqsədi ilə övladlarına qarşı fiziki cəza, təhqir, nəzakətsiz davranış kimi hallara yol verirlər:

"Lakin hər bir valideyn anlamalıdır ki, uşaq böyüdüb tərbiyə etmək onlardan böyük təmkin, səbr, diqqət və sevgi tələb edir. Son günlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığından zərər çəkmiş qadın və uşaqlarla bağlı daxil olan müraciətlər, KİV-də və sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən araşdırılır və həmin şəxslərə lazımi dəstək göstərilir. Çox təəssüfedici məqamlardan biri də hər kəsin ilk növbədə öz yaxınlarına qayğı göstərməli olduğu bu çətin pandemiya dövründə belə uşaqların gözü qarşısında onların doğmasına, xəsarət yetirilməsi, öldürülməsi, uşaqların baxımsız vəziyyətdə tərk edilməsi, onlara qarşı alçaldıcı və təhqiredici davranışın törədilməsi və bu halları əks etdirən video görüntülərin sosial şəbəkələrdə paylaşılması hallarının baş verməsidir. Unutmaq olmaz ki, risk vəziyyətində olan, zorakılığa məruz qalan uşaqların görüntülərinin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə yerləşdirilməsi azyaşlıların hüquqlarının pozulması kimi dəyələndirilərək məsuliyyətə səbəb olduğu kimi,belə halların KİV-lərdə, internet resurslarında və telekommunikasiya şəbəkələrində yayılması, uzun müddət saxlanılması da KİV haqqında qanunvericiliyin müddəalarının bu resursların rəhbərliyi tərəfindən kobud şəkildə pozulması kimi qiymətləndirilməklə müvafiq məsuliyyət yaradır".

B.Muradova bildirib ki, hazırda Dövlət Komitəsi tərəfindən uşaqların hüquqlarının müdafiəsi üzrə işlər aparılır: "Davamlı olaraq yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarla, qəyyumluq və himayə, eləcə də hüquq-mühafizə orqanları, zorakılığa məruz qalan qadın və uşaqlara sığınacaq verən qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət davam etdirilir və faktlar üzrə operativ iş aparılır".

B.Muradova həmçinin valideynlərə müraciət edib:

"Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bütün qeyd olunanları vurğulamaqla yanaşı hazırki sosial təcrid və məhdudiyyətlər dövründə uşaqların daha həssas durumda olduqlarını nəzərə alaraq, ilk növbədə valideynlərdən və ailələrin digər üzvlərindən xahişimiz budur ki, uşaqlara qarşı diqqətli olsunlar, münaqişələrdən çəkinsinlər. Uşaqların evdə səmərəli vaxt keçirmələrinə şərait yaratsınlar, anlayışlı olmaqla övladlarına stress və gərginliyi azaltmaqda kömək etsinlər. Uşaq hüquqlarının pozulması halları ilə rastlaşdıqda isə müvafiq dövlət orqanlarına vaxtında məlumatı çatdırsınlar. KİV və internet resurslarının rəhbərlərinin diqqətini isə İnformasiyanın alınması,emalı və yayılması prosesində uşaq hüquqlarının qorunmasına, beynəlxalq və milli qanunvericiliyin ,eləcə də peşə etikasının tələblərinə əməl edilməsinin vacibliyinə bir daha cəlb etmək istərdik".

Sizin Reklam Yeriniz