Əlaqə Arxiv
news Image
2020.04.18
18:12
| A A A
Onlayn dərslər müasir texnologiyaların təcrübələrini mənimsəmək baxımından əhəmiyyətlidir

Məlum olduğu kimi, Çindən başlayıb dünyaya yayılan yeni növ koronavirus infeksiyası (COVlD-19) ilə bağlı xəbərlər hələ də əsas gündəm mövzusudur. Azərbaycanda da koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Bu təhlükənin gücləndiyi bir şəraitdə dünya ölkələrinin bir çoxunda artıq fövqəladə vəziyyət elan olunub, ciddi məhdudlaşıdırıcı tədbirlər həyata keçirilir. Xəstəliyin ölkəmizdə yayılmaması üçün bütün lazımi tədbirlər görülüb, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, insanlara məcbur olmadıqca evdən çıxmamaq tövsiyə olunur. Dərslərin müvəqqəti dayandırılması səbəbilə universitetimizdə təhsilin davamlılığı onlayn formada təşkil olunub. 
Tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunmasıdır. Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il 18 mart tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkil edilməsi ilə bağlı "Microsoft Teams" platformasından istifadəni tövsiyə etmişdir. 
Karantin dövründə biz tələbələrin əvvəlkindən daha passiv bir həyat tərzinə keçdiyimizi nəzərə alsaq, bu dönəmdə onlayn dərslərin həm bizim fəallığımız, həm də tədris prosesinin davam etdirilməsi üçün nə qədər vacib olduğunu görürük. Onlayn dərslər başladıqdan sonra karantin rejimi həm əvvəlkindən daha rəngli, həm də daha produktivdir. Bu tətbiq vasitəsilə biz günümüz boş keçmir, vaxtımızı bizim üçün vacib olan təhsilə sərf edirik. Beləliklə psixoloji cəhətdən sağlam qalırıq və əvvəlki məşğuliyyətlərimizdən yadırğamırıq. Onlayn dərslərin aparılması eyni zamanda bizim üçün müasir texnologiyaların istifadəsi təcrübələrini mənimsəmək baxımından da əhəmiyyətlidir. 
Sosial izolyasiya dövründə doğma Universitetimizin həyatımızda nə qədər önəm kəsb etdiyini bir daha anlamış olduq. Bakı Dövlət Universiteti bizim ikinci evimiz, təhsil ocağımız və xoş xatirələrimizin yaşadığı bir məkandır. 
Bu günə qədər iştirak etdiyimiz bütün virtual dərslər çox səmərəli və maraqlı keçir. Onlayn dərslər doğma universitetimizə olan həsrətimizi soyutmasa da, hər halda evdə qalsaq da, universitetimizlə birgə olma duyğusu bizdə olduqca müsbət əhval-ruhiyyə yaradır. Bunda müəllimlərimizin rolunu və tələbə yoldaşlarımın diqqətini xüsusi qeyd etməliyəm. Onlayn dərslərin tətbiqinin qısa bir zamanda yüksək şəkildə təşkil etdiklərinə, biz tələbələri virtual da olsa, bir yerə, doğma universitetimizin dərslərində topladıqlarına görə Universitetin rəhbərliyinə minnətdarlığımı bildirirəm və bu dərslərdə birlikdə iştirak edən müəllimlərimizə və tələbə yoldaşlarıma uğurlar arzulayıram!
Bir tələbə kimi sosial özünütəcrid rejiminin əhalinin sağlamlığının qorunması üçün nə dərəcədə vacib olduğunu dərk edərək, bu mövzuda alınan bütün tədbirlərlə bağlı hamını diqqətli olmağa, tövsiyə olunan qaydalara riayət çağırıram. Mövcud vəziyyətdə dövlət orqanlarının və ictimaiyyətin bir-birinə qarşılıqlı dəstək olması  problemin aradan qaldırılmasına kömək edəcək. Hər bir vətəndaş məsuliyyətini dərk etməli və üzərinə düşən vəzifələri yerinə yetirməklə virusla mübarizəyə öz töhfəsini verməlidir.

 

Sizin Reklam Yeriniz