Əlaqə Arxiv
news Image
2020.04.28
08:18
| A A A
Azərbaycan pandemiya ilə mübarizədə qalib tərəfdir
Virusun qarşısının alınması sahəsində görülən tədbirlər uğurla nəticələnib

 

Azərbaycan hökuməti koronavirus pandemiyasının təsirlərinin azaldılması məqsədilə ayrılmış əsaslı maliyyə vəsaitlərinin düzgün istiqamətdə sərf olunmasını yüksək səviyyədə təşkil edərək mütəşəkkil bir fəaliyyət sərgiləyib. Dövlət qurumları və ictimaiyyət əlbir şəkildə  çalışaraq koronavirusun yayılması üzrə səhiyyə böhranının yaranmasına imkan verməyib. Bu ciddi nüansdır. Çünki Azərbaycanın səhiyyə sistemində xeyli vaxtdır gedən islahatlar, yenidənqurma və savadlı tibbi personalın komplektləşdirilməsi sayəsində bu gün ölkə beynəlxalq virus bəlasına qarşı müvazinətini qoruyub saxlayıb. Dövlət başçısınin sosial məsələlərin həllində prinsipiallıq göstərərək əhalinin sağlamlığı məsələsini önə çıxarması və bu işdə birliyin oynadığı rolun əhəmiyyəti barədə xalqa müraciəti cəmiyyətdə geniş əks-səda verib və ümumi mübarizənin konturlarını müəyyənləşdirib.

"Baxmayaraq ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır, biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə atmalıyıq. Bizim üçün prioritet məsələ dəfələrlə qeyd etdiyim kimi insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

Dövlət başçısı nazirlərlə videogörüşdə real vəziyyəti dəqiq təsvir edib: "Təbii ki, bu şəraitdə iqtisadi sahəyə daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir ki, əgər bizim güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik. Xüsusilə pandemiya dövründəki bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır".

Lakin bu dəhşətli bəla bütün ölkələrə yayılıb, dünya böyük sınaq qarşısındadır. Bu günə qədər 200 mindən çox insan həyatını itirib. 2,5 milyona yaxın insan isə viruisa yoluxub. Hələ nə qədər insan həyatını itirəcək, məlum deyil. Bu səbəblərdən pandemiya ilə mübarizənin təşkilindən çox şey asılıdır. Azərbaycanda əhalinin sağlamlığı məsələsi daim nəzarətdə olduğundan virusun mənbəyi respublikamızda yox idi. Yoluxanlar xaricdə olan və geri qayıdan vətəndaşların ünsiyyətri nəticəsində baş verib. Sonra zəncirvari reaksiya kimi yoluxma başlayıb. Virusun hələ epidemiya səviyyəsində yayıldığı dövrdə hökumət dərhal hərəkətə keçərək Prezidentin tapşırığı ilə Operativ Qərargah yaradıb. Bu məqsədlə bütün qurumlar öz sahələri üzrə əvvəl karantin, daha sonra isə xüsusi rejimli karantin tədbirləri görüb. Həmin tədbirlərlə əlaqədar işləməyən və buna görə də gəliri olmayan təbəqənin sosial təminatı üçün geniş sosial paket təqdim olunub. Dövlət bu tədbirlərin həyata keçirilməsinə kifayət qədər maliyyə vəsaiti ayırıb. Vəziyyət gərginləşdikcə mahiyyəti üzrə görülən tədbirlərin də əhatə dairəsi və maliyyəsi artıb. Əvvəlcə 1 milyard manat məbləğinə maliyyə sonra 2,5 milyard manata yüksəlib. Daha sonra bu məbləğin 3,5 milyard manatı ötəcəyi müəyyənləşib. Bu fakt iki məsələni təsdiqləyir: birincisi, ölkənin kifayət qədər maliyyə resursu var, ikincisi, dövlət öz vətəndaşlarının qayğısını dərindən çəkir.

Hökumətin gördüyü sərt və qabaqlayıcı tədbirlər nəticəsində dövlət qurumları vəziyyəti nəzarət altında saxlayır. Artıq gündəlik statistikanın təhlili göstərir ki, yoluxmalar azalır, sağalmalar isə artır.

Pandemiyadan dünyada ən az itki verən və əhalini qorumağı bacaran ölkələrdən biri məhz Azərbaycandır. Ölkə rəhbərinin bildirdiyi kimi, respublikamızda pandemiyanın az itki ilə müşahidə olunması vaxtında görülmüş qabaqlayıcı tədbirlərlə bağlıdır. Əgər məsələyə laqeyd yanaşılardısa, nəzarət zəif olardısa, o zaman, şübhəsiz ki, xəstələrin sayı da artardı. Amma inkişaf yolu keçən, müasir səhiyyə sisteminə malik ölkələrdən fərqli olaraq Azərbaycanda ilk vaxtlardan etibarən pandemiyanın sürətlə yayılmasına imkan verilmədi, yoluxma zəncirini qırmaqla xəstəliyin miqyasının genişlənməsinin qarşısı alındı. Burada təbii ki, Azərbaycan Prezidentinin uzaqgörən, çevik siyasəti, operativ qərarlar qəbul etməsi, eyni zamanda, xalq-iqtidar həmrəyliyi də önəmli rol oynadı. Xalqla birgə çalışan hökumət mübarizənin səmərəliliyini artırmaq üçün aztəminatlı ailələrin, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanların problemlərinin həllinin diqqət mərkəzində saxlayır.

Görülən tədbirlər əhali ilə dövlət strukturlarının birgə fəaliyyətinin təşkili kimi böyük maraq doğurur. Xalq tədbirlərin həyata keçirilməsində fəallıq göstərir. Bu da öz növbəsində xalq-iqtidar birliyinin yeni mərhələdə daha da möhkəmlənməısinə dəlalət edir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz