Əlaqə Arxiv
news Image
2020.08.06
09:30
| A A A
Xalqın hüznünü kommersiyalaşdırmaq heç bir meyara sığmır
Yas mərasimlərində ləng də olsa, yeni, səmərəli qaydalar yaranır


 

Xalqın bir məsəli var, deyir, “nəhs deməsən, xeyir gəlməz”. İndi fəlakətə çevrilmiş koronavirus pandemiyasının da nəhs tərəfləri ilə insanları zorən mənəvi dəyişikliklərə sövq etməsi, müəyyən mənada, cəmiyyətimizin xeyrinədir. Bu “xeyir” söhbətinə çox məsələləri aid etmək olar. Amma biz daha yaralı yerimiz olan yas mərasimlərinin təşkili məsələsinə toxunmaq istərdik.
Bəla burasındadır ki, müasir tendensiyalar fonunda həyatımız sürətlə kommersiyalaşır. Başqa sahələri qınamaq olmur, ancaq yas mərasimlərində bir qisim insanın kədəri üzərində pul qazanamaq vicdansızlıq göstəricisidir. Üstəgəl, bu fakt heç də ağıla dəlalət etmir və maymaqlıq əlamətidir. Yəni, dələduzlar hisslərdən istifadə edib vətəndaşın cibinə qanuni yolla girirlər. Din üləmalarının adına ehsan haqda bərbəzəkli fikirlər söyləyən işbazlar adətən öz niyyətlərinə nail olurlar. Nəyin hesabına? Mənəm-mənəmlik, mənasız özündənrazılıq və yas mərasimlərini “yeyib-içmək” məkanına çevirmiş müftəyeyənlərin tərifləri hesabına. Bəli, belə adamlar aramızda kifayət qədərdir. Harada otururlarsa, “filankəsin yas məclisində stolun üstündə quş südündən başqa hər şey var idi” cümlələri ilə ehsan ovlayırlar. Təkəbbürlülük isə.., bizim camaatda kifayət qədər yüksəkdir. Savadlı din xadimləri dəfələrlə bəyan və izah ediblər ki, müsəlmançılıqda ehsan-filan, bər-bəzək nəinki yoxdur, hətta haramdır. Amma işin kommersiya tərəfi insanları yoldan çıxarır və “küyə” gedirlər.
Bu nöqsanlara, ilk baxışda təəccüblü görünsə də, pandemiyaya görə tətbiq edilən sərt karantin rejimi güclü zərbə vurub. Koronavirusun müsbət tərəfi də budur. Bu yaxınlarda yas mərasimlərinin təşkilinə həsr olunan bir televerilişdə ziyalılardan biri öz yaşayış yeri üzrə Bakının qəsəbələrindən birində təziyə yerində ehsanın tamamilə yığışdırılmasından razılıq hissi ilə danışırdı. Yasda yalnız qənd və ya xurma ilə çay verilməsi qərara alınıb və bu qayda ciddiyyətlə qorunur. Çünki yas yiyəsinin xərcləri olduqca çox çıxır və bunun da üstünə ehsan xörəyini əlavə edəndə vurub çıxır kəlləçarxa. Bilirsiniz, bu ehsan və onun xüsusilə də dəbdəbəli olması heç bir məntiqə sığmır. Əvvələn, gələn şəxs ölü sahibinin kədərinə şərik olmağa gəlir, yoxsa iki-üç saat oturub şirniyyatla çay içib, üstündən də aş-qaralı plov yeməyə? Bunlar bir-birini inkar edən fərqli məziyyətlərdir. İkincisi də ki, yas yiyəsi bilmir ölən əzizinin kədər yükünü çəksin, dəfn xərclərini ödəsin, yoxsa gəlib-gedən qonaqların yeyib-içməyinin qayğısına qalsın. Diqqət etsəniz görərsiniz haram yolla pul qazananların süfrəsi daha zəngin və bahalı olur. Çünki bununla onlar sanki günahlarının yuyulacağını zənn edirlər. Amma elə deyil və tam əksinədir. Onlar bu əməlləri ilə günahlarını ikiqat artırırlar. Çünki İslamım Allah qarşısında bərabərlik haqqını tapdalamış olur, kasıb zümrənin qəlbinə imkansızlıq tənəsi vururlar.
Koronavirus pandemiyası qarşısında isə bu bərabərsizlik aradan qalxıb və demək olar ki, hamı eyni prosedurla dəfn ritualını həyata keçirir və bir neçə gün yas saxlayıb ehsan vermirlər.
Bəs nə etməli? Axı, bəzi adamlar var ki, deyir, “filankəs keçən il mənim filan qohumumun yasına mənə görə gəldi və hətta 100 manat da yardım etdi. İndi məm borcumu qaytarmalıyam. Çox gözəl! Özünü borclu sayan şəxs başqa bir yolla onu qaytara və ya yeni qaydaların sırasına vəfat edən şəxsin ailəsinə yardım üçün bank hesabının açılması da əlavə oluna bilər. Belə bir qayda kasıb, imkansız ailələrə ciddi yardım edilməsinə səbəb olar. Məsələn, ehsan vermədən yalnız dəfni həyata keçirmək üçün maksimum 1000 manat kifayətdir. Əgər qohum-qardaş, dost-tanış arasından 100-150 nəfər həmin hesaba çox yox, 10-ca manat pul köçürsə, onda dəfnin və qəbir üstünün xərci tamamilə ödənər. Bu, ölü sahibinə də, vəfat etmiş şəxsin xatirəsinə də dərin hörmət olar. Necə ki, Avropanın inkişaf etmiş ölkələrindən olan Fransada vəfat etmiş şəxsin evinin qarşısında, qapı ağzında içərisi şəffaf görünən şüşə qutu qoyulur və qutunun üzərində mərhumun ad-familiyası yazılır. İstəyən şəxs könüllü şəkildə 1-2 avrodan 5-10 avroya qədər həmin qutuya yardım pulu atar. Yaxşı qayda deyilmi?
Yox, ələ düşmüş fürsəti yelə vermək olmaz. Pandemiyaya görə yaranmış sərt karantin rejiminin formalaşdırdığı yeni dəfn mərasimi qaydalarını qoruyub saxlamaq olduqca vacibdir. Bu, həm də müasirlik timsalıdır. İşbazların uydurmalarına inanan vaxtımız deyil. Verilən rəylərdən görünür ki, xalq bu qaydaları bəyənir. Elə isə nəyi gözləyirik? Bu qaydalara nisbətən rəsmilik donu geydirilsə, yerinə düşər. Axı, cəmiyyət özbaşına qalanda fırıldaqçılar meydan sulayır! Gəlin, ehsan mafiyasını birdəfəlik yox edək!
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz