Əlaqə Arxiv
news Image
2020.08.08
07:39
| A A A
İstehsal prosesinin dirçəldilməsi zərurətə çevrilir
Sosial dəstək proqramları insanların iqtisadiyyatın bərpa prosesində yaxından iştirakını stimullaşdırır

 

Ölkəmizdə koronavirus pandemiyasının gətirdiyi gərginlik qədər hər hansı digər bir hadisəni indiki nəsil xatırlamır. Həm də bu gərginlik uzun müddətli oldu və bəla burasındadır ki, nə vaxt bitəcəyi də məlum deyil. Ancaq deyir, “elliklə gələn dərd-bəla toy-bayramdır”. Təbii ki, bu məsəldəki “bayram” sözü deyib-gülüb şənlənməyi yox, insanların birgə mübarizəsindən doğan təsəlli notlarını ehtiva edir. Ancaq artıq cəmiyyətimiz koronavirus pandemiyası şəraitində yaşam tərzinə xeyli dərəcədə alışıb və virusun bizimlə yanaşı addımlamasına, amma bizə sirayət etməməsi üçün müvafiq prosedurların yerinə yetirilməsinə vərdiş edib. Sözsüz ki, hökumətin gördüyü tədbirlər, dövlət başçısının mübarizəsi və səyi nəticəsində əhali bu mübarizədə uğurlar qazanıb.
Tədbirlər, mübarizə öz yerində, hər bir proqramın, fövqəladə vəziyyətin də müəyyən dövrü var. Həmin dövr bitəndən sonra normal həyata qayıtmaq vacibdir. Bunu həyat, davamlı inkişaf tələb edir. Heç kimin planlaşdırmadığı şəkildə koronavirus pandemiyası uzun çəkdi. Lakin cəmiyyətin  pandemiya səbri bitib. İqtisadi vəziyyət tələb edir ki, indiyə qədər itirilən bəsdir, bundan sonra da itirmək gələcək üçün təhlükəli ola bilər. Buna görə də istehsal prosesinin dirçəldilməsi vacibdir. Bununla yanaşı nə qədər ki, pandemiyadan əvvəlki vəziyyət bərpa olunmayıb, dövlətin əhaliyə, sahibkarlara dəstəyinin davam etməsi də vacibdir.
Ötən aylarda iş yerlərini itirmiş insanların yenidən məşğulluq fəaliyyətinə başlaması ilk atılan addımlardandır. Bu zümrəyə əhalinin ən aztəminatlı təbəqəsi aiddir. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə həmin zümrəyə avqust ayı üçün də dövlətin sosial dəstək göstərməsi qərara alınıb. İndiyə qədər 1 milyon 600 min insana aprel, may, iyun aylarının hər birində 190 manat vəsait ödənilib. Avqust ayı üçün isə sərt karantin rejiminin davam etdiyi 13 şəhər və rayonda bu dəstək yerinə yetiriləcək. Eyni zamanda avqust ayından etibarən vaxtı çatmış yumşalmalar hesabına əksər xidmət sahələrində fəaliyyət bərpa olunub və hər bir şəxs gündəlik qazancını bərpa etmək yoluna çıxıb. 
Prinsipcə, iqtisadi bərpaetmə prosesi başlayıb və fərəhləndirici faktor odur ki, insanların nə qədər çətinliyə düçar olsalar da, sınmayıblar. Əvvəlki şövq və enerji ilə fəaliyyətə başlayıblar. Bu çox mühüm şərtdir. Çünki, cəmiyyətin pandemiya üzərində qələbəsini ehtiva edir.
Dövlətimizin sosial mahiyyət daşıması bu dövrdə öz üstünlüyünü bir daha təsdiq edib. Belə ki, pandemiyanın fəsadlaraına baxmayaraq bir dənə də olsun sosial proqram ləğv edilməyib, əksinə əvvəlki templə iş davam etdirilib. Məsələn, ünvanlı sosial yardım proqramına əlavə olaraq 14 min ailə cəlb edilib. Bu, 58 min nəfər deməkdir. İmkansız ailələrin mənzil və avtomobillə təminatı məsələsi də gündəmdən düşməyib. Son altı ayda dövlət tərəfindən 554 mənzil vətəndaşlara pulsuz təhvil verilib. Onların arasında şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üstünlük təşkil edir. Pandemiya dövründə 100 min ailəyə iki dəfə olmaqla ərzaq yardımı verilib. Əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr, aztəminatlı digər kateqoriyadan olan insanlar bu yardımdan faydalanıblar.
Pandemiya dövrünün ən önəmli tədbirlərindən biri işsiz və qeyri-formal işləyən şəxslər üçün xüsusi olaraq yaradılan haqqıödənilən ictimai işlər proqramıdır. Bu proqram üzrə iş yerlərinin sayı 90 minə qədər artırılıb. Bunlardan 38 mini davamlı iş yerlərinə çevrilib, 52 mini isə ikiaylıq müddət üçün nəzərdə tutulub. Davamlı iş yerlərinin 95 faizi, ikiaylıq iş yerlərinin isə 50 faizi tam komplektləşdirilib. Bununla yanaşı özünüməşğulluq proqramı da genişləndirilib. Bir sıra ictimai təşkilatlar, fondlar, beynəlxalq təşkilatlar və yerli banklar bu proqrama qoşulublar. Dövlət qurumlarından İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN xidmət”in yanında ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi kiçik və mikrosahibkarlığın, əhalinin məşğulluğunun təşkil edilməsi baxımından bu proqramda fəallıq göstəriblər.
Pandemiya dövründə vəziyyət nə qədər şətinləşsə də, bütün bu tədbirlər sayəsində özək qorunub saxlanılıb və hətta müəyyən mənada inkişaf etdirilib. İnsanlar gələcəyə ümidlə baxıblar. İndiki bərpa dövründə isə həmin adamların əksəriyyəti özünəməşğulluq dairəsindən sahibkarlıq fəaliyyətinə keçmək üçün yaxşı təcrübə və dəstək qazanıblar. Bu da iqtisadi fəallığın sürətlə bərpa olunmasına kömək edəcək.
N.NOVRUZ  

Sizin Reklam Yeriniz