Əlaqə Arxiv
news Image
2020.08.12
09:30
| A A A
Səhiyyəmizin imkanları və nöqsanları
Maliyyə çox şeyi həll etsə də, hər şeyə gücü çatmır

Bu  ilin dövlət büdcəsində sosial xərclər əvvəlki ilə nisbətən 8 faizdən çox artırılaraq 38,6 faizə çatdırılıb. Bu, müstəqillik tariximizdə ən yüksək sosial yönümlü büdcədir. Büdcə xərclərinin böyük bir hissəsi səhiyyə xərclərinə ayrılıb. Səhiyyə xərcləri də ötən ilə nisbətən 340 milyon manat, yaxud 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir. Təbii ki, maliyyə artdıqca tibbi xidmətlərin keyfiyyəti də yaxşılaşır. Düzdür, koronavirus pandemiyası ilə əlaqədar bu istiqamətdə görülən işlərin xarakterində bir sıra dəyişikliklər edildi, pandemiya səbəbincə əhaliyə “hücum” çəkən fəlakətin qarşılanması üçün dövlət xeyli əlavə vəsait ayırdı, təcili tədbirlər görüldü. Müvafiq nəticə də əldə edildi: pandemiya dövrünü Azərbaycan ən az itki verən ölkələr sırasında başa vurmaq üzrədir.
Bu işdə ölkənin siyasi rəhbərliyi, hökumət bütün təşkilati məsələləri yüksək səviyyədə görməyi bacardı. Respublikanın xəstəxana fondu sürətlə genişləndirildi, yeni klinikalarlıa yanaşı modul tipli xəstəxanalar şəbəkəsi genişləndi. Hazırda ölkədəki xəstəxanaların 46-sı yalnız koronavirus xəstələrinə xidmət göstərir. Bu  xəstəxanaların 41-i son 17 ildə tikilib və ya əsaslı təmir edilib. Hamısı da müasir avadanlıqlarla təchiz olunub.
Bunlar hamısı gözəldir, dövlətin xalqın sağlamlığı keçiyində duması haqda əyani təsəvvürlərdir. İş davam edir və Azərbaycan vətəndaşını gələcəkdə daha uğurlu və qayğıkeş səhiyyə xidməti gözləyir. Ancaq bütün bunlarla yanaşı nöqsanlar da kifayət qədərdir və əhalini narazı salan bu nöqsanların bir qismi heç də maliyyə ilə bağlı deyil.
Hazırda koronavirusla mübarizə üçün Azərbaycana bir neçə ölkədən həkim briqadaları dəvət olunub və həmin mütəxəssislər bilavasitə müalicə ocaqlarında bizim həkimlərə məsləhətlər verirlər. Demək, bizdə ixtisaslı tibb kadrları sahəsində problem var. Bu, yeni bəla deyil və həmişə aktuallıq kəsb edib.  
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu gün ölkəmizdə əhalinin hər 10 min nəfərinə 33 həkim, 54 orta tibb işçisi və 45 çarpayı düşür. 2013-cü ildə isə Azərbaycanda əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 63 orta tibb işçisi düşürdü. Qəribədir, hər il yeni xəstəxanalar açılır, müalicə müəssisələri işə salınır. Şübhəsiz ki, bu tibb ocaqlarında həkimlər çalışır, yəni onlara ciddi ehtiyac var, hesabla sayları artır. Amma, sanki məntiq tərsinə işləyir və əhaliyə xidmət göstərənlərin sayı azalır. Bundan isə vətəndaşlar əziyyət çəkir. Digər müəmma isə ondan ibarətdir ki, tibb sahəsinə meyil edənlərin də sayı artır və kadr hazırlığı əvvəlki axarı ilə gedir. Lakin məsələnin digər vacib bir məqamı var ki, bu, tibb kadrlarının hazırlanmasında məsuliyyətin artırılmasına bağlıdır. Hər diplom alan tələb həkim işləyə bilmir, bu bir, hər həkim işləmək hüququ olan məzun müvafiq iş tapmaqda çətinlik çəkir. Əhali isə artır və həkimlərə tələbat da çoxalır. Bu, hamının görə bildiyi əyani problemdir. Ancaq Səhiyyə Nazirliyi sanki bunları görmür və çox güman ki, görmək istəmir.
Bunlar bir yana, ən böyük problemlərdən biri səhiyyənin müxtəlif sahələrində işbazların meydan sulamasına bağlıdır. Belə ki, dərman mafiyası əhalinin, daha doğrusu, pasiyentlərin “başına oyun açır”. Bu yaxınlarda sosial şəbəkələrdə bir xəstə qadın video paylaşaraq insanları gözləyən təhlükə haqda həyəcan siqnalı verirdi. Demək, bu qadın xəstəliyi ilə bağlı həkimin yazdığı dərmanı bir neçə kurs qəbul edir, amma heç bir xeyri olmur. Növbəti dəfə başqa bir həkimə müraciət edəndə ondan soruşulur ki, dərmanı hansı qiymətə alıb. Cavabı eşidəndə həkim məsləhət görür ki, dərmanın bir tabletini açıb yoxlasın. Qadın plastik həbi açanda məlum olur ki, həbin içərisi boşdur. Demək, bu yazıq qadın havayı yerə həmin dərmanı qəbul edirmiş. Pasiyentin Azərbaycanda aldığı həmin preparatın qiyməti başqa ölkədə iki dəfə bahadır. Bu o deməkdir ki, dərman dəllalı preparatı istehsal edənlərlə əlaqəyə girib, üstü yazılı boş həbləri su qiymətinə alır və od qiymətinə xəstəyə sırıyır. Bu, cinayətdir, amma Azərbaycanda geniş yayılan əməldir. Bu cür cinayətlərə görə həkimlərə inam azalır, xidmətin səviyyəsi sıfırlanır və dövlətin sağlamlıq üzrə strateji siyasətinə zərbə vurulur. Belə faktların sayını kifayət qədər artırmaq olar.
Faktlardan göründüyü kimi, səhiyyə sahəsində maliyyə heç də əsas rol oynamır. Həkimlərin, əczaçıların mənəvi aləmi eyni dərəcədə vacib və təsirli rol oynayır.
Azərbaycan səhiyyəsinin ayağından çəkən bu tip amillərdən yaxa qurtarmayınca, bizim səhiyyəmizin dünya standartıarına cavab verməsi gecikəcək, dövlətin pulları göyə sovrulacaq, əhalinin sağlamlıq göstəriciləri isə kağız üzərində əks olunacaq.
N.NOVRUZ   

 

Sizin Reklam Yeriniz