Əlaqə Arxiv
news Image
2020.08.12
08:37
| A A A
Toyların keçrilməsinə icazə veriləcək, amma..
Azər Allahverənov: “Pandemiya bütün sahələrdə dəyişikliyə səbəb olduğu kimi, toy şənliklərinin keçirilməsinə də öz təsirini göstərməkdədir”


Belə fikirlər səslənir ki, karantin davranışlarına ciddi əməl olunması şərtilə toyların keçirilməsinə icazə verilə bilər. Qeyd edək ki, karantin rejimi elan edilən andan, yəni mart ayından etibarın ölkədə toyların, digər kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir.  Amma son zamanlar Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin azalması fonunda fikirlər səslənir ki, davranış qaydalarına riayət edilməsi fonunda artıq toylara qoyulan qadağa götürülə bilər. Bir çox insanlar prosesin indiki kimi davam edəcəyi təqdirdə Məhərrəm ayından sonra toyların keçirilməsinə icazə veriləcəyini bildirir.
Qeyd edək ki, ölkəmizdə Məhərrəm ayının ilk günü  avqustun 21-nə təsadüf edir. Aşura günü isə avqustun 30-da qeyd olunacaq. Məhərrəm ayından sonra gələn Səfər ayı isə oktyabrın 17-də bitəcək. Bu fonda da səslənən fikrlərə görə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq. Hətta bir sıra insanlar açıq havada toy şənliklərinin keçirilməsi mümkünlüyündən danışırlar. Aydın məsələdir ki, övladlarının xeyir işinə hazırlaşan bir çox ailələr toy mərasimlərinin keçirilməsinə icazə verilməsini səbirsizliklə gözləyirlər. 
Xatırladaq ki, son zamanlar ölkəmizdə müşahidə edilən virusa yoluxma hallarının azalmasında başqa amillərlə yanaşı, kütləvi məkanlarda insanların toplaşmasına qoyulan qadağalar da öz təsirini göstərib. Belə olan halda, toylara qoyulan qadağa götürülə bilərmi? Toyların keçirilməsi mümkündürmü?
İctimai xadim Azər Allahverənov toyların keçirilməsinə yaxış işıq yandırılması barədə düşünməyin hələlik tez olduğu qənaətindədir: “Operativ Qərargahın adətən bütün verdiyi qərarlar müvafiq sahələr üzrə işçi qrupları tərəfindən dəyərləndirilərək və onların  verdiyi qərarlar əsasında verilir. İndiki halda Operativ Qərargah toyların keçirilməsilə bağlı məhdudiyyətlər tətbiq edibsə, deməli belə addımın atılmasının müəyyən əsasları vardır.  Qurum məhz prosesi izləməklə, dediyim kimi, müvafiq sahə üzrə işçi qrupu ilə məsləhətləşməklə  bu qərara gəlib. Qapalı məkanlarda keçirilən tədbirlərlə bağlı məhdudiyyətlər mövcuddur.  Bir sıra hallarda belə məkanlarda ancaq az miqdarda adamın iştirakı ilə tədbirlər  keçirilə bilər.  Yəni qapalı məkanlarda ancaq 5-10 nəfərin iştirakının mümkünlüyü məsələsi var. Nəticə etibarı ilə həmin məhdudiyyətləri nəzərə alaraq deyə bilərik ki, toyların keçirilməsinə yaşıl işıq yandırılması hələlik mümkün deyil.  
Qapalı məkanlarda insanlar özlərini sosial məsafəni saxlamaqla, qoruyucu vasitələr, maska taxılmaqla qorumalıdırlar.  Belə olan halda, aydın məsələdir ki, toy məclisinin keçirildiyi şəraitdə sosial məsafəni qoruyub saxlamaq  heç bir halda mümkün deyil. Ona görə də düşünürəm ki, bu istiqamətdə hələlik müsbət qərar verməyə ehtiyac yoxdur. Ölkədə nisbətən yumşalmalar var.  Ancaq bu yumşalmalar hələlik o səviyyədə deyil ki, toylrın da fəaliyyətinə icazə verilsin. Yoluxma halı gələcəkdə minimuma düşərsə, hər hansı bir təhlükə olmazsa, belə olan təqdirdə Operativ Qərargah kütləvi tədbirlərin keçirilməsilə bağlı fəaliyyətə müsbət cavab verə  və həmin tədbir zamanı  əməl edilməsi vacib olan qaydaları da müəyyən edə bilər. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda, hətta nəzəri cəhətdən yaxın bir neçə ay ərzində toyların keçirilməsinə icazə verilərsə belə, bu halda toyların formatında ciddi dəyişikliklər olacağını indidən söyləyə bilərik.  Bu format sayla, sosial məsafənin gözlənilməsilə bağlı ola  bilər, həm də toyun məzmununa da təsir edə bilər. Bunlar gözləniləndir.  Ancaq bu gözləntilərin hansı formada həyata keçib-keçməyəcəyi təbii ki, Operativ Qərargahın müəyən etdiyi qaydalar çərçivəsində olacaq.  Hələliksə, bu məsələ birmənalı qarşılanmadığından vahid qərar da yoxdur.  Amma ölkənin müxtəlif yerlərində toyu gözləmədən nikaha daxil olaraq ailə quranlar da var. Bu da artıq yeni  toylara münasibətdə yeni yanaşmanın təzahürüdür.  Belədə, pandemiya  bütün sahələrdə dəyişikliyə səbəb olduğu kimi, toy şənliklərinin keçirilməsinə də öz təsirini göstərməkdədir”. 
R. SOLTANOV

Sizin Reklam Yeriniz