Əlaqə Arxiv
news Image
2020.08.17
11:05
| A A A
Bakı Ali Neft Məktəbinin tələbələri qlobal yarışmanın milli finalçıları oldu

Bakı Ali Neft Məktəbinin tələbələri qlobal “ClimateLaunchPad” yarışmasının milli finalçıları oldu.

Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələrinin (Aytən Sədirova, Ağamirzə Fətəliyev, Gülay Əkbərova, Fazil Məmmədli) “Escanergy" layihəsi 10 yerli layihə arasından 2-ci yerə layiq görülüb. Bununla da onlar yarışmanın beynəlxalq Finalında iştirak hüququ qazanıblar.

“Escanergy" layihəsi eskalatorlarda istifadə olunan enerjinin azaldılmasını təmin edir. Cihaz 3 çarxdan ibarət sistemdir və 2 paralel yerləşmiş və əks istiqamətlərdə hərəkət edən eskalatorları birləşdirir. Cihazın iş prinsipi tərpənməz blok sisteminə əsaslanır və eskalatorların birindəki sərnişin kütləsindən alınan enerji hesabına digər eskalatoru hərəkətə gətirir.

Dünyanın ən böyük "Cleantech" - təmiz texnologiya akselerasiyası olan “ClimateLaunchpad” proqramı 50-dən çox ölkədə fəaliyyət göstərir və bu il yarışmada 2 000-dən çox startapçı iştirak edir.

Proqram özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə startaplara və ideya müəlliflərinə yeni imkanlar açır.

Avropa Birliyinin maliyyə vəsaiti ilə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən “ClimateLaunchpad”-ın Azərbaycandakı əsas təşkilatçısı və rəsmi tərəfdaşı Sil. Sosial İnnovasiya Laboratoriyasıdır.

Dünya finalında hər iştirakçı ölkədən seçilmiş komandalar Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcək.

Böyük Finalın qalibi 10 000 avro, ikinci yerin sahibi 5 000 avro, üçüncü yer tutan komanda isə 2 500 avro pul mükafatı qazanacaq.

Eyni zamanda, ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95 000 avro maliyyə dəstəyi verilir.

Sizin Reklam Yeriniz