Emin İbrahimov: "Belə problemlərin yaranmaması üçün küçələr, yollar salınarkən, binalar tikilərkən İcra Hakimiyyətinin əhali ilə məsləhətləşməsi vacibdir"
Aparılan hesablamalara görə, Azərbaycanda qeydiyyata alınan avtomobillərin sayı artıq 1,2 milyonu keçib. Bu sayda avtomobilin təxminən 800 mini paytaxt Bakının ərazisindədir. Belə vəziyyət isə paytaxtda dərinləşməkdə olan tıxac probleminin əsas səbəbləri sırasında yer alır. Bu gedişlə tıxac probleminin daha da böyüməsi gözlənir.
Məsələ ilə bağlı "MBA LTD" şirkətinin rəhbəri, iqtisadçı-ekspert Nüsrət İbrahimov Mövqe.az-a açıqlamasında son illərdə Azərbaycanda avtomobil sayının həqiqətən də xeyli artdığını deyib: "Doğrudur, avtomobillərin sayının artması tıxacları yaradan səbəblərdən biridir. Lakin tıxac problemini həll etmək üçün iqtisadi cəhətdən bir tədbir həyata keçirilməsinə ehtiyac yoxdur. Bu gün tıxac problemini həll etmək üçün görülən tədbirlər yetəri qədərdir. Azərbaycanda yeni körpülər salınır, yeralti və yerüstü keçidlər tikilir. Bundan başqa küçələr genişləndirilir və ya yeni avtomobil dayanacaqları tikilir. Yəni, bu istiqamətdə kifayət qədər işlər aparılır. Amma bu işlərin sürəti təbii ki, bu gün avtomobillərin artım tempinə uyğun gəlmir. Bununla belə, insanların avtomobil almasının qarşısını almaq olmaz. Zaman keçdikcə yəqin ki, bu məsələlər öz həllini tapacaq. Mən belə düşünürəm ki, tıxacların yaranmasının qarşısını yalnız bu sahədə görülən tədbirləri, yəni dayanacaqların tikilməsi, yolların genışləndirilməsi, keçidlərin salınması və s. işləri sürətləndirməklə almaq olar. Yəqin ki, yaxın 5-6 ildə belə problemlər öz həllini tapacaq ".
Memar Emin İbrahimov isə Mövqe.az-a açıqlamasında Bakıda tıxacların yaranmasının səbəbinin küçələrin, yolların ölçüsünün demoqrafik normalara uyğun salınmamasında gördüyünü bildirir: "Gərək yollar salınarkən qanunlara, sivil normalara baxaraq işləsinlər. Demoqrafik normalar var, bunlara riayət olunmalıdır. Bu normalara əsasən bilinməlidir ki, küçələrin, yolların eni, uzunluğu nə qədər olmalıdır. Buna infostruktura deyirlər ".
Memar vahid Baş Planının hazırlanmasını da vacib sayır: " Gərək Bakı şəhər İcra Hakimiyyəti Baş Plan hazırlanması üçün sifariş versin. 1850-ci ildən bu günə kimi Bakıda 30-35 baş plan olub. Amma təəssüflər olsun ki, axrıncı baş plan 1978-ci ildən 2005-ci ilə kimi mərhələ-mərhələ işləndi. İndi isə işlənmir. Baş plana əsasən harda nə tikiləcəyinə qərar verilməlidir. Düzdür, bu gün Bakıda hörmətli Prezidentimizin qərarı ilə gözəl, yaraşıqlı binalar tikilir. Buna Flame Tower, Srystal Hall və s. kimi binaların möhtəşimliyini misal göstərmək olar. Amma buna baxmayaraq lazımsız yerə çoxlu sayda göydələnlər də ucaldılır. Binaları tikəndə də küçənin, yolun çox hissəsini tuturlar. Küçələr belə səbəblərdən maşınlarla dolur. İkinci məsələ odur ki, gərək Bakının mərkəzində tikintilər aparılmasın. Bu gün şəhərdən çıxmaq çox rahatdır. Məsələn "Koroğlu" metrostansiyasının yanından hava limanına tərəf, Xırdalandan Şamaxıya tərəf və s. Amma bu şəhərin mərkəzindən bu dövriyyə, tıxacları yığışdırmaq qeyri-mümkündür".
Memar belə problemlərin yaranmaması üçün küçələr, yollar salınarkən, binalar tikilərkən İcra Hakimiyyətinin əhali ilə məsləhətləşməli olduğunu da deyib: "Bugünkü vəziyyətlə bağlı gərək bizim bütün mühəndislər, ən vacibi isə, sakinlər məsləhət versinlər. Bu gün Bakının mərkəzi çox kiçik bir ərazidir. Əvvəllər küçədə üzü yuxarı qalxanda hər yerdən dənizi görmək mümkün idi. Bu gün bu mümkün deyil. Gərək dövlət məmurları birləşib bu haqda qərar qəbul etsinlər. Sovet vaxtında ola bilməzdi ki, İcra Hakimiyyətinin başçısı millətlə görüşməsin. Əvvəllər hamı bilirdi ki, İcra Hakimiyyətində kim nəyə cavabdehdir. Biri suya, biri qaza, biri rabitəyə və s. İndi isə heç kim bilmir ki, icra hakimiyyətini nəzdində kim nəyə cavabdehdir. İndi qaz idarəsi ayrıdır, su idarəsi ayrı və s. Əvvəllər vahid Bakı idarəsi var idi. Hamısı da ona tabe idi. Əvvəllər icra hakimiyyətində deputatlar var idi. Onlar əhaliylə birlikdə oturub problemləri birlikdə həll edirdilər. İndi də bu yoldan istifadə etməklə belə problemlərin yaranmasının qarşısını almaq olar ".