Əlaqə Arxiv
news Image
2020.08.26
20:24
| A A A
“Bakı-Baku.az” saytının onlayn formatda təqdimatı keçirilib
“Bakı-Baku.az” saytının onlayn formatda təqdimatı keçirilib

Avqustun 26-da “Bakı” və “Baku” qəzetlərinin Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə yaradılmış elektron versiyası - “Bakı-Baku.az” saytının onlayn formatda təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Mətbuat Şurasının sədri Ə.Amaşov, BDU-nun professoru C.Məmmədli, şəhər qəzetlərinin baş redaktoru A.Hüseynov, BAMF-ın rəhbəri U.Rəhimoğlu, “İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə və başqaları tədbirdə çıxış edərək “Bakı” və “Baku” qəzetlərinin qurucusu və redaktoru, Azərbaycanın görkəmli jurnalisti, publisisti, sözün əsl mənasında, böyük ziyalısı, professor Nəsir İmanquliyevin milli mətbuatımızın tarixindəki yeri və rolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, Nəsir müəllim hər iki nəşri peşəkar və prinsipial jurnalistika məktəbinə çevirmişdi. O məktəbin müdavimləri sırasında Azərbaycanın ictimai rəyində öz imzaları, dəst-xətləri ilə seçilən insanlar bu gün də var.

“Bakı-Baku.az” saytının redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli Nəsir İmanqulieyin zəngin mənəvi və mətbu irsin yaşadılmasına verilən dəyərə görə tədbirin iştirakçılarına təşəkkürünü bildirib. O, 30 illik fasilədən sonra bu irsin müasir dövrün tələblərinə uyğun olaraq onlayn versiyada davamının əhəmiyyətini vurğulayaraq deyib: “Ümidvaram və inanıram ki, “Bakı-Baku.az” saytı onlayn media orqanları sırasında öz layiqli yerini tutacaq, nümunəvi fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin dəqiq, qərəzsiz, düşündürücülük baxımından peşəkar nümunələrlə təminatında sözünü deyəcəkdir”.

Tədbirdə saytın yaradıcılıq və texniki baxımdan təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib.

Sizin Reklam Yeriniz