Əlaqə Arxiv
news Image
2020.09.23
08:35
| A A A
COVİD-19-la mübarizədə Azərbaycan ön sıradadır
Pandemiyaya qarşı əsaslı duruş gətirənlər sırasında ölkəmizin də adı yer alır

 

BMT tribunasından Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərdən biri də dünya fəlakəti adlandırılan koronavirus pandemiyası ilə bağlıdır. “Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib” – deyə, dövlət başçısı görülən işlər nəticəsində yaranan hazırkı durumu belə xarakterizə edib.

Lakin görüləntədbirlərə baxmayaraq, pandemiyanın mənfi nəticələri cəmiyyətdə hiss olunub. Bu kimi təsirlərin dərinləşməməsi üçün Azərbaycan hökuməti qabaqlayıcı tədbirlər görüb və bu cəmiyyətin və həyatın bütün sahələrinin sosial mənafeyinin qorunmasına, ölkənin iqtisadi inkişafının saxlanmasına yönəlib. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.

Hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib. Müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi cəlb olunub. Əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilən digər işçilərin gəlirlərinin davamlılığı təmin edilir. Pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib, bu məsələyə gündəlik nəzarət edilir.

Qeyri-dövlət sektorunda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin sayının artması işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində əmək müqavilələrinin sayında 100 minə qədər artım olub.

Koronavirus pandemiyasının təsirləri və iqtisadi fəallığın azaldılması ilə müşayiət olunan iqtisadi durğunluq xüsusilə yerli sahibkarlığa və özəl sektora ciddi təsir göstərib. Bu təsirlərin minimallaşdırılması və sahibkarların çətin durumda dəstəklənməsi məqsədilə mühüm addımlar atılır. Bu, ilk növbədə, sahibkarlara ilkin mərhələdə maliyyə dəstəyinin göstərilməsi, habelə onların orta müddətli perspektivdə fəaliyyətinin dəstəklənməsi məqsədilə kredit resurslarına asan çıxışının təmin edilməsi və vergi yükünün azaldılması kimi mühüm istiqamətləri əhatə edir. Əsasən İqtisadiyyat Nazirliyi tərəfindən reallaşdırılan proqramlar sahibkarlar üçün geniş dəstək mexanizmini əhatə edir.

Bununla yanaşı, koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstərilib. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan 300 min muzdlu işçinin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən bir neçə yüz  milyon manat maliyyə dəstəyi göstərilib. Həmçinin COVID-19 pandemiyasının zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin reallaşıb.

Sahibkarların fəaliyyətinin dəstəklənməsi üçün əsas alətlərdən biri onların kredit resurslarına çıxış imkanlarıdır. Əlverişli kredit şərtləri yeni istehsal növlərinin yaradılmasına və inkişafına təkan verir. Sahibkarlar üçün dəstək mexanizmlərinin davamı olaraq ölkədə sahibkarların güzəştli kreditlərə çıxış imkanları yaradılıb. Bu  məqsədlə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məs; çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılması və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilməsi pandemiya dövründə sahibkarlar üçün əsaslı dəstək oldu.

Bundan başqa, sahibkarlara veriləcək yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi kimi yeni mexanizmlər də işə salındı.

Belə ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən yeni verilən 500 milyon manat kredit portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-nin dövlət tərəfindən maliyyələşdirilməsi müəyyənləşdirilib. Bu mexanizm müddəti 3 ildən, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir.

Göründüyü kimi, özəl sektora bütün imkanları səfərbər edərək diqqət yetirən hökumətin tədbirləri faydasını verib və ölkəımizin itkiləri minimum səviyyədə olub.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz