Əlaqə Arxiv
news Image
2020.10.22
11:00
| A A A
Ana yurdum Azərbaycan!


Bizim doğma vətənimiz Azərbaycandır. Biz bu ölkənin vətəndaşıyıq, bu diyarda doğulub boya-başa çatmışıq. Bizim ata ocağımız, elimiz, obamız, məskənimiz Azərbaycandır.
      Azərbaycan bizə ulu babalarımızın müqəddəs əmanəti, ərməğanıdır. Bu torpağın hər qarışı yağı düşmənlərə qarşı ölüm-dirim çarpışmalarında şəhid düşmüş ata-babalarımızın qanından yoğrulmuşdur. Əsrlər boyu yağılar doğma yurdumuzun barlı-bəhrəli torpaqlarına, tükənməyən sərvətlərinə göz dikib, tamah salıblar. Vətənimizin başı bəlalar çəkib.Ancaq igid, yenilməz oğullarımız sipər olub düşmənə öz cəsarəti ilə, qüdrəti ilə. Çox «mənəm-mənəm » deyən hökmdarlar hücum edib bu torpağa, axırda da qan içməkdən doymayan başlarını qoyublar bu torpaqda. 
  Bu torpaq  dara düşəndə özünün igidlərinə, qəhrəmanlarına arxalanıb. O igidlərə ki, o qəhrəmanlara ki, Vətən köməyə çağıranda dərhal silaha sarılaraq Vətənin keşiyində durur.
          Qarabağ müharibəsi onu göstərir ki, vətənimiz Azərbaycanda indi də igid oğullar, qeyrətli qızlar yetərincədir. Vətənin çağırışı, ürəklərinin hökmü ilə döyüşə atılan bu vətən övladları doğma yurd, doğma torpaq uğrunda canlarından belə keçməyə çəkinmədilər. Düşmənin gözünə dik baxan bu qəhrəmanlar şəhidlik zirvəsinə yüksələrək ölməzliyə qovuşdular. Vətənin şərəfi də, şöhrəti də məhz belə oğullar, belə qəhrəmanlardır.
      Ali Baş Komandanımız günü-günü gündən işğal altında olan torpaqlarımızın azad olunması xəbərini açıqlayaraq bütün xalqını sevindirir. Zəngilan şəhərinin və bir sıra kəndlərin azad olunmasını deyən Prezidentimiz sevincimizə yenidən sevinc qatdı. 
  Heç bir qüvvə bizə mane ola bilməz! Azərbaycan xalqı öz  Şanlı Ordusuna güvənir. Bizim arzumuz Şuşamıza bayraq sancmamızdır və tezliklə bu arzumuz gerçəkləşəcək.  Ali Baş Komandanımızın göstərdiyi səylər və uğurlu addımları nəticəsində  Qarabağın hər bir qarış torpağı düşmən tapdağı altından azad edilir və ediləcək. Vətən uğrunda şəhid olmuş bütün oğul-qızlarımızın ruhu şad olacaq!
Hüseynli Elşən  
Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi 
 

Sizin Reklam Yeriniz