Əlaqə Arxiv
news Image
2020.10.30
09:36
| A A A
Əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasının aktual aspektləri müzakirə olunub
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" ictimai birliyinin təşkilatçılığı ilə "Əcnəbilərin cəmiyyətə inteqrasiyasının aktual aspektləri" mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan "Pandemiya şəraitində ölkə ərazisində qalan əcnəbilərə hüquqi yardımların göstərilməsi" layihəsi çərçivəsində keçirilib. Əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasının müxtəlif aspektlərinə nəzər salan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov qeyd edib ki, əcnəbilərin inteqrasiyası ilə bağlı həyata keçirilən siyasətin effektivliyi bu prosesdə birbaşa iştirak edən dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq əlaqələrinin təkmil qurulmasından, bu müstəvidə təmsil olunan maraqlı tərəflərin razılaşdırılmış şəkildə icra etdikləri fəaliyyətlərin geniş və əhatəli olmasından, hədəf qruplarının həmin prosesə fəal surətdə cəlb edilməsindən və digər amillərdən asılıdır. Xüsusilə vurğulanıb ki, həmin fəaliyyətlər vahid strategiya əsasında icra edilməli, həm inteqrasiya proqramlarının əsas iştirakçılarının, həm də bu sahədə müəyyən olunmuş dövlət maraqlarına cavab verməlidir. "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" ictimai birliyinin təsisçisi və layihə rəhbəri Kəmalə Məmmədova layihənin icra qrupuna miqrantlar tərəfindən edilən müraciətlərin spesifik aspektləri barədə danışıb. Layihə rəhbəri qeyd edib ki, pandemiya səbəbindən ölkə ərazisində qalan əcnəbiləri xüsusilə maraqlandıran məsələlər onların istifadəsi üçün nəzərdə tutulan elektron resursların əlçatanlığı ilə bağlıdır. Bu baxımdan hazırda ölkə ərazisində olan miqrant qruplarının elektron resurslardan daha geniş şəkildə istifadə etməsi şəraitin yaradılması günün tələblərinə cavab verir və bu sahədə bacarıqların artırılması məqsədilə həmin şəxslər arasında məlumatlandırma işlərinin aparılması zəruri edir. Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini Kəyan Hacıyev bildirib ki, miqrasiya qanunvericiliyində Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması ilə bağlı bir sıra müddəalar var. Belə ki, Miqrasiya Məcəlləsinin 77-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirlər onların öz arzusu ilə həyata keçirilir və müvafiq icra hakimiyyəti orqanları ilə birgə bu istiqamətdə icra olunan tədbirlər Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilir. Bundan başqa hazırda əcnəbilərin inteqrasiyasını özündə ehtiva edən digər vacib sənədlərin, həmçinin təklif və tövsiyələrin hazırlanması ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri işlər aparılır. Müzakirədə fəal iştirak edən Bandırma Onyedi Eylül Universitetinin (Türkiyə Respublikası) magistrantı Yadigar Nağıyev və Amerika Universitetinin (ABŞ) tədqiqatçısı Rafiq Qurbanzadə şəxsi təcrübələrindən irəli gələrək məskunlaşdıqları ölkələrdə əcnəbilərin inteqrasiyası barədə məlumat veriblər və bildiriblər ki, əcnəbilərin, xüsusilə tələbələrin və tədqiqatçıların olduqları ölkələrdə məşğulluq imkanlarının artırılması olduqca vacibdir. "Hüquqi Təhlil və Araşdırmalar" ictimai birliyinin sədri Ramil İsgəndərli Almaniyada təhsil alarkən həmin ölkədə əcnəbilərin inteqrasiyası ilə bağlı görülən işlər barədə danışıb və həmin yanaşmanın Azərbaycan üçün məqbul sayılan komponentlərinə toxunub. Müzakirə iştirakçılarının gəldiyi qənaət ondan ibarət olub ki, əcnəbilərin cəmiyyətə səmərəli şəkildə inteqrasiyası sosial-iqtisadi, siyasi-hüquqi, sosiomədəni və sosial-psixoloji müstəvidə tədbirlər kompleksinin həyata keçirilməsini tələb edir. Məşğulluq sahəsində, səhiyyə sistemində, təhsil sektorunda əcnəbilərin maraqlarına cavab verən münbit şəraitin yaradılması bir tərəfdən insan hüquq və azadlıqlarının effektiv şəkildə təmin olunması, digər tərəfdən ölkə iqtisadiyyatına, bir çox sahələrdə gedən inkişaf proseslərinə töhfə verəcək miqrant şəxslərdən ibarət potensial sosial qrupun formalaşmasına səbəb olan və dövlətin milli maraqlarına cavab verən vəzifələrdir. Pandemiya dövründə əcnəbilərin inteqrasiyasını çətinləşdirən amillərin üzə çıxarılması, onların aradan qaldırılması və zəruri preventiv tədbirlərin həyata keçirilməsi bu sahədə icra olunan strategiyanı səmərəli edən fəaliyyət istiqamətləridir.
Sizin Reklam Yeriniz