Rəcəb İmanov: "Hazırkı dövrdə sosial evlərin bələdiyyələr tərəfindən tikilməsi reallıqdan uzaq məsələdir"
Bəzən kasıblar üçün ev adlanan sosial mənzillərin inşası hələ də ölkəmizdə reallaşmayıb. Hesab edilir ki, belə evlərin inşası xaricdə , məsələn, Türkiyədə olduğu kimi bələdiyyələrə həvalə edilməlidir.
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov isə bildirir: "Azərbaycan qanunvericiliyinə görə,bələdiyyələr iaşə obyektlərinin və ya evlərin tikintisində bilavasitə iştirak edə bilərlər. Lakin hazırkı dövrdə sosial evlərin bələdiyyələr tərəfindən tikilməsi reallıqdan uzaq məsələdir. Çünki, bildiyimiz kimi, bələdiyyələrin maliyyə bazası zəif şəkildə formalaşmışdır. Onlar öz idarələrinin işləri ilə o qədər yaxından maraqlana bilmirlər. Buna görə də, məsələ ondan ibarətdir ki, bu gün bələdiyyələrin maliyyə imkanlarını artırmaq lazımdır. Sosial obyektlərin tikilməsi məsələsində bələdiyyələrin səlahiyyətlərinə də tam aydınlıq gətirilə bilər. Çünki, qanunvericilikdə nəzərdə tutulur ki, bələdiyyələr sosial evlərin tikintisində iştirak edə bilərlər. Amma bu iştirakın dəqiq şəkildə hansı formmalarda olmasına açıqlama yoxdur.
Ancaq demək olar ki, sırf sosial evlərin tikintisi ilə bağlı, indiyə kimi belə bir məsələ ilə qarşılaşmamışıq. Amma qanunvericiliklə bu qadağan olunmuyub. Sadəcə, real vəziyyət bunu deməyə imkan verir ki, bələdiyyələr hələ ki, sosial evlərin tikintisini reallaşdıracaq vəziyyətdə deyillər".