Əlaqə Arxiv
news Image
2020.11.18
12:44
| A A A
Korrupsiya ilə mübarizə və maraqların toqquşması mövzusunda təlim keçirilib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov Xidmətin əməkdaşları üçün "Miqrasiya orqanlarının fəaliyyətində şəffaflığın qorunması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması" mövzusunda təlim keçirib. Distant qaydada keçirilən təlimdə korrupsiyanın qarşısının alınması, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, maraqlar toqquşmasının qarşısının alınması və bu sahədə mövcud olan digər etik davranış qaydaları barədə danışılıb, həmin məsələlərə əlaqədar milli qanunvericilikdə yer alan müddəalara diqqət yetirilib. Bildirilib ki, bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritetini təşkil edir. Bunun nəticəsidir ki, hazırda ölkədə bu sahədə daha ciddi tədbirlər həyata keçirilir, sərt qərarlar qəbul olunur. Qeyd edilib ki, son illər ərzində bu sahədə çox ciddi və müsbət nəticələrin əldə olunması faktı həm vətəndaşların Azərbaycan Hökumətinə, onun siyasi rəhbərliyinə olan rəğbətinin və etimadının artmasını göstərən sorğularda, həm də nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla bağlı hazırladıqları hesabatlarda əks olunub. Təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, bu sahədə aparılan müşahidələr və təhlillər ölkə ərazisində korrupsiya ilə mübarizənin qanunvericilik, institusional və əməliyyat müstəvilərində həyata keçirildiyini göstərir. Qanunvericilik bazasının inkişaf etdirilməsi və təkmilləşdirilməsi, xüsusilə də bir sıra vacib normativ aktların qəbul olunması, Azərbaycan Respublikasının mühüm beynəlxalq sənədlərə qoşulması qanunvericilik müstəvisində icra olunan fəaliyyətlərdir. Belə ki, 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun, Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunması, 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilməsi, 2008-ci ildə "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında" Fərmanın imzalanması qanunvericilik müstəvisində həyata keçirilən fəaliyyətlərdir. Qeyd olunan dövrlərdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların, xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması institusional müstəvidə icra olunan və, ümumilikdə, dövlətin bu sahədə strateji kursunu müəyyən edən mühüm addım olub. Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizədə qabaqcıl ölkələrin iş təcrübəsi mütəmadi olaraq öyrənməsi, Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" və Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" konvensiyalarına, həmçinin "Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası"na qoşulması bu sahədə həm qanunvericilik, həm institusional, həm də əməliyyat müstəvisində icra edilən fəaliyyətlərin daha təkmil şəkildə qurulmasına xidmət edib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranışı Qaydaları Xidmətin nüfuzunun və fəaliyyətinin şəffaflığının artırılmasını, bu orqanlarda korrupsiya hallarının və işçinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasını təmin edir. Təlimdə Xidmət tərəfindən bu sahədə əldə olunan nəticələr, həmçinin miqrasiya orqanı əməkdaşı tərəfindən əcnəbilərə layiqli xidmətin göstərilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması ilə bağlı praktiki misallar təhlil edilib. Tədbirin sonunda gələcəkdə miqrasiya orqanlarında qulluq keçən işçilər üçün bu kimi maarifləndirici tədbirlərin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura tərəfindən daha geniş formatda keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.
Sizin Reklam Yeriniz