Əlaqə Arxiv
news Image
2020.12.03
16:32
| A A A
Yer üzünün cənnəti, Qarabağ!

Birbaşa bu günümüzdən başlamaq istəyirəm. Dünənimizi heç birimiz unutmamışıq və bu günümüzdən fəxrlə keçib sabahlara addımlayırıq. Bu günümüzün fəxarət dünyası, örnək ocağı, güvənc yeri isə müstəqilliyimiz, istiqlalımız, azadlığımızdır.

          Artıq neçə ildir ki, vətənimiz Azərbaycan müstəqildir, azad, suveren bir dövlətdir. Amma bu sözü dilə gətirmək üçün qərinələr, əsrlər lazım gəlib bizə. Babəklərin qolu kəsilib, Nəsimilərin dərisi soyulub, sürgünlər, qətllər, həbslər tüğyan edib, ağzından od püskürən, gözlərindən qan daman imperiyaların caynaqlarının əsiri olub Azərbaycan. Yağılar tərəfindən yağmalanıb, məkrli niyyətlərin ünvanı olub, süfrələrə təam kimi gətirilib Azərbaycan.

Dünyanın siyasi xəritəsində yeni adlar yarananda, yeni sərhədlər cızılanda və xalqların istiqlal savaşı alovlananda da Azərbaycanımız xain əllərin, həris jandarmların plasdarmına çevrildi. Qədim bir ərazini, qədim bir xalqı cəng meydanında tarixi bir sınağa çəkdilər, torpaqlarını azadlıq uğrunda mübarizəyə qalxanların qanı ilə suvardılar. Lakin Azərbaycan xalqı öz müstəqilliyini qoruyub-saxlamaqdan bir an belə olsun yorulmadı, daha da gücləndi.

          Ulu babalarımızın bizə miras qoyub getdiyi Vətənimizi göz bəbəyimiz kimi qoruyuruq. Düşmən 30 il müddətinə torpaqlarımızı əsrlikdə saxladı və torpaqlarımızı yerlə-yeksan etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında Laçın şəhərinin də azad olunma xəbərini öz xalqına çatdırdı. Bütün xalq sevinc hissi keçirir. Çoxdandır düşmən tapdağında olan torpaqlarımız bu gün azad nəfəs alır. Gözəl Qarabağımız yenidən yer üzünün cənnəti hesab olunacaq!

 

Hüseynli Elşən

Nəsimi rayon gənci

 

Sizin Reklam Yeriniz