Əlaqə Arxiv
news Image
2021.01.16
13:34
| A A A
Nəriman Nərimanovun 150 illik yubileyi münasibətilə məktəbdə tədbir

Masallı rayonunun Qəriblər kənd tam orta məktəıbində Nəriman Nərimanovun 150 illik yubileyi onlayn şəkildə qeyd olundu.
Tədbiri giriş sözü məktəbin direktoru Şərafət Əliyev açaraq şagirlərə bildirdi ki, Nəriman Nərimanov Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biridir. O, görkəmli dövlət xadimi, yazıçı, həkim idi.
Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Müəllimlər Seminariyasını bitirən və Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tibb təhsili alan gənc Nərimanın qəlbindəki xeyirxah və maarifpərvər duyğular ona dinclik vermirdi. O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarırdı. Hələ gənc yaşlarında Bakıda kitabxana açmışdı. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Nəriman Nərimanov bu istiqamətdə geniş fəaliyyət göstərirdi.
1920-ci ildə Azərbaycanda sovet hökuməti quruldu. Bu hökumətin qurulmasında yaxından iştirak edən Nəriman Nərimanov həm də onun rəhbərlərindən biri idi.
Nəriman Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artıq İrəvanı və Dərbəndi itirmişdi. Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. 1921-ci ildə Qarabağın Ermənistana qatılması barədə qərar qəbul edilməsinə nail oldular. Lakin Nəriman Nərimanovun kəskin müqaviməti və onun tələbi ilə bu qərar ləğv olundu. Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı.
Nəriman Nərimanovun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanıldı. Bakı Azərbaycanın paytaxtı kimi tanındı. Lakin o, Zəngəzurun Azərbaycandan alınmasının qarşısını ala bilmədi. Nəriman Nərimanov milli-mənəvi dəyərləri yüksək qiymətləndirir və qorumağa çalışırdı. O, məscidlərin dağıdılmasının, din xadimlərinin təqib olunmasının qarşısını alırdı.
Nəriman Nərimanov gözəl yazıçı idi. O, “Nadir şah” və digər əsərlərin müəllifidir. Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edir, həm də dərsliklər yazırdı. Nəriman Nərimanovun öz xalqı üçün etdikləri Azərbaycan rəhbərliyinə soxulmuş erməni millətçilərinin və digər düşmənlərin xoşuna gəlmirdi. Onlar Nəriman Nərimanovu ləkələmək, onu nüfuzdan salaraq aradan götürməyə çalışırdılar. Millətini çox sevən Nəriman Nərimanovu “millətçi” adlandırdılar və onu Azərbaycandan uzaqlaşdırdılar.
N.Nərimanov bir ata kimi oğlu Nəcəfi çox sevirdi və onun işıqlı gələcəyinə inanırdı. 2 dekabr 1919-cu ildə doğulan Nəcəf atasını itirəndə 5 yaşında idi. Alman, ingilis, fars, ərəb, türk və rus dillərini sərbəst bilən Nəcəf 1938-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) tank-texniki məktəbinə daxil olur. 1939-cu ildə onu Kiyevdəki məktəbə dəyişirlər. 1940-cı ilin oktyabrında o, məktəbi qurtarır və 15-ci tank diviziyasının 29-cu tank polkunda texnik kimi işə başlayır. Sonralar İkinci Dünya müharibəsində qəhrəmancasına döyüşən Nəcəf 10 sentyabr 1943-cü ildə, 23 yaşında həlak olur. Onun məzarı Ukraynanın Donetsk Vilayətinin Volnovaxa şəhərinin mərkəzindədir.
Nərimanov 19 mart 1925 –ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişdi və Qızıl Meydanda Kreml divarları yanında dəfn olundu. O, ölümünə bir az qalmış oğlu Nəcəfə yazırdı: "Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən".
Sonra mövzunu məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Araz Əliyev davam etdirərək qeyd etdi ki, ölümündən sonra da ermənilər tərəfindən Nəriman Nərimanova qarşı böhtançılıq kampaniyası davam etdirilirdi. Onun yubileyinin keçirilməsinə imkan vermirdilər. Nəhayət, Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail oldu.
Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirmişdir. Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır. Bakıda Nəriman Nərimanovun böyük abidəsi ucalır. Paytaxtımızın ən böyük prospektlərindən birinə Nəriman Nərimanovun adı verilmişdir. Bundan başqa, Bakıda N. Nərimanovun xatirə muzeyi fəaliyyət göstərir.
Axırda çıxış edən məktəblilər maraqlı keçən onlayn tədbirə görə müəllimlərinə minnətdarlıq bildirdilər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz