Əlaqə Arxiv
news Image
2021.01.18
16:32
| A A A
Peyvənd ölümə səbəb olur? - Alim detalları açıqdı

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin Axar.az-a müsahibəsi:

- Bəzi ölkələrdə COVİD-19 peyvəndi vurulan şəxslərdə ölüm hallarının olması barədə məlumatlar var. Bu, nə dərəcədə doğrudur?

- Peyvənd vurulduqdan sonra insanlarda yaranan allergik və s. neqativ halların olması ilə bağlı qeyri-dəqiq materialların tirajlanmasının tərəfdarı deyiləm. Sizə bir misal çəkim: Braziliyada peyvəndlərlə bağlı elmi tədqiqatın son fazasında bir nəfər ölmüşdü. Bütün dünya mediası yazdı, çox ciddi problemlər yarandı və həmin tədqiqat dayandı. Sonra elmi şəkildə sübut olundu ki, həmin ölən adam peyvəndlə bağlı tədqiqatda iştirak edib, amma peyvənd almayıb. Ölüm səbəbi isə başqadır. Amma medianın belə xəbərləri tirajlaması nəticəsində tədqiqat da dayandı, insanlarda da lazımsız şübhələr oyandı.

Bir neçə gün əvvəl mətbuatda Norveçdə peyvənd vurulduqdan sonra 23 nəfərin ölməsi ilə bağlı məlumatlar paylaşıldı. Lakin materiallara diqqətlə baxdıqda görünür ki, həmin 13 nəfərin yaşı 80-dən yuxarı olub və çox ağır xəstəliklərdən əziyyət çəkiblər. Peyvənddən sonrakı yüngül qızdırma və ürəkbulanma yaşlı adamların vəziyyətini bir az da ağırlaşdırıb. Amma bu onu deməyə əsas vermir ki, həmin şəxslər peyvənddən ölüb. Bu barədə hələ heç bir elmi sübut yoxdur. Ona görə də bu cür materialların yayılmasında çox ehtiyatlı olmaq lazımdır.

- Bəs peyvənd hansı qrup insanlarda ölümə səbəb ola bilər?

- Bununla bağlı hansısa elmi tədqiqat yoxdur. Bugünədək aparılan tədqiqatların heç birində ölüm halına rast gəlinməyib. Vaksin onminlərlə şəxsin üzərində sınanılıb. Sınaq müddətində peyvəndə görə ölüm halı baş versəydi, peyvəndin tətbiqinə icazə verilməzdi. Bu, Avropa və ABŞ-da bir standartdır və elmi ədəbiyyatda olan tədqiqatlar da bunu deyir.

- Peyvənddən sonra allergik reaksiyalar necə? Bu reaksiyanın kimlərdə olacağını əvvəlcədən bilmək mümkündürmü?

- Azərbaycanda vurulacaq peyvəndin tədqiqatını aparan şirkətdən bildirilib ki, allergik reaksiyalar narahatlıq yaradacaq səviyyədə deyil. Bir daha deyirəm, bu məlumatı media üzərindən rəsmi şəxslər verib, lakin kimlərdə allergik reaksiyaların olacağı ilə bağlı aparılan hansısa bir tədqiqat hələ elmi ədəbiyyata daxil edilməyib. Ümumiyyətlə isə bunu əvvəlcədən deyə bilmərik ki, kimlərdə yan təsirlər olacaq. Amma gen texnologiyası ilə hazırlanan peyvəndlərin tətbiq edildiyi ölkələrdə aparılan təcrübələrdən yararlanıb söyləmək olar ki, daha öncədən allergiyası olan insanlarda peyvənddən sonra allergiya riski digər insanlara nisbətən çoxdur.

Sizin Reklam Yeriniz