Əlaqə Arxiv
news Image
2021.01.21
14:56
| A A A
Şəhidlərimiz bizim qürur mənbəyimiz, Azərbaycan xalqının mərdliyinin rəmzidir
20 Yanvar dünyada yaşayan bir çox insan üçün adi bir tarix olsada Azərbaycan xalqının tarixinə həkk olunmuş və heç vaxt unudulmayacaq olan bir gündür. 30 il bundan öncə amansızlıqla törədilən bu faciənin ağrı-acısı qəlbimizdə hər şey daha bu gün baş vermiş kimi təzədir.  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Bakıya gecə yarısı fövqəladə hal tətbiq edilmiş, əhaliyə heç bir xəbər verilməmişdir. 
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Əli silahsız, baş verən hadisələrdən xəbərsiz, heç bir günahı olmayan insanlara qarşı törədilən bu vəhşiliyə sadəcə bir ad vermək olar - cinayət. 
Bu faciəvi günlərdə o dövrdə hakimiyyətdə olan siyasi rəhbərlik xalqın qarşısına çıxmağa çəkinmiş, istefaya getməyərək bu vəhşilik qabağında susmağı üstün tutmuşdur. Hakiniyyətin səriştəsizliyinə, şəhidlər verməyinə  baxmayaraq Azərbaycan xalqı yıxılmadı öz gücünü bir daha sübut etdi, şəhidlərini son mənzilinə ünvanlayana qədər yalnz buraxmadı. Azərbaycan xalqını dəhşətli günlərə məruz qoyan, onu müsibətə düçar edən “20 Yanvar" faciəsi bütün dünyada səs saldı. Mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb oldu, bütün dünya imperiya qüvvələrini lənətləyirdi. 
Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Ümumilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.  20 Yanvar hadisələri əsrlər keçsə belə Azərbaycanın tarixindən silinməyəcək, şəhidlərimizi unutmamaq, unutdurmamaq bizim borcumuzdur.Bu gün yaşadığımız həyatı onlara borcluyuq. Hər bir şəhidimzin ruhu qarşısında baş əyirik. Şəhidlərimiz bizim qürur mənbəyimiz, Azərbaycan xalqının mərdliyinin rəmzidir.  
Məmmədova Simranə 
Nəsimi rayon gənci 
Sizin Reklam Yeriniz