Əlaqə Arxiv
news Image
2021.01.24
14:23
| A A A
Pandemiya ahılların maddi və sosial vəziyyətinə necə təsir edib?

Pandemiyadan ən çox zərər çəkən sosial qruplar arasında ahıllar da var. Bu qrup insanlar həm yaşlarının irəliləməsinə görə, həm də gəlirlərinin az olması səbəbindən pandemiyanın doğurduğu neqativ təsirlərin hədəfinə çevrildi. Buna görə də pandemiya dövründə ahılların sosial xidmətlərin göstərilməsi vəziyyəti ən önəmli məsələ kimi qarşıya çıxdı.

Ölkəmizdə ahılların sosial müdafiəsi sahəsində əsas dövlət sənədi 2001-ci ildə qəbul edilən "Ahıllara sosial xidmət haqqında" Qanundur. Həmin qanun ahılların sosial müdafiəsinin əsas istiqamətlərindən biri olan sosial xidmət sahəsində yaranan münasibətləri tənzimləyir, onlar üçün sosial, iqtisadi və hüquqi təminatlar müəyyən edir.

Qanuna əsasən ahıl - yaşı 70-ə çatmış Azərbaycan vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxsdir. Ahıllara sosial xidmət dedikdə onlara mülkiyyət növündən və təşkilati-hüququ formasından asılı olmayaraq sosial xidmət müəssisələrində və evdə qulluq, iaşənin təşkili, tibbi, sosial, psixoloji, hüquqi və digər yardımların məcmusundan ibarət olan fəaliyyət başa düşülür.

Qanuna görə ahılların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sosial xidmət müəssisəsini və sosial xidmət növünü seçmək, sosial xidmət müəssisələrinin işçiləri tərəfindən şərəf və ləyaqətlərinə hörmət olunmasını və humanist münasibət bəslənilməsini tələb etmək, daxili qaydalar pozulmamaq şərtilə dini ayinlərin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq, sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmətdən imtina etmək və s. hüquqları var.
Qanunda bildirilir ki, ahıllar zərurət olduqda sosial xidmət müəssisəsinə yerləşdirilə bilər. Bunun üçün tibbi-sosial ekspert komissiyasının qərarı olmalıdır.
Qanuna əsasən ahıllara göstərilən sosial xidmətin 5 forması var. Bunlar evdə, yarımstasionar vəziyyətdə, stasionar vəziyətdə, fərdi qaydada peşəkar sosial xidmətlərdən və sosial-məsləhət yardımından ibarətdir.

Ahılların sayı və xüsusi çəkisi artır

Azərbaycanda əhalinin təbii artımı müşahidə edilsə də son illərdə ahılların sayında və xüsusi çəkisində artım baş verir. 1990-cı ildə ölkəmizdə olan vətəndaşların 220,5 min nəfəri və ya 3,1 faizi ahıl olub. 2000-ci ildə onların sayı 226,7 minə qədər artsa da, ahılların ümumi əhali sayına nisbəti 2,8 faizə enib. Lakin 2011-ci ildə ahılların sayı 406,8 minə (4,46 faiz) yüksəlib. 2011-ci ildə qeydə alınan göstərici Azərbaycanda ahılların əhali sayına nisbətində ən yüksək göstəricidir.

2021-ci ilin əvvəlində ahılların sayı 420,6 min nəfərə yüksəlib və əhali sayına nisbəti 4,16 faiz olub. Ahılların strukturunda qadınlar kişilərə nisbətən xeyli üstünlük təşkil edir. Hər 1000 ahıl kişiyə 1448 ahıl qadın düşür.  Kişilərin cəmi sayı 171,7 min, qadınların sayı isə 248,8 min nəfərdir.

Ahılların 25 % (106,4 min) Bakıda, 16,6%-i (69,8 min) Aran iqtisadi rayonunda, 14,2% -i ( 60.4 min) Gəncə-Qazax iqtisadi rayonunda, 10 %-i (42.3 min) Yuxarı Qarabağ iqtisadi rayonunda, 7.6 % -i (32.1 min) Lənkəran iqtisadi rayonunda və s. məskunlaşıb.

2021-ci ilin əvvəlinə 1,271 milyon pensiyaçı var, onların 742 min nəfər yaşa görə pensiya alanlardır. Yaşa görə pensiya alanların orta aylıq pensiya məbləği 291,5 manat təşkil edir.

Pandemiyanın ahıllar üçün yaratdığı risklər

Pandemiya ahıllara 2 formada risk yaradıb. Bunlardan birincisi virusa qarşı immunitet sisteminin kövrək olması səbəbindən ahıllar arasında koronovirusdan ölüm ehtimalının yüksək olmasıdır. Yanvarın 23-nə olan məlumata əsasən Covid-19 virusunun təsirindən 3072 nəfər dünyasını dəyişib. Statistika göstərir ki, koronavirusdan xəstələnənlərin və müalicəyə ehtiyacı olanların 70 faizindən çoxu yaşlı və ahıl insanlardır. Buna görə də həmin qrup insanların qorunması, sosial izolyasiyası daha aktual məsələ kimi qarşıya çıxıb.

Ahılların virusun yaratdığı xəstəlikdən qorumaq məqsədilə xüsusi karantin dövründə onların evdən kənara çıxması məhdudlaşdırılıb. Eyni zamanda yaşı 65-dən yuxarı olan insanlar arasında virus daşıyıcısı aşkarlandıqda onlar təcili olaraq xəstəxanalara yerləşdirilib və həkim nəzarətinə götürülüb.

Bu tədbirlərə baxmayaraq ahılların üzləşdiyi çətinliklər də oldu. Ahıllar özləri Covid-19-un potensial qurbanları olmaqla yanaşı, həm də bu və ya digər sahələrdə fəaliyyət göstərən işçilərdir. Covid-19-un əsas tələbi olan “Evdə Qal” kampaniyası bu həssas qrup üçün əvvəllər də aktual olan “şiddət və laqeydlik” problemini bir qədər də ciddiləşdirdi.

Pandemiyanın ahıllar üçün yaratdığı ikinci problem onların digər şəxslərdən maddi və sosial asılılığının artmasıdır. Ahıl insanlar pensiya və ya sosial müavinət alsa da Azərbaycan reallığında onların bu gəlir mənbələri ilə xərclərini ödəməsi çətin olur. Yaşlı insanların əksəriyyəti ailə üzvlərinin maddi yardımına ehtiyac duyur. Pandemiyanın iqtisadi fəallığı zəiflətməsi, iş yerlərinin müvəqqəti olsa da bağlanması, əhalinin gəlirinin azalmasına səbəb oldu ki, bu da dolayısı ilə ahılların gəlirinə mənfi təsir etdi. Ahılların, bütün digər sosial qrup təmsiliçiləri kimi gəlirliliyi (ailə gəliri nəzər alınmaqla) azalır və bununla da sosial durumları pisləşir.

Pandemiyanın ahıllara təsirini araşdıran Avrasiya Bilik Mərkəzinin (ABM) direktoru İnqilab Əhmədov müəyyən edib ki, Ahılların hüquq və azadlıqlarının, habelə sosial rifahının tənzimlənməsi məsələləri yalnız bir aidiyyəti qurumun fəaliyyətində (Əmək və Əhalinin Sosial Müdafiəsi) cəmlənib. Ahılların durumunu, onların demoqrafik, cinsi, mili, sektoral, regional və funksional xarakteristikasını əks etdirən əhatəli statistika mövcud deyil. Yaşlı insanlara keyfiyyətli sosial xidmətlə əhatə olunması problemi, cəmiyyətdə hələ də domimantlıq təşkil edən bir sıra demoqrafik və kultural dəyərlər səbəbindən, ilk baxışdan kritik görünmür. İ.Əhmədov hesa edir ki, ahıllar bütün sosial qrup insanlar arasında ən çox aktiv fəaliyyətə ehtiyacı olanlardır.

ABM rəhbəri gəldiyi nəticə ondan ibarətdir ki, pandemiya ölkədə ahılların sosial-rifah halının arzu edilən səviyyədə olmadığını üzə çıxartdı: “Çoxsaylı beynəlxalq konvensiyalara və tələblər onu göstərdi ki, ahılların spesifik həyat tərzini və onların qarşılaşdığı problemiləri nəzərə alsaq, dövlətin vəzifəsi yalnız onların minimum ehtiyaclarını ödəməklə bitməməlidir. Ahılların aktiv həyat tərzini təmin etmək, onların bu yönümdə müstəqilliyini qorumaq ən ümdə vəzifələrdən biri olmalıdır. Onlar haqqında əhatəli, dürüst və daim yenilənən və ictimaiyyət üçün əlçatan məlumat bazası yaradılmalıdır.

Hökuməti bir sıra beynəlxalq konvensiyalara qoşulsa da, hələ bu sahədə öndə gedən ölkələr sırasında deyilik, beynəlxalq indekslərdə aktiv deyilik, yaxşı təcrübələri öyrənib, tətbiq etməkdə aktiv deyilik, statistik baza, bir sıra digər sahələrdə olduğu kimi, ahılların məlumatlılığı ilə bağlı təkmil deyil. Hökumətin pandemiya dövründə sosial xidmət işinin qurulmasında səyləri epizodik xarakter daşıdı və burada ciddi infrastrukturun yenidən qurulmasına ehtiyac var”.

İ.Əhmədov düşünür ki, hökumət ilk növbədə ahıllarla bağlı fəaliyətin beynəlxalq tələblərə cavab istiqamətində addımlar atmalıdır: "Hökumət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı digər əlaqəli qurumlarla koordinasyalı işləsə daha yüksək nəticə əldə edə bilər. Bütün halarda ahılların mövcud vəziyyətini düzgün qiymətləndirilməsi və onun keyfiyyətli izlənməsi məqsədilə ictimaiyyət üçün əlçatan olan əhatəli məlumat bazasıın yaradılması vacibdir. Hökumətin sosial xidmət işinin köklü surətdə yaxşılaşdırılması üçün bələdiyyələr cəlb edilməli və bu işi yerlərdə digər sosial işlə birgə bələdiyyələrin əsas prioritetinə çevirmək lazımdır”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz