Əlaqə Arxiv
news Image
2021.03.01
14:45
| A A A
Fəal Yaşlanma layihəsi çərçivəsində Mingəçevirdə yaşlılar üçün “Yaşa” mərkəzi açılıb

Azərbaycanda həyata keçirilən yaşlı insanların rifahının təşviqinə yönəlmiş layihə çərçivəsində Mingəçevir şəhərində yaşlılar üçün “Yaşa” mərkəzi açılıb.

Mərkəzdən Movqe.az-a bildirildiyinə görə,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə BMT-nin Əhali Fondu (UNFPA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində ərsəyə gəlib.

Mərkəzin yaradılmasında başlıca məqsəd yaşlı vətəndaşların asudə vaxtının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədilə müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi üçün müyəssər məkanın təmin edilməsidir. Mərkəzdə yaşlılar 3 əsas istiqamət – maarifləndirmə, sağlamlıq və yaradıcılıq üzrə rəngarəng fəaliyyətlərə cəlb olunacaq. Belə ki, mərkəz istifadəçiləri olan yaşlı vətəndaşlar üçün maliyyə savadlılığı, kompyuter bilikləri və dil kursları, həkimlərlə məlumat sessiyaları, tanınmış şəxslərlə görüşlər, yoqa və gimnastika məşğələləri, habelə vaxtlarını səmərəli və maraqlı keçirmələri məqsədilə rəsm, qurama, toxuma və digər sənət növləri üzrə məşğələlər təşkil ediləcək.

Həftənin beş günü ərzində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərən “Yaşa” mərkəzinin xidmətlərindən Mingəçevirin yaşlı sakinləri təmənnasız və öncədən müraciət etməklə istifadə edə bilərlər.

Mərkəzin ərsəyə gəlməsində daim sosial xarakterli təşəbbüslərə dəstəyini əsirgəməyən “Kapital Bank” ASC də yaxından iştirak edib. Mərkəzin dayanıqlı fəaliyyətinin təmin olunması isə layihənin icrasına cəlb olunmuş “Üçüncü Bahar” İctimai Birliyinə həvalə edilib.

“Fəal Yaşlanma” layihəsi haqda:

BMT-nin Əhali Fondu (UNFPA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən layihə yaşlı şəxslərin fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklyuziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində Fəal Yaşlanma İndeksinin hazırlanması, fəal yaşlanma mövzusunda ictimai məlumatlılığın artırılması və təşviqat işlərinin aparılması, eləcə də müştərək yanaşmaya əsaslanan sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönələn müvafiq tədbirlərin pilot qaydada sınaqdan keçirilməsi üzrə bir-biri ilə sıx əlaqəli olan bir sıra fəaliyyətlər həyata keçirilir. Layihə 65 və daha yuxarı yaş kateqoriyasına aid şəxsləri əhatə edir.

2019-2021-ci illəri əhatə edən layihə Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.

Sizin Reklam Yeriniz