Əlaqə Arxiv
news Image
2021.04.22
11:49
| A A A
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə Serbiya Respublikasının əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Darija Kisiç Tepavçeviçin onlayn formatda görüşü olub.

Movqe.az-a bildirilib ki, S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər barədə məlumat verib. O, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistanın işğalından azad olunduğunu, təcavüzkar Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Azərbaycanda aparılan sosial islahatlar, əmək, məşğulluq, sosial təminat sahələrində tətbiq olunan innovativ yeniliklər, sosial müdafiə və aktiv məşğulluq proqramları, pandemiya dövründə ölkəmizdə həyata keçirilən iqtisadi və sosial dəstək tədbirləri barədə məlumat verib.

Nazir Azərbaycanla Serbiya arasında hələ 2013-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının iki ölkə arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin xeyli genişlənməsinə imkan yaratdığını vurğulayıb. Keçən il də Serbiya ilə ticarət dövriyyəsinin 6,3 faiz artdığını qeyd edərək, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.

S.Babayev Azərbaycanda tikinti, xidmət sahələri üzrə 4 Serbiya şirkətinin fəaliyyət göstərdiyini, Serbiyada Azərbaycanın “Azvirt” şirkətinin uğurlu fəaliyyətini qeyd edib. Ümumilikdə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafının, biznes sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin Hökümətlərarası Komissiyanın fəaliyyətinin prioritetlərindən olduğunu bildirib.

İki nazirlik arasında əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayan nazir bunun üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd edib. Bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsi hazırlanıb. Layihə imzalandıqdan sonra sosial sahədə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əlaqələr, təcrübə mübadilələri genişlənəcək.

D.K.Tepavçeviç Serbiyanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyini qeyd edib. Hazırlanmış yeni əməkdaşlıq sənədi layihəsinin sosial sahədə ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacağını deyib.

Görüşdə Azərbaycan və Serbiya arasında sosial sahədə gələcək əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparılıb.

Sizin Reklam Yeriniz