Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qeyd edir ki, heyvandalıqda olan problemlərin səbəbləri var: "Ölkə əhalisi ilə 1.3% artır. Qoyunçuluqda biz ətlik istiqamətə xüsusi fikir verməmişik. Dünya ölkələrində ixtisaslaşma gedir. Məsələn, hansısa ölkə bəzi fermerlərini ətlik, bəzi fermerləri südlük, digər fermerlərini isə yun istehsalı istiqamətdə ixtisaslaşması üçün stimullaşdırıcı tədbirlər görür. Ancaq hazırda bizdə qoyunçuluqda cins tərkibi qarışıq olduğu üçün hər 3 sahədə problem yaranır. Elə cins qoyunlar var ki, il ərzində onlardan təxminən 50-60 kq ət almaq mümkündür. Amma bizdə yaxşı halda 20 kq alırıq. Əhalimiz qoyun ətinə çox meylli olduğu üçün ətlik istiqamətdə qoyunçuluğun inkişafına çalışmalıyıq. Gürcüstadanda qoyun ətindən çox istifadə edən orada yaşayan azərbaycanlılardır. Gürcülər donuz və mal ətindən istifadə edirlər. Ona görə orada istehsal olunan qoyun əti digər ölkələrə ixrac oluna bilir. Bizim isə az məhsuldar olan çox qoyun saxlamağımız sonda problem yaradacaq. Ona görə ki, bizim bazara daha ucuz qoyun əti gətiriləcək. Beləliklə də yerli ferlər sıradan çıxacaq. Hökumət bu istiqamətdə stimullşadırıcı tədbirlər görməlidir. Fermerlər bizneslərini daha əhəmiyyətli etmək üçün intensiv yola üstünlük verməlidirlər".
Ekspert əlavə etdi ki, bizim fermerlərin Avropadan həmin məhsulun idxalını lazımı səviyyədə təmin etməsi üçün bəzi çətinlikləri var: "Gürcüstan bizə lap yaxın olduğu üçün, orada asan dil tapması, sərhəd-keçid formasında da bəzi anlaşmalar var ki, o formada Avropadan Azərbaycana qoyun idxal etmək mümkün deyil. Avropa ölkələrində maşınlar yüklənir və keçid məntəqəsində dayanmırlar. Avropadan olan sürücülər elə halla qarşılaşanda növbəti dəfə həmin ölkəyə üz tutmurlar. Ona görə də idxal proseslərində asanlaşma olmasa, Avropdan idxal çətin olacaq. Hətta elə ölkələr var ki, oradan daha ucuz gətirmək olar. Biz Avropaya o vaxt üz tuta biləcəyik ki, ÜTT-ə qəbul olacağıq".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramov bildirir ki, ümumiyyətlə, Azərbaycan aqrar-sənaye ölkəsi kimi tanınmaqdadır: "Yəni ölkəmizdə aqrar sektorun inkişafı üçün kifayət qədər potensial var. İllər üzrə istər mal-qaranın sayına, istərsə də kəsimlik ət həcminə görə daim artım müşahidə olunub. Lakin problem ondadır ki, heyvandarlıq sahəsində artım müşahidə olunsa belə, bu sahə hələlik daxili istehlakı tam ödəmək qabiliyyətində deyil. Ona görə də xarici bazarlara üz tuturuq. Dolaysı ilə buna sektorun zəif inkişafı mövqeyindən yanaşmaq doğru olmaz".
Ekspert əlavə etdi ki, Rumıniya və ya Moldovada təklif olunan qiymətlər nisbətən Gürcüstandakından ucuz ola bilər: "Lakin burada digər amillər daha çox əhəmiyyət daşımaqdadır. Birincisi, biz Gürcüstanla qonşu ölkəyik. Ona görə də daşınma və nəqliyyat xərcləri daha aşağı səviyyədədir. İkincisi isə adı çəkilən dövlətlə bizim çox keçmişə dayanan ticarət ənənələrimiz və əlaqələrimiz mövcuddur. Bu da həmin bazarda daha rahat şəkildə ticarət aparmağa imkan yaradır. O cümlədən, iş adamlarımızın da Gürcüstanla ticarətdə maraqlı olması bunlara təsir edən fakorlardan biridir. Orta Asiya ölkələrinin Gürcüstanla deyil də Rumıniya və Moldova ilə heyvandarlıq ticarətinə gəlincə, burada onların daxili və xarici iqtisadi siyasətlərilə bağlı ola bilər. Buna təkcə qiymətlərin ucuz olması kimi baxmaq doğru olmazdı".