Əlaqə Arxiv
news Image
2013.10.01
16:57
| A A A
Mağazalarda şikayət kitabları tapmaq müşkülə çevrilib
Eyyub Hüseynov: «Bu yolla biznes qurumu bilər ki, onun problemi nədir və ya müştəri nədən şikayətçidir, hansı təklifləri irəli sürür»

Sevgim Rəhmanov: "Əgər mağaza sahibi alıcıların fikrini öyrənmək istəyirsə, şikayət və təkliflər kitabı da olmalıdır"


Müştəri məmnuniyyətini təmin etmək üçün bir çox ölkələrdə, o cümlədən, bir vaxtlar Azərbaycanda da istifadə olunan üsullardan biri mağazalarda, dükanlarda və müxtəlif satış, əhaliyə xidmət məntəqələrində şikayət qutularının yerləşdirilməsi idi. Bu ənənə bir çox ölkələrdə indi də davam etdirilsə də, Azərbaycanda demək olar ki, indi çox az satış məntəqəsində şikayət qutusuna təsadüf etmək olur. Halbuki, belə qutular müştərilərin öz şikayət və təkliflərini mağaza sahibinə çatdırmaları üçün ən yaxşı vasitədir. Əslində, bu bir tərəfdən müştərinin hüququnun qorunması üçündürsə, digər tərəfdən də mağaza sahibinin öz işini daha da yaxşı qurması üçün bir vasitədir. Belə ki, mağazaya gələn iradlar nəticəsində sahibkar öz obyektindəki çatışmazlıqları görər və aradan qaldırar. Amma nədənsə bu gün çox az sahibkar bu yola əl atır.

Azad İstehlakçılar Birliyinin  sədri Eyyub Hüseynov Mövqe.az-a verdiyi açıqlamada məsələ ilə bağlı deyib: "Azad İstehlakçılar Birliyi bunun tətbiqinin böyük tərəfdarıdır və təsadüfi deyil ki, 2011-ci ildə Azad İstehlakçılar Birliyi Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının maaliyyə dəstəyi ilə bu məsələyə dair qrant aldı. Və bunun tətbiqinə can atdı. Biz şikayət və təkliflər kitabını yaratdıq. Bu kitabın birinci səhifəsində dövlətin istehlakçı hüquqlarının qorunmasına dair qanunlarından çıxarışlar və s. verilib. Və bunun təbliğatını apardıq ki, mağazalarda bu yayılsın, asılsın. Bu, biznesin inkişafına da kömək edən bir amildir. Bu yolla biznes qurumu bilər ki, onun problemi nədir və ya müştəri nədən şikayətçidir, hansı təklifləri irəli sürür və s. Bu işdə biz dövlətin dəstəyini istədik. 

Ölkədə istehlakçı hüququ, istehlakçı siyasəti biznes siyasətindən hələ də geridə qalır. Tək-tək yerlərdə bizim verdiyimiz kitablardan istifadə olunur. Və ya bəzi yerlər özləri kitablar hazırlayıblar. Məsələn, mən bir neçə parfümeriya dükanlarında görmüşəm. Azərpoçt şəbəkəsində görmüşəm. Bu çox üstün cəhətdir ki, Azərpoçt şikayətlər və ərizələr kitabı qoyubdur. Bəzi ölkələrdə də mən bu halı görmüşəm. 3 gün əvvəl Ukraynada idim. Orada şikayət və təkliflər kitabı ilə yanaşı, istehlakçı guşəsi də var. Amerikada da istehlakçı guşəsi var. MDB-nin bütün məkanlarının istehlakçı guşələri var ki, orda dövlətin qanunları əks olunur. İstehlakçı dövlətin qanunları barədə ordan məlumatlanır. Məsələn, malları dəyişmək, qaytarmaq hüquqları barədə və s. 

Burada əlbəttə, Azad İstehlakçılar Birliyinin böyük günahı var. Görünür, biz hələ o qədər yaxşı işləyə bilməmişik ki, istehlakçıların hüquqlarının o cür qorunduğu aydın-aşkar guşələr yaradılsın. Lakin bunu etmək niyyətindəyik. Addımlarımızı atmışıq və bundan sonra da atacağıq ".   

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov isə saytımıza verdiyi akçıqlamada problemin səbəbi kimi ticarət haqda qanunun olmamasını göstərib: " Şikayət və təkliflər kitabının olması üçün müəyyən qaydalar olmalıdır. Bu qaydalar ticarət qanununa söykənməlidir. Azərbaycanda bu günə qədər ticarət qanunu olmadığından və 1998-ci ildə qəbul olunmuş ticarət qaydaları demək olar ki, günün tələblərinə cavab vermədiyindən,  orada olan bəzi müddəalar yerinə yetirilmədiyindən, mağazalarda şikayət və təkliflər kitabı yoxdur. 10 il bundan qabaq nəzarət kitabının mağazalarda, ticarət köşklərində yerləşdirilməsini biz hardasa hökümət strukturları ilə birlikdə həyata keçirə bilmişdik ".

 

Sevgim Rəhmanov mağaza sahiblərin öz mənafeləri üçün şikayət qutularından istifadə etməli olduqlarının bildrib: " İndi şikayət və təkliflər kitabının olmaması istehlakçıların hüquqlarını pozur. Bu, həm də mağaza rəhbərlərinin öz işçilərinin qaydaları pozub-pozmadığının öyrənməsi üçün vacib olan bir şeydir. Mən də razıyam ki, bu gün mütləq ticarət şəbəkələrində nəzarət kitabçası ilə bərabər, əgər mağaza sahibi alıcıların fikrini öyrənmək istəyirsə, şikayət və təkliflər kitabı da olmalıdır. Əgər sahibkar öz mal dövriyyəsini artırmaq istəyirsə, bu olmalıdır. Həmin şikayət kitablarının konkret işlənmə prinsipləri, qaydaları olmalıdır və müdriyyət hər gün bu kitablara baxmalıdır. Ancaq bu gün hökümət tərəfindən İqtisadi İnkişaf  Nazirliyi yanında İstehlakçıların hüquqlarının qoruması ilə bağlı departament yaradılıb. Heç olmasa, bu qurum tərəfindən hər ay mağazada yoxlamalar həyata keçirilməlidir ki, şikayət və təkliflər öz həllini tapsın ".


Sizin Reklam Yeriniz