Əlaqə Arxiv
news Image
2013.10.21
17:23
| A A A
Yeni binaların istilik problemi yenidən qabarır
Nüsrət İbrahimov: «Binalarda mərkəzləşmiş istixana sistemi qurulsa, hər bir mənzil bütün soyuq aylar müddətində davamlı olaraq qızdırılar»

Zemfira Budaqova: "Yeni tikilən binalarda qaza tələbat köhnə binlardan qat-qat çoxdur"


Havalar soyuyan kimi ortaya çıxan problemlərdən biri də əhalinin istiliklə təmin olunması məsələsidir. Bu problemə yeni tikilən binalarda daha çox təsadüf olunur. Səbəb isə odur ki, yeni tikililən binaların bir çoxu  hələ də  təbii qazla təmin edilmir.  İstilik üçün yalnız elektrik enerjisindən istifadə olunması isə soyuq aylarda mənzillərin qızdırılmasına kifayət etmir.  Tikinti şirkətlərinin binaları tikib müştərilərilərə satdıqdan sonra bu məsələyə önəm verməməsi yüksək məbləğ hesabına burda  mənzil sahibi olanların təbii qazla təminatında problemlər yaşamasına gətirib çıxarır. 

Məsələnin maraq doğuran digər tərəfləri də mövcuddur. Məlumdur ki, bu gün Azərbaycanda elə bir şəhər, qəsəbə, iri yaşayış məntəqəsi yoxdur ki, təbii qaz almasın. İndi növbə kəndlərindir, hətta ən ucqarları belə qazlaşdırılır və bu istiqamətdə görülən işlər günü-gündən genişlənir. Amma tikinti şirkətlərinin belə demək mümkünsə, məsuliyyətsizliyi üzündən inşa olunan bina müvafiq dövlət komissiyası tərəfindən təhvil alınmadığından onun təbii qazla təminatında problemlər yaşanır. "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı" olmalıdır ki, milyonlarla xərc çəkilib ucaldılan çoxmənzilli "göydələn"lər təbii qazla təmin olunsun. 

İllərdir, davam edən problemə son qoyulması üçün təklif olunur ki, binalar tikildikdən dərhal sonra onun təbii qazla təmini tikinti şirkətlərinin qarşısında müqavilə öhdəliyi kimi qoyulsun.  

MBA LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov Movqe.az-a açıqlamasında isə yeni tikilən binalarda qazla istiliyin təmin olunması əvəzinə mərkəzləşmiş istixana sistemlərinin qurulmasının problemin həlli yolu ola biləcəyini deyib: "Tikinti şirkətlərinin qarşısında belə bir məsələ qoymaq lazımdır ki, binaların tikintisi lahiyələşdiriləndə orada mərkəzləşdirilmiş istixana sistemi qurulsun. Bu tələb qoyulsa, binalara qaz xətlərinin çəkilməsi, hər mənzilə qaz verilməsi problemi aradan qalxar. Yəni, binalarda mərkəzləşmiş istixana sistemi qurulsa, hər bir mənzil bütün soyuq aylar müddətində davamlı olaraq qızdırılar. Əlavə qızdırılmağa isə ehtiyac qalmayacaq. Bu gün Avropa və ya digər inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, orada mənzillərdə qaz anlayışı, demək olar ki, yoxdur. Mətbəx elektriklə işləyir. Mənzillər isə mərkəzləşmiş istixana sistemi hesabına qızdırılır. Ona görə də, düşünürəm ki, bizdə də artıq mərkəzləşmiş istixana sisteminə keçmək lazımdır. Həm qaza qənaət etmək, həm də mənzillərin davamlı qızdırılmasının təmin etmək üçün bu yoldan istifadə etmək olar. Bu sistemə keçsək, həm mənzillərin istiliklə təminliyini, həm də binanın fiziki yaşama müddətini uzatmış olarıq".

Memar Zemfira Budaqova isə saytımıza verdiyi açıqlamada məsələyə belə münasibət bildirib: "Ümumiyyətlə, bütün dünya ölkələrində,eləcə də Azərbaycanda şəhərsalmanın ilkin şərtləri yollardan, yollardan keçən kommunikasiya xətlərinin qurulmasından başlayır. Bu məsələlər həll olunduqdan sonra binalar tikilir. Yeni tikilmiş binalarda qaz xəttlərininn çəkilməsi üçün ilk öncə icazə alınması məsələsi var. Binaya gedən qaz xəttlərinin ana xəttə qoşulması isə asan proses deyil. Binadan ana xəttə qədər olan yolun qazılması, daha sonra üstünün örtülməsi və s. hamısı əlavə məbləğ tələb edən işlərdir. Ona görə təzə evlərin çoxunda qaz sistemi quraşdırılmır. Bina tikilməzdən əvvəl rüsumunu verib bütün kommunal xətləri ana xəttə qoşdurmaq lazımdır ki, havalar soyuyanda camaat çətinliyə düşməsin. Yeni tikilən binalarda qaza tələbat köhnə binlardan qat-qat çoxdur. Çünki, orda yerin altından da kombi sistemi qurulur ki, təkcə su yox, otaqların döşəməsi də isti olsun. Tələbat çox olduğundan, tikinti şirkətləri mütləq qaz xətlərinin çəkilməsi məsələsinə ciddi yanaşmalıdırlar. Onlar qarşısında şərt qoyulmalıdır ki, əvvəl kommunikasiya xətləri salınsın, sonra bina tikilsin".

Hazırda yeni tikililərin hesabına qazla təmin olunmadığına görə istismara qəbul olunmayan binaların sırasına yeniləri də əlavə olunur. Bundan isə əhali əziyyət çəkir. Vətəndaşlar min bir əziyyətlə yığdıqları pulu verməklə mənzilə sahib olmağa çalışır. Amma qazın olmaması səbəbindən həmin evlərinə köçsələr də mənzillərini qızdıra bilmirlər. 


Sizin Reklam Yeriniz