Əlaqə Arxiv
news Image
2013.10.22
13:03
| A A A
Sürücülərin nəzərinə!

Azərbaycanda avtomobillərin dövlət texniki baxışdan keçməsinin müddəti oktyabrın 31-də başa çatır. Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, qeyd olunan müddət başa çatdıqdan sonra dövlət texniki baxışdan keçməyən avtomobillərin sürücüləri qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələnəcəklər.


K.Əliyev bildirib ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası 2013-cü il 5 aprel tarixli 596-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası və onun təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərarı ilə əlaqədar yeni qaydaların tətbiqinə 2013-cü ilin aprelin 20-dən başlanılıb.


Onun sözlərinə görə, yeni qaydalara əsasən, minik avtomobilləri istehsal olunduqları vaxtdan keçən 4 il ərzində dövlət texniki baxışından azaddırlar. 4 ildən sonra isə onlar iki ildə bir dəfə, istehsal tarixindən 10 il keçdikdən sonra isə hər il dövlət texniki baxışından keçməlidirlər. Əgər məsələn, avtomobil istehsal tarixindən 9 il 8 ay sonra texniki baxışdan keçirsə, o, 10 il tamam olmadığına görə növbəti dəfə iki ildən sonra, daha sonrakı illərdə isə hər il texniki baxışdan keçməlidir.


K.Əliyevin sözlərinə görə, sürücülər minik avtomobilini istehsal ilinin 5-ci, 7-ci, 9-cu illərində, 11-ci ilindən artıq hər il texniki baxışa təqdim etməlidirlər. Məsələn, maşının buraxılışı 2007-ci ildirsə, bunun 5-ci ili 2012-ci ilə düşür. Avtomaşın 2012-ci ildə texniki baxışdan keçibsə, o 2013-cü ildə keçmir, 2014-cü ildə keçir. Digər bir misal: Minik avtomobili 2008-ci ildirsə, maşının 5-ci ili düşür 2013-cü ilə, ona görə də həmin maşın bu il dövlət texniki baxışdan keçməlidir. Yəni minik avtomobili 2008-ci ildisə, baxmayaraq ki, avtomobil keçən il dövlət texniki baxışından keçib, onun keçən il keçdiyi texniki baxış, onun keçməli olmadığı 4-cü ilə düşür. Ona görə də həmin avtomobil bu il texniki baxışdan keçir, gələn il keçmir.

Şöbə rəisi, həmçinin bildirib ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri istehsal olunduqları vaxtdan bir il müddətində texniki baxışa cəlb olunmurlar. Lakin növbəti ildən etibarən onlar hər il texniki baxışdan keçməlidirlər.


K.Əliyevin sözlərinə görə, texniki baxışdan keçən avtomobillərə xüsusi talonlar verilir. O talonlarda həmin avtomobilin texniki baxışdan keçdiyi tarixlə yanaşı, növbəti texniki baxışa təqdim olunma ili də göstərilir:


"Həmin talonlar avtomobilin alın şüşəsinə yapışdırılır. Məhz o talonun əsasında yol polisləri yoxlama zamanı həmin avtomobilin texniki baxışdan keçib-keçmədiyini təyin edə biləcəklər".


Qeyd edək ki, respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək həyata keçirilir.

Sizin Reklam Yeriniz