Əlaqə Arxiv
news Image
2013.10.24
16:36
| A A A
Azərbaycanda qeysəriyyə əməliyyatı ilə bağlı qərarı konsilium verə bilər-Özəl
Musa Quliyev: "Səhiyyə Nazirliyi tərəfindən qeysəriyyə əməliyyatı ilə bağlı protokol hazırlanacaq"

Azərbaycanda tibb müəssisələrində qeysəriyyə əməliyyatının aparılmasına qərarı konsilium verə bilər. Bu sözləri Movqe.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyib. M. Quliyev bildirib ki, Milli Məclis "Əhalinin sağlamlığı haqqında" qanuna dəyişiklik etdikdən sonra qanun təsdiqlənməsi üçün ölkə Prezidentinə göndəriləcək: "Prezident qanunu təsdiqlədikdə sonra Səhiyyə Nazirliyi tərəfindən qeysəriyyə əməliyyatı ilə bağlı protokol hazırlanacaq. Bəzi insanlar fikirləşirlər ki, bu dəyişiklik ehtiyac duyulduğu halda qeysəriyyə əməliyyatının aparılması üçün hansısa qərarı gözləmək məcburiyyəti yaradacaq. Amma bu yalnış fikirdir. Çünki, qanun təsdiqləndikdən sonra Səhiyyə Nazirliyi tərəfindən tibbi protokollar hazırlanacaq. Qeysəriyyə əməliyyatı ilə bağlı hazırlanacaq protokolda da, əməliyyata hansı hallarda icazə verildiyi göstəriləcək".

M.Quliyev deyir ki, qanunun işə düşməsi qanunsuz qeysəriyyə əməliyyatlarının aparılmasının qarşısını ala bilər: "Qanunda dəyişiklikdə də nəzərdə tutulur ki, qeysəriyyə əməliyyatının aparılması üçün tibbi göstəriş olmalıdır. Hər bir ana olmağa hazırlaşan qadın hamiləlik boyu müxtəlif müayinələrdən keçirilir. Artıq hamiləlik müddətinin tamamlanmasına az bir vaxt qalmış qadının uşaqdan hansı yolla azad olacağı bəlli olur. Çünki, hamiləlik dövründə müayinələr uşağın gəliş vəziyyətini, ananın və uşağın durumununu müəyyənləşdirir. Bir sözlə, qeysəriyyə əməliyyatı planlaşdırılmış əməliyyatdır. Əgər ananın təbii yolla uşaq dünyaya gətirməsi təhlükəli olarsa qeysəriyyə əməliyyatının aparılmasına qərar verilir. Çox təəssüf ki, bəzən ginekoloqlar ananın öz istəyi ilə, yəni tibbi göstəriş olmadan qeysəriyyə əməliyyatı edirlər. Amma qanuna dəyişiklik həkimlərin ana ilə razılaşma əsasında bu əməliyyata qərar verməsinin qarşısını alacaq. Səhiyyə Nazirliyinin hazırladığı protokollarda da göstəriləcək ki, qeysəriyyə əməliyyatı haqqında qərarı konsilium verəcək. Güman edirəm ki, bu əsassız qeysəriyyə əməliyyatlarının aparılmasının qarşısını alacaq".

Amma M. Quliyev qanunun qəbulu ilə yanaşı, ana olmağa hazırlaşan qadınların da marifləndirilməsinı ehtiyac duyulduğunu söyləyir. Millət vəkili deyir ki, qızlar vaxtında qeysəriyyə əməliyyatının fəsadları, narkozdan ayılmamaq, laktasiya dövrünün gecikməsi, təkrar ana olmaq üçün bir neçə il gözləmək kimi vacib şərtlərin qeysəriyyə əməliyyatından sonra yaranan fəsadlar olduğunu bilməlidirlər.

Qeyd edək ki, Aərbaycan Milli Məclisinin bir neçə gün öncə keçirilən iclasında "Əhalinin sağlamlığı haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Dəyişikliyə əsasən, qeysəriyyə kəsiyinin əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılmasına icazə verilir və bu icazə tibb müəssisələrinə müvafiq icra hakimiyyəti tərəfindən verilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına imkan verən klinikalar və şəxslər məsuliyyətə cəlb olunacaqlar. H.Rəcəbli bildirib ki, dəyişikliklər bu sahədə sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək. 

Sizin Reklam Yeriniz