Əlaqə Arxiv
news Image
2013.10.24
17:11
| A A A
Uşaqlarda onurğa əyriliyinin artması ciddi problemə çevrilir
Adil Qeybulla: «Yaxşı olar ki, uşaq hər yaşda pediatr tərəfindən yoxlanılsın»

Yusif  Bəkirov: "Bəzi kitablar uşaqlar tərəfindən məktəbə gətirilməməlidir"


Son dövrlərdə ciddi narahatlıq predmetinə çevrilən məsələlərdən biri də onurğa əyriliyindən əziyyət çəkən uşaqların sayının artmasıdır. Problem təkcə Azərbaycanda yox, bütün dünyada özünü göstərir. 

Bu gün dünyada uşaqların 30 faizindən çoxu  onurğa əyriliyindən əziyyət çəkir. Azyaşlıların təxminən 10 faizində isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb olan skalioz xəstəliyi aşkar edilir. Həkimlər də onurğa xəstəliklərinin sayının sürətlə artdığını deyirlər. Azyaşlıların masa arxasında düzgün oturmaması, kompüterə aludəçilik, mobil telefondan asılı vəziyyətdə qalma, məktəb çantalarının yaşlarına uyğun olmayan şəkildə ağır olması onurğa əyriliyinə gətirib çıxaran səbəblərdəndir. 

Qeyd olunduğu kimi onurğa əyriliyinin geniş şəkildə yayılmasının  səbəblərindən biri kimi dərslik dolu çantanın  uşağın daşıya biləcəyi yükdən ağır olmasıdır. Türkiyənin Ankara universitetində aparılan araşdırmalara görə, məktəbli çantasının ağırlığı şagirdin öz çəkisinin 15 faizindən çox olmamalıdır. 12 yaşına qədər olan uşaqlar 3 kiloqramdan artıq yük götürməməlidirlər. Ağır məktəbli çantasının gündəlik daşınması uşaqlarda şiddətli bel ağrılarına, onurğa sütununun əyiliyinə,  C və ya S şəkli almasına və başqa qüsurların, xəstəliklərinin ortaya çıxmasına səbəb olur. Onurğanın C və ya S şəkli alması uşaqlarda boy artımının zəifləməsinə, ağ ciyərin fəaliyyətində pozuntulara, eyni zamanda uşağın xarici görünüşünün korlanmasına gətirib çıxarır.

Tibbi-ekspert Adil Qeybulla Movqe.az-a uşaqlar arasında geniş şəkildə yayılan onurğa əyriliyinin yaranması səbəblərindən danışıb:

"Onurğa əyriliyinin əmələ gəlməsinə səbəb birinci növbədə anadangəlmə skelet anomaliyalarıdır. Ümumiyyətlə, bətndaxili müayinələr göstərir ki, bu cür skelet anomaliyaların müxtəlif formalarda ana bətnində diaqnostikası mümkündür. Bunun kimi barmaqlarının sayının səhv olması, döş qəfəsinin deformasiyası və s. skelet anomaliyalarını görmək mümkündür. Ümumiyyətlə, skalioz adətən, anadangəmə meylli olur və sonradan da ortaya çıxa bilir. Əsasən, uşaqlar düzgün oturmadıqda, uzun müddət bellərini əydikdə, müxtəlif formalarda oturduqda inkişaf etməkdə olan skelet həmin bərkimiş formada skaliozların əmələ gəlməsinə səbəb olur. Ona görə də, valideynlər bu məsələyə diqqət etməlidirlər. Yaxşı olar ki, uşaq hər yaşda pediatr tərəfindən yoxlanılsın. Bu cür patologiyalar erkən baş verirsə, onun qarşısını almaq, sümüyün inkişafının bərpa eləmək mümkündür ki, bu da daha ağır fəsadların qarşısını alır. Hesab edirəm ki, hər uşaq bu məsələ ilə bağlı xüsusi müayinədən keçirilməlidir. İstər bətndaxilində olarkən, uşaq dünyaya gəlməmişdən əvvəl, istərsə də sonra bu müayinələrin aparılması vacibdir". 

Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif  Bəkirov saytımıza açıqlamasında uşaqların hər gün ağır çanta daşımaqdansa, bəzi kitabları məktəbdəki kitabxanadan istifadə etmələrini təklif edib:

"Düzdür, onurğa əyriliyinin yaranmasının başqa səbəbləri də olsa da, məktəb çantalarının ağır olması da uşaqlar arasında onurğa əyriliyinin geniş şəkildə yayılmasının səbəblərindən biri ola bilər. Kitabların həm ölçüsü böyük, həm də çəkisi ağırdır. Bu da çantaların uşaqlara ağırlıq yaratmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün hər məktəbdə kitabxanalar olmalıdır. Bəzi kitablar uşaqlar tərəfindən məktəbə gətirilməməlidir. Uşaqlar onları hər gün məktəbdəki kitabxanadan götürərək istifadə etməlidirlər. Nəticədə bu ağırlıq da aradan qaldırıla bilər". 

Pediatrlar onurğa əyriliyinin qarşısını vaxtında almaq üçün süd məhsulları, kalsiumla zəngin qidalar qəbul etməyi məsləhət görürlər. Beynəlxalq standartlara görə, boyu 130-139 santimetr olan məktəbli üçün masanın hündürlüyü 62 santimetr, stulun hündürlüyü isə 38 santimetr olmalıdır. Məktəblinin boyu 140-149 santimetrdirsə, stolun hündürlü 68 santimetr, stulunku isə 41 santimetr olmalıdır. Həkimlər deyir ki, uşaqlar uzun müddət masa, kompüter arxasında oturursa, mütləq fasilə verməli, yüngül idmanla məşğul olmalıdır. Həkimlər skaliozun profilaktikası üçün ən yaxşı idman növü kimi üzgüçülüyü məsləhət görürlər. Bütün bunlaar isə daha çox valideynlər tərəfindən diqqət olunmalıdır. 


Sizin Reklam Yeriniz