Adil Qeybulla: "Azyaşlılarda, yaşlı adamlarda mənfi hallar müşahidə olunur"
100 ilə yaxındır ki, bir çox dünya ölkələrində tətbiq olunan qış vaxtına keçid ənənəsi hər il oktyabr ayının son bazar günü həyata keçirilir. Son dövrlərdə çoxsaylı mübahisələrə səbəb olan bu ənənə bəzi dünya ölkələrində ləğv olunsa da, bir çox ölkələrdə hələ də qalmaqdadır ki, bunlardan biri də Azərbaycandır. Bizdə yay və qış saatına keçid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il, 17 mart tarixli, 21 saylı qərarı ilə həyata keçirilir. Və bu günədək davam edir. Qış vaxtına keçid iqtisadi səmərəlilik cəhətdən müsbət təsirləri ilə əsaslandırılır. Amma bu prosesin başqa bir tərəfdən də, insan orqanizminə mənfi təsirləri barədə fikirlər səngimir.
İqtisadçı-ekspertlər Movqe.az-a saat
dəyişiminin gətirdiyi iqtisadi üstünlüklərdən, tibbi-ekspert Adil
Qeybulla isə orqanizmə yaartdığı fəsadlardan danışıb.
İqtisadçı-ekspert Ruslan Atakişiyev saytımıza verdiyi açıqlamada bununla bağlı deyib: "Qeyd etmək istərdim ki, keçən əsrdə Yeni Zelandiyada təklif edilən yay-qış vaxtlarına keçidlə bağlı olan saatın çəkilməsi birinci dəfə 1908-ci ildə İngiltərədə tətbiq edilib. Sonra 1981-ci ildən artıq dünyanın 76 ölkəsi yay vaxtına keçilməsi ilə bağlı olaraq qərar qəbul etdi və hal-hazırda da bir sıra ölkələrədə tətbiq olunur. Əslində, bu prosses yalnız yay vaxtına keçiddən ibarətdir. Sonra qış vaxtına qayıdılır. Və bu vaxta nə üçün keçilməsinə gəldikdə isə, xüsusən bu məsələ elekrtik enerjisinə qənaət olunması, Günəş vaxtının daha səmərəli istifadə olunması, nəticədə iqtisadiyyatda fəallığın, səmərəliliyin artırılması məsələsi ilə bağlı ortaya çıxıb. İnsanlar günorta vaxtının daha səmərəli istifadə olunması ideyasından çıxış edərək, bunu həyata keçiriblər. Alimlərin hesablamasına görə, bir sıra ölkələrdə saatın dəyişilməsi adambaşına 16 kilovatsaat elektrik enerjisinə qənaət edilməsi deməkdir. Azərbaycanda da bununla bağlı hesablamalar aparılıb. Məlum olub ki, saatın geri çəkilməsi ölkə əhalisi üzrə 10 milyon manat qənaət olunmasına gətirib çıxarır. Bir sıra dünya ölkələrində, ABŞ-da və s. inkişaf etmiş ölkələrdə göstərilir ki, xüsusən iş vaxtından sonrakı zamanda daha çox ticarət həyata keçirilir. Yəni, insanların, məsələn, idman mərkəzlərində istirahət etmək, müxtəlif alış-veriş mərkəzlərinə baş çəkmələri, alver etmək zamanı baxımından günortadan sonrakı Günəş vaxtı daha çox əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycanda bu məsələ daha da geniş araşdırılmalı, gələcək əhəmiyyəti müəyyən olunmalıdır".
İqtisadçı-ekspert Natiq Cəfərli qış
saatına keçidin elektrik enerjisinə qənaətlə əsaslandırıldığını
bildirib: "Bu, əsasən, enerji qənaətinə görə həyata keçirilir.
Yay və qış vaxtına keçilməsinin dünyada 100 illik tarixi var.
Əsasən, enerjiyə qənaət məsələlərini önə çəkərək, yay və qış
vaxtına keçilməsi ilə əlaqədar qərarlar verilib. Və Azərbaycan da
SSRİ-dən qalma ənənə ilə əlaqədar müstəqillik qazandıqdan sonra da
həmin qaydaya riayət edir. Amma son dövrlərdə alimlərin bu sahədə
ciddi araşdırmaları var. Belə qənaətə gəlinib ki, yay vaxtından qış
vaxtına keçdikdə insanın daxili bioloji saatının dəyişməsi və
dəyişən saata uyğunlaşması onun iş qabiliyyətinə, faydalı iş
əmsalına ciddi təsir göstərir. İnsan dəyişikliklərə öyrəşənə qədər
onun faydalı iş əmsalı aşağı düşür və bu onun iş qabiliyyətinin
azalması ilə nəticələnir. Bu da dolayısı ilə iqtisadiyyata təsir
göstərir. Bu gün bu məsələ dünyada geniş mübahisələrin yaranmasına
səbəb olub. Çünki, bu enerjiyə qənaətlə paralel olaraq, insan
sağlamlığına, insanın iş qabilyyətinə təsirlərlərlə də müşahidə
olunur. Amma təəssüf ki, Azərbaycanda bununla bağlı bir araşdırma,
bir iş aparılmır. Elmi cəhətdən əsaslandırılmış bir məsələ ortaya
qoyulmayıb. Hər halda yay vaxtına və yaxud da qış vaxtına keçilməsi
hələ ki, enerjiyə qənaətlə əsaslandırılır".
Tibbi ekspert Adil Qeybulla isə saat
dəyişiminin ölkəyə konkret iqtisadi artım gətirmədiyi halda, insan
orqanizminə gətirdiyi mənfi təsirlər baxımından tətbiqinin
gərəksiz olduğunu açıqlayıb: "Bu uzun müddət ayrı-ayrı dünya
ölkələrində tətbiq olunub. Bəziləri bundan imtina ediblər,
bəzilərində hələ davam edir. Bu, əslində, daha çox
insanların fəaliyyəti ilə bağlı bir məsələdir. Təsəvvür edin
ki, il ərzində eyni saatda yatıb-duran, işə gedən və bütün
fəaliyyətini quran adam bütün işlərini yeni bir saat intervalına
uyğunlaşdırmalı olur. Odur ki, bu, insanın adaptasiyasını pozur.
Öyrəşmək qabiliyyəti, immun sistemi, adaptasiyası yaxşı olan
insanlar bunu nisbətən rahat qarşılayır, problemsiz keçirirlər.
Amma sinir sisteminə təsiri ilə bağlı olaraq azyaşlılarda, yaşlı
adamlarda mənfi hallar müşahidə olunur. Əmək fəaliyyəti ilə məşğul
olanlar isə öz işlərini müəyyən saata uyğun qururlar və saat
dəyişərkən işlərə yeni vaxtda adaptasiya cəhətdən problemlər
yaşayırlar. O baxımdan da, hesab edirəm ki, saat dəyişimi dövlətə
iqtisadi cəhətdən konkret gəlir gətirmirsə, bunun tətbiqinə ehtiyac
yoxdur".