Əlaqə Arxiv
news Image
2013.10.28
14:25
| A A A
Ağalıq – Nökərlik – İnsanlıq (İçsəs)

İndi hamı kapitalist olmaq istəyir: müəllim də, həkim də, məmur da, şair də, dindar da... Ona görə ki, toplumun idealı puldur!

***

Sosializm quruluşunda da hamı kommunist olmağa can atırdı: müəllim də, həkim də, məmur da, şair də, dindar da... Ona görə ki, toplumun idealı kommunizm idi!

***

Olsun ki, feodalizm quruluşunda da hamı feodal olmaq istəyib, quruluşun tələb etdiyi ideallar uğrunda vuruşub.

***

Olsun ki, quldarlıq quruluşunda da hamı quldar olmaq istəyib, quldarlıq idealı uğrunda vuruşub.

***

Olsun ki, ibtidai icma quruluşunda da hamı icma başçısı olmaq istəyib, quruluşun idealları uğrunda vuruşub.

***

Bütün quruluşlar və toplumlar bir təbəqənin, sinifin o birisi üzərində ağalığından yaranıb.

***

İcma quruluşu – icma başçılarının icma üzərində ağalığı olub.

***

Quldarlıq quruluşu – quldarın qul üzərində ağalığı olub.

***

Feodalizm quruluşu – feodalın ona təhkimlilər üzərində ağalığı olub.

***

Sosializm quruluşu – dövlətin fərd üzərində ağalığı olub.

***

Kapitalizm quruluşu – varlının yoxsul üzərində ağalığıdır.

***

Quruluşlar dəyişib, ölüb – ağalıq–nökərlik dəyişməyib, ölməyib, yeni–yeni ağalar–nökərlər yaranıb.

***

Bəşərin elə çağı olmayıb ki, maddi bərabərlik istəməsin.

***

Bəşərin elə çağı olmayıb ki, ağalığa yenilməsin.

***

Maddi bərabərlik ideyası – ağalığın, təbəqəliyin ölümü olardı.

***

Ağalıq ölmək istəmir – ona görə insanlıq dirilmir.

***

Ağaların yönəltdiyi quruluşları, toplumları insani saya bilmərik.

***

Ağalıq–nökərlik, təbəqələşmə varsa – insanlıq yoxdur!

***

Bəşərin indiyəcən olan dönəmini, tarixini insanlıq yox, ağalıq-nökərlik tarixi saymalıyıq.

***

İnsanlar savaş istəmirlər, ədalətsizliklə barışmırlar, haqlarının tapdanmasına dözmürlər, ləyaqətli yaşam istəyirlər, korrupsiyaya qarşı çıxırlar – onlar yaşadıqları kapitalizm quruluşundan insanlıq umurlar, gözləyirlər.

***

Toplumun, quruluşun başçıları, ağaları kapitalistdirlər, yəni antiinsançıdırlar – onlardan insanlıq ummaq, gözləmək aldanışdır.

***

İnsanlıq hələ başlamayıb – ona görə ki, ağalıq ölməyib. Ağalıq öləndə – insanlıq başlayacaq!

Sizin Reklam Yeriniz