Ramil Osmanlı: "Təbii ki, bu paralel əmlak təcrübəsindən istifadə etmək olar"
Mənzil bazarında canlanma yaratmaq üçün Ukraynada maraqlı bir təcrübədən istifadə olunur. Belə ki, bir mənzil bir nəfərə yox, bir neçə nəfərə satıla bilir. Məsələn, ümumi sahəsi 60 kvadratmetr olan mənzilin yarısı bir, yarısı ayrı adama satılır. Və yaxud da ki, 6 otaqlı mənzilin 3 otağı bir şəxs, 3 otağı ayrı şəxs tərəfindən alına bilir. Beləliklə, tanış olmayan insanlar bir evdə yaşaya bilirlər və bu hal əhali tərəfindən normal qarşılanır. Bu təcrübənin Azərbaycanda da tətbiqinin mümkün olub-olmamasını barəsində ekspertlər arasında sorğu apardıq.
MBA LTD şirkətinin rəhbəri Nüsrət
İbrahimov saytımıza verdiyi açıqlamada bu təcrübənin Azərbaycanda
tətbiqinin mümkün olmadığını deyib: "Bu, demək olar ki, kommunal
mənzil təəssüratını yaradır. Bizim insanlarda belə bir həvəs, istək
yoxdur ki, kimləsə kommunal tipli mənzildə birlikdə yaşaya. Amma,
bizdə belə hallara əvvəllər rast gəlinirdi. 300-400 kvadrat metr
tikilən mənzillər satıla bilmədikdə onu iki hissəyə bölür,
ayrı-ayrı şəxslərə satırdılar. Amma hərəsinə ayrı-ayrı qapılar
qoyur, ayrı-ayrı nömrələr verirdilər. Tamam ayrı mənzillər olurdu.
Amma, bir mənzilin iki adama satılması kimi bir təcrübədən
bizdə istifadə olunmur. Və mən nə vaxtsa istifadə olunacağını
da gözləmirəm".
"Əmlak bazarı iştirakçıları" İctimai
Birliyinin icraçı direktoru Ramil Osmanlı da Movqe.az-a
açıqlamasında Azərbaycan insanının öz evini başqasıyla paylaşmağa
razı olmayacağından, paralel əmlak təcrübəsinin bizdə tətbiqinin
mümkün olmadığını bildirib: "Təbii ki, bu paralel əmlak
təcrübəsindən istifadə etmək olar. Sadəcə, Azərbaycan vətəndaşının
məsələyə münasibəti bir qədər fərqlidir. Azərbaycan vətəndaşı
nəinki tanımadığı adamla paralel olaraq eyni mülkiyyət sahibi
olmağa maraqlıdır, hətta, öz yaxın adamları ilə, yaxın qohumları
ilə belə paralel mülkiyyətdə olmağı məqsədəuyğun hesab eləmir.
Bunların hamısı bizdə daşınmaz əmlaka olan həssas
münasibətdən irəli gəlir. Loru dildə deyilsə, Azərbaycanda "dünya
malına" münasibət bir qədər fərqlidir. Bu baxımdan hesab edirəm ki,
Azərbaycanda bu təcrübənin tətbiq olunması mümkün olsa da, kütləvi
xarakter daşıya bilməz.
Düşünmürəm ki, təcrübədən istifadə olunması mənzil bazarında artıma səbəb olardı. Çünki, bunun üçün insanların təfəkkürünü dəyişmək lazımdır. 5-10 və yaxud da, 50 nəfərin bu təcrübədən yararlanması Azərbaycan bazarında aktivliyə gətirib-çıxaracaq bir tendensiya ola bilməz. Hesab edirəm ki, əgər alıcıların, heç olmazsa, 20-30 %-i bu təcrübədən yararlanarsa və bunu maraqlı hesab edərsə, onda bazarda müəyyən qədər canlanma, dəyişiklik hiss oluna bilər".