Əlaqə Arxiv
news Image
2013.11.22
16:27
| A A A
Siqaretə 60 min manatdan çox vəsait xərcləyən vətəndaşlarımız
Adil Qeybulla: «Siqaret çəkən insanlarda ağciyərin xərçəngi riski siqaret çəkməyənlərlə müqayisədə 20 dəfə çoxdur» Vüqar Bayramov: «Əslində, bir vətəndaş yalnız siqaret çəkməməklə hətta öz mənzil problemini belə həll edə bilər»

21 noyabr tarixi bir çox dünya ölkələrində "Siqaretdən imtina günü" kimi qeyd olundu. Məlumat üçün qeyd edək ki, bu günü əlamətdar gün kimi qeyd etməyi ilk dəfə 1977-ci ildə Amerikan Onkologiya Cəmiyyəti təklif edib. O gündən etibarən insanlar öz sağlamlıqları naminə siqaretdən qurtulmaq üçün yollar axtarır və cəmiyyətdə müxtəlif şüarlar altında təbliğat aparırlar. Bu gün siqaretin həm ekologiyaya, həm insanların öz büdcəsinə, həm də ki sağlamlığına vuran zərər sürətlə böyüməkdədir. 

Tanınmış tibb eksperti Adil Qeybulla Movqe.az oxucularına siqaretin insan orqanizminə vurduğu fəsadlardan danışıb: "Ümumiyyətlə, siqaret çox zərərli adətlərdən biridir. Statistikaya görə, hər 100 siqaret çəkən şəxsin təxminən 18 nəfərində ağciyərin bu və ya digər xəstəlikləri, ən çox da xərçəngi müşahidə olunur. Siqaret çəkən insanlarda ağciyərin xərçəngi riski siqaret çəkməyənlərlə müqayisədə 20 dəfə çoxdur. Bütün bunlar göstərir ki, siqaret çəkmək orqanizmə xeyli zərərlidir. Siqaretin tərkibində təkcə nikotin deyil, zərərli bir çox maddələr var ki,  nəfəs yolları, bronxları qıcıqlandıran əsasən onlardır. Siqaretin orqanlara olan zərərlərini ümumiyyətlə, saymaqla bitmir. Uzun müddət siqaret çəkmək nəinki xəstənin özünə, ətrafına da ziyan vurur. Çünki, siqaret çəkənlər, bəzən görürsünüz ki, qapalı yerlərdə, müxtəlif ictimai yerlərdə ətrafa məhəl qoymurlar. Məsələn, şadlıq evlərinə diqqət etsəniz, görəcəksiniz ki, məclis başlayandan 2 saat sonra böyük əksəriyyət siqaret çəkməyə başlayacaq. Həm də bunu zaldan kənarlaşıb, siqaret üçün xüsusi ayrılmış yerlərdə yox, içəridə edirlər. Kondisionerin havası dövr etdikcə isə, çirkli hava yenidən zala qayıdır və qadınlar, uşaqlar, yaşlılar və digər siqaret çəkməyən şəxslər passiv şəkildə siqaret çəkmiş olurlar. Bu proses  daim davam edir. İctimai nəqliyyatda, ictimai yerlərdə insanların daim siqaret çəkməsi özü bir mədəniyyət göstəricisidir, əslində. Hesab edirəm ki, bu kimi məsələlər adminstrativ yollarla  öz həllini tapmalıdır. Bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunub. Alınan qərara görə, bu gün hava limanında siqaret çəkmək üçün xüsusi kabinələr qurulub. Siqaret çəkmək istəyənlər həmin kabinəyə daxil  olub, orda siqaret çəkirlər.  Düşünürəm ki, bu cür kabinələr müxtəlif iş yerlərində də olmalıdır. 

Ekspert Azərbaycanda bu sahədə təbliğatının çox zəif aparıldığını bildirdi: "Digər cəhətdən, Azərbaycanda bu məsələnin təbliğati da zəif aparılır. Kütləvi informasiya vasitələrində, elektron KİV-lərdə, ümumiyyətlə, genofonda zərərli olan faktorların təbliğatı çox zəif gedir. Bizim televiziya kanallarında istənilən sayda əhəmiyyətsiz verilişlər tapmaq olar. Amma mənalı verilişlər, təəssüflər olsun ki, azdır. Təbliğat mütəmadi olaraq getsə, insanlar bunlardan xəbərdar olar. Bunun üçün insanlara müxtəlif nümunələr göstərmək olar. Və yaxud da statistikanı insanlara təqdim etmək olar . Siqaretin orqanizmə zərərlərini insanlara aşılamaq lazımdır. Bununla bəzi insanlar siqaret çəkməməyə qəti qərar verərlər. Bu kimi yollarla müəyyən nəticələrə gəlmək mümkündür". 


İqtisadçı-ekspert Vüqar Bayramov isə saytımıza verdiyi açıqlamada siqaretdən istifadənin iqtisadi cəhətdən insanlara vurduğu zərərdən danışdı: "Son zamanlar tütün məhsullarının istehsalı və insanlar tərəfindən istehlakı təəssüf ki, artıb. Azərbaycan artıq tütün  istehsalına görə vergi verməkdə önə çıxan ölkələrdən birinə çevrilib. Tütünə olan tələbatın, nəticədə ölkəyə tütün idxalının artması təkcə orqanizmə olan zərərləri ilə müşahidə olunmur. Tütünə marağın artması, tütün məhsullarının daha çox istehlak edilməsi eyni zamanda ailə büdcəsinin əhəmiyyətli hissəsinin tütün məhsullarının alınmasına yönəldilməsi ilə bağlıdır. Statistik göstəricilərə görə, siqaret çəkən bir şəxs təxmini olaraq 60 il yaşayırsa, bu insanın ömür boyu siqaretə xərclədiyi pulun həmin o yaşadığı dövrə uyğun olaraq, təxminən 60 min manatdan artıq olduğunu göstərir. Bu o deməkdir ki, əslində, bir vətəndaş yalnız siqaret çəkməməklə hətta öz mənzil problemini belə həll edə bilər. Siqaretin çəkilməsi kifayət qədər ciddi xərcdir. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, yalnız bu ilin 10 ayında ölkəyə gətirilən siqaret məhsullarının həcmində 12%-dən çox artım olub. Yəni, bu ilin 10 ayında ölkəyə 200 milyon dollarlıq tütün idxal olunub. 

Bütün bu səbəblərdən, ölkədə tütünə olan marağın azalması üçün müəyən inzibati tədbirlər görülməlidir. O cümlədən inkişaf etmiş ölkələrdəki kimi ictimai yerlərdə siqaretdən istifadənin qadağan olunması da mühüm şərtlərdən biridir". 


Sizin Reklam Yeriniz