Əlaqə Arxiv
news Image
2012.05.30
22:38
| A A A
Taxılın üzərindən ƏDV-nin götürülməsi yenidən gündəmə gəlir
Nazim Məmmədov: “Son illər kənd təsərrüfatına orta hesabla 1 milyard manata yaxın subsidiya verilib, lakin ciddi nəticə yoxdur” Vahid Həsənov : “ƏDV -nin olması Azərbaycanda daxili istehsalçıların marağını artırmaq üçün dövlət tərəfindən bir tənzimləmə metodudur”

Məlumat verildiyi kimi bu il Azərbaycanın daxili istehsal hesabına taxıl və buğdaya olan tələbatını tam ödəməyə imkanı çatmayacaq. Kənd təsərrüfatı naziri İsmət Abasovun sözlərinə görə, cari ildə ehtiyacı tam ödəmək üçün taxıl və buğdanın bir hissəsi idxal olunacaq. Bu arada qeyd edək ki, son günlərdə dünya bazarlarında taxılın qiyməti təxminən 20 faiz artıb.

Elə bu da ondan xəbər verir ki, Azərbaycan idxal etdiyi taxılı daha baha qiymətə almalı olacaq. Belə vəziyyət ölkə daxilində bahalaşmaya yol aça bilər. Elə bu səbəbdən ekspertlər hesab edir ki, idxal olunan taxıl üzərindən əlavə dəyər vergisinin (ƏDV) yenidən götrülməsinə ehtiyac var.

İqtisadçı alim Nazim Məmmədov isə bildirir ki, əlavə dəyər vergisinin tətbiqini və yaxud onun sonradan aradan götürülməsi qısa müddət üçün səmərəlidir: "Ancaq, bu strateji hədəf olmamalıdır". Nazim Məmmədov xatırladır ki, son illər Azərbaycanda taxıl ilə bağlı əkin sahələrinə müvafiq olan məhsuldarlığı nəzərə alaraq bizdə kifayət qədər daxili istehsal artmış kimi göstərilir: Ancaq, eyni zamanda idxal da həmin illərdə yenə artmaqda davam edir. Maraqlıdır ki, əgər daxili istehsal artırsa, bəs onda niyə buğda idxalı da artır?" İqtisadçı qeyd edir ki, kənd təsərrüfatına dövlət büdcəsindən böyük vəsait ayrılır: "Son illər kənd təssərüfatına orta hesabla 1 milyard manata yaxın subsidiya verilib, lakin ciddi nəticə yoxdur".

İqtisadçı alim bunun kökündə duran səbəbləri ayrı-ayrı qurumların öz işini yaxşı göstərmək naminə bu və digər formada reklam xarakterli addımlar atmasında və rəqəmlərin şişirdilməsində görür: "Bu, qısa müddətdə effekt verə bilər, ancaq uzun müddətli burada nəaliyyət əldə etmək mümkün deyil. Ona görə məhsulun daha çox daxildə istehsalı üçün stimullaşdırıcı addımlar atılmalıdır. Bu stimullaşdırıcı addımlar kənd təssərüfatı ilə məşğul olan sahələrə individual, ünvanlı olaraq maliyyə köməyi ilə uzun müddətli və az faizli kreditlərin verilməsidir. Eyni zamanda dövlət büdcəsindən həm ordunun saxlanılması, həm digər qapalı müəssisələrin saxlanılması üçün ərzaq təminatı məqsədilə 800 milyon manata yaxın vəsait ayrılır. Dolayısı yolla bu məhsullar bazardan alınır. Adətən onların menyusuna baxdıqda, əsas etibarı ilə xarici ölkələrdə istehsal olunub Azərbaycana idxal olunmuş məhsulları görürük".

Digər ekspert Vahid Həsənov isə bildirir ki, ƏDV - nin olması Azərbaycanda daxili istehsalçıların marağını artırmaq üçün dövlət tərəfindən bir tənzimləmə metodudur: "İdxala o rüsum qoyulur ki, daxili bazarda taxıl istehsalçılarının hüquqlarını qorusunlar. Yəni, daxili bazarda taxıl istehsalçılarının marağını artırsınlar. Bu, dövlətin gördüyü işlərdən biridir. Ancaq, digər tərəfdən dövlətin özü də taxıl tədarük edir. Amma çox təəssüf ki, çox az miqdarda taxıl tədarük edilir. Bunun da səbəbi onunla izah olunur ki, taxılın təmizlik dərəcəsi aşağı olduğuna görə tədarük məntəqələri onu qəbul etmirlər. Digər tərəfdən də yeni texnologiyaların olmamasından yığından sonra taxılın təmizlənməsi aşağı səviyyədə olur. Taxılın içərisində olan nəmli ot bitkiləri taxılın saxlanılmasına mənfi təsir göstərir və əlavə iş, dəyər yaradır. Bu da kənd təssərrüfatı əməkçiləri üçün sərfəli olmur".

Ekspert onu da əlavə etdi ki, ƏDV - nin tətbiq olunması daxili bazar üçün nəzərdə tutulub: "Bu, yaxşı haldır. Amma, effekti zəifdi. Yəni, kənd təsərrüfatı ilə məşğul olan şəxslərdə keyfiyyətli taxılın əmələ gətirməsi üçün maraqlar hələ azdır. Bir neçə ildən sonra ola bilsin əhali yeni seçimlərlə yeni taxıl növlərindən istifadə edə biləcəklər".

Ekspert idxal olunan taxılın üzərindən ƏDV-nin götürülməməsini düzgün hesab edir: "Çünki xaricdən gələn taxılın qiyməti daxili bazarı tənzimləyən amildən asılıdır. Xaricdən gələn taxıl nə qədər ucuz olsa, daxildəki taxıl da o qədər ucuz olar. Həm də etiraf edək ki, Azərbaycanda taxılın qiyməti elə də baha deyil".

Kənd təsərrüfatı mütəxəssisi tədqirəlayiq hal kimi bildirir ki, Azərbaycanda taxıl tədarükü yeni taxıl növlərinin yaradılmasında, yeni texnikanın Azərbaycana gətirilməsində əhəmiyyət kəsb edir. Həm də Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki Aqrolizinqdə taxılın yığımına, ilkin emalına aid olan texnikaların istehsalı nəzərdə tutulur.

Vahid Həsənov onu da qeyd etdi ki, taxılın yığımdan sonra ilkin emalını yerinə yetirən avadanlıq ölkəmizdə istehsal olunmur: "Bu da xaricdən gətirilir. Ona görə də qiymətlər bahalaşır".

Mübariz Bayramov

Sizin Reklam Yeriniz