Son vaxtlar Azərbaycanda zəlzələlərin intensivləşdiyi müşahidə olunmaqdadır. Zaqatalada baş verən yeraltı titrəyişlərin ardınca Xəzər dənizində seysmoloji aktivliyin yüksəlməsi narahatlığı artırır. Elə mayın 25-də dənizin Azərbaycan sektorunda baş verən yeraltı təkanlar 55 km dərinlikdə olub. Maqnitudası 3,3 olan zəlzələ Bakı şəhərindən 104 km cənub-şərqdə qeydə alınıb. Paytaxtda zəlzələ hiss olunmayıb.
Ekspertlərə görə, titrəyişlər daha güclü zəlzələnin baş verməsi üçün stimul yarada bilər. Zəlzələ ocaqları xırda titrəyişlər nəticəsində oyanır və fəlakət həddinə çata bilirlər.
Bu arada qeyd olunur ki, çimərlik mövsümü yaxınlaşdığı dövrdə Xəzərdə zəlzələlərin olması vətəndaşlarda qorxu yaradır. Həmçinin baş verə biləcək zəlzələlər Xəzərin dibinin relyefini dəyişə, çuxurlar, çökəkliklər, təpəciklər yarada bilər ki, bu da çimərliyə gedənlər üçün təhlükəlidir.
"Ekoenergetika" Akademiyasının prezidenti Fəqan Əliyevin sözlərinə görə, Azərbaycanda seysmoloji cəhətdən ən aktiv ərazi Xəzər dənizidir: "Xəzərdə ən güclü zəlzələ məhz Azərbaycan sektorunda baş verir. Xəzərdə baş verən zəlzələlər gücünə və təsir imkanlarına görə fərqlənir. Gilli-qumlu olan dənizimiz zəlzələnin təsirlərinə qarşı çox kövrəkdir. Dənizin dibi bu zaman daha tez dəyişikliklərə məruz qalır. Xəzərin Azərbaycan sektoru, ümumiyyətlə, çimərlik kimi yararsızdır. Həm dəniz suyunda bağırsaq çöplərinin olması, bakteriyaların miqdarı, həm də dənizin dibinin relyefinin qeyri-hamar olması çimərlik üçün yaramır. Qara dənizin sahillərində olmuşam. Kilometrlərlə üzmək mümkündür. Normal ölçülü insana boy verir. Xəzər dənizi isə 100 metr içəriyə doğru getdikdə, qəfildən dərinləşir, sonra yenə dayazlaşır. Xəzərin dibi başdan-ayağa təpəciklərdir. Təpəciklər zəlzələlər zamanı yaranıb. İndi onların əksəriyyəti nisbətən ərisə də, yenə də kələ-kötür yerlər qalıb".
F.Əliyev hesab edir ki, Xəzər dənizində baş verən zəlzələlərin Bakı şəhərinə o qədər güclü təsiri olmur: "Ona görə ki, zəlzələnin episentri dənizin 50-60 kilometrliyində olur. Kənara getdikcə zəlzələ zəifləyir. Məsələn, Xəzərin 50 kilometrliyində 7 bal gücündə olan zəlzələ Bakıda 4-5 ballıq təsirə malik olur. Dənizin suyu və dibinin gil-qumlu olması zəlzələnin təsirlərinin qarşısını müəyyən qədər alır".
Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə hesab edir ki, Xəzər dənizində baş verən zəlzələlərin çimərlik üçün nəzərdə tutulan ərazilərə o qədər də təsiri olmayacaq: "Axı bizim dənizdə elə böyük zəlzələ olmayıb. Heç gözlənilmir də. Xəzərdə zəlzələ olsa, bundan daha çox neft buruqları əziyyət çəkəcək. Xəzərin dibindəki kommunikasiya xətləri, neft buruqları zəlzələnin güclü təsirindən yararsız hala düşə, tonlarla neft dənizə axa bilər. Əsas problem budur, dənizin dibinin relyefinin dəyişməsinin böyük fəsadı ola bilməz. Bir vaxtlar mətbuatda yazılırdı ki, guya Xəzərdə güclü sunamı ola bilər. Mən bu arqumentlərin yalan olduğunu elmi əsaslarla sübut etdim. Bu elə məsələdir ki, gərək coğrafiyanı, seysmologiyanı gözəl biləsən. Məsuliyyətsiz açıqlamalar, çıxışlar ictimaiyyət arasında ajiotaj yaradır".
T.Zeynalov əlavə etdi ki, Bakıdakı çimərliklərin əksəriyyəti özəlləşdirilməlidir: "Dənizin çimərlik üçün nəzərdə tutulan hissələri təmir edilməli, dəniz suyunun səviyyəsini çimərlik üçün normal həddə salmaq üçün ora qum, torpaq verilməlidir. Bu zaman hündür-alçaq yerlər tarazlaşar, təhlükəli ərazilər olmaz".
R.Qaçayoğlu