Əlaqə Arxiv
news Image
2013.12.28
13:14
| A A A
Yem üçün subsidiya ayrılması məqbul sayılmadı
Vahid Məhərrəmov: “Azərbaycanın iqlim şəraiti imkan verir ki, il ərzində 5 dəfədən çox yonca əldə olunsun” Nizami Qarayev: “Subsidiyanı bu istiqamətə yönəldərək daha çox nəticəyə nail olmaq mümkündür”

Bu gün rəsmi qurumların da təsdiqlədiyinə görə, ölkədə yemçilik sahəsində axsaqlıq var. Yəni, yerli istehsalın həcmi o qədər də yüksək deyil. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov qeyd edir ki, Azərbaycanda mal-qaranın yemlə təmin olunması ilə bağlı mövcud tələbat dolğun ödənilmir: "Hazırda ölkədə faktiki olaraq 25 min ton həcmində qarışıq yem istehsal olunur: "Ölkədə silosluq qarğıdalı, günəbaxan, yem çuğunduru, soya, raps əkilmir. Nəticədə, heyvanların yemə olan tələbatı yalnız 30% ödənilir. Yem istehsalı sahəsi olduqca gəlirlidir. Lakin bu sahənin inkişaf etməsi üçün fermerlərə subsidiyalar verilməlidir". Bildirək ki, bu gün qonşu Türkiyədə yemçilik istiqamətində subsidiyaların verilməsi praktikası həyata keçirilir. Orada yoncanın hər hektarına görə dörd ildən bir 1 500 lirə həcmində subsidiya verilir". Mütəxəssislər isə yem istehsalı ilə məşğul olan fermerlərə subsidiyların verilməsində fərqli düşünürlər. Məsələn, aqrar ekspert Vahid Məhərrəmovun "Mövqe"yə verdiyi açıqlamaya görə, bunu hələlik düzgün hesab etmir: "Bu il 2.9 milyon yon ton taxıl istehsal olunub. Bunun əsas hissəsi heyvandarlıqda yem kimi istifadə olunmalıdır. Yəni, artıq hökumət yemçiliyə subsidiya verib. Taxıl istehsalı nəyə görə 2.9 milyon tondur? Əgər Azərbaycanın buğdaya olan ehtiyacı 1.4 milyon tondursa?

Taxıl üçün hər hektara 40 manat, buğda üçün isə 80 manat subsidiya verilir. O buğdanın da əsas hissəsi yemə gedir. Çünki, istehsal etdiyimiz taxılın keyfiyyəti aşağı olduğu üçün həmin taxılı daha çox biz heyvandarlıqda istifadə edirik. Odur ki, bu gün taxıl istehsalı üçün ayrılan subsidiyanın səmərəliliyi təmin edilməlidir. İstehsal olunan taxılın maldarlıqda keyfiyyət əmsalı yüksək olmalıdır. Nazirlik bu işin öhdəsindən gələrsə, onda yem istehsalı ilə məşğul olan fermerlərə subsidiyaların ayrılması gərək ola bilər. Əsasən də yonca istehsalı üçün. Ancaq bu gün ölkədə yonca istehsalı kifayət qədər gəlirli və xərci azdır. Azərbaycanın iqlim şəraiti imkan verir ki, il ərzində 5 dəfədən çox yonca əldə olunsun. Həm də hazırda yonca kifayət qədər yaxşı qiymətə satılır. Ona görə də hələlik yemçiliyə subsidiya ayırmağa ehtiyac görmürəm".

Digər mütəxəssi Nizami Qarayev "Mövqe"yə bildirdi ki, əkilən istənilən istənilən bitkinin hər hektarına 40 manat pul verilir: "Bu isə əslində, dolayısı ilə yonca istehsalına da verilən subsidiyadır. Çünki, nə əkilməsindən asılı olmayaraq istənilən bitkiyə 40 manat pul verilir. Amma ümumilikdə heyvandarlıqda subsidiyalaşma aşağı səviyyədədir. Heyvandaqlıqda verilən subsidiyanın əsas hissəsi kənardan gətirilən cins heyvanların payına düşür. Hər heyvana görə 1000, 1200 manat pul verilir. Bu heyvandarlığın cins tərkibinin dəyişdirilməsinə yönəlmiş bir fəaliyyətdir. Lakin heç də səmərəli fəaliyyət deyil. Çünki, bir heyvana görə 1000 manat verilməsi əvəzinə heyvandarlığın cins tərkibinin dəyişməsi üçün süni mayanlamadan istifadə etmək olar. Subsidiyanı bu istiqamətə yönəldərək daha çox nəticəyə nail olmaq mümkündür. Türkiyədə artıq bu mexanizm tətbiq edilir".

Ekspert əlavə etdi ki, heyvandaqlığın inkişafına maneçilik törədən əsas faktorlardan biri, yem bazasının kifayət qədər olmamasıdır: "Belə ki, Azərbaycanda yemçilik demək olar ki, əsasən yoncanın üzərində durur. Digər şirəli yem sahəsində isə geriliklər var. Amma təqdirəlayiqdir ki, son dövlər müəyyən yem zavodları istehsala başlayıb. Lakin bunlar da bu gün heyvandarlığı kifayət qədər yemlə təmin etməyə kömək etmir. Yaxşı olar ki, burdada kiçik yem zavodlarını qurulması dəstəklənsin".

Sizin Reklam Yeriniz