Əlaqə Arxiv
news Image
2014.01.18
16:18
| A A A
Eyni dərmanların fərqli qiymətləri
Adil Qeybulla: "Dərman sənayesində dərman maddələrinin dövlət reyestrinin yaradılması yolu ilə məsələnin həllinə nail olmaq mümkündür" Eyyub Hüseynov: "Gözlənilir ki, yaxın vaxtlarda dövlət səviyyəsində bir sıra ilkin tələbat dərmanlarının qiymətinə müəyyən hədd qoyulacaq"

Bilindiyi kimi, hazırda Azərbaycanda çoxlu sayda aptek fəaliyyət göstərir. İndi az qala hər tində bir aptek yerləşir. Bu apteklərdə də müxtəlif çeşidli dərman preparatları satılır. Belə vəziyyət dərmanların qiymətlərinin ucuz olmasını stimullaşdırsa da, bu hal müşahidə edilmir. Belə ki, apteklərin çoxluğuna rəğmən dərmanların qiymətlərini ucuz hesab etmək olmaz. Digər bir məqam isə ondan ibarətdir ki, eyni bir dərmanın qiyməti heç də bütün apteklərdə eyni deyil.

Belə ki, eyni dərmanın bir aptekdəki qiymətilə digər aptekdəki qiyməti arasında bəzən hətta, kəskin fərqlərin olduğu üzə çıxır. Məsələ mütəxəssislər tərəfindən bir neçə dəfə qaldırıldıqdan sonra müvafiq qurumlar da ona reaksiya verərək eyni dərmanın qiymətinin apteklər üzrə fərqli olmasının yolverilməz olduğunu bildiriblər. Amma bütün bunlara rəğmən, yenə də müxtəlif apteklərdə eyni dərmanlar fərqli qiymətlərlə satılır. Bu vəziyyətdən isə heç şübhəsiz istehlakçı əziyyət çəkir.

Tibb elmləri doktoru Adil Qeybulla dərmanların satış qiymətləri ilə bağlı yaranmış problemin bazar qaydalarına əsasən tənzimlənməli olduğunu söylədi: "Bir müddət öncə adminstrativ qaydada dərman preparatlarının qiymət siyasətinə nəzarət etmək məsələsi ortaya çıxdı. Lakin bu addım özünü doğrultmayacaq. Bəzi apteklər şəbəkəsi öz depoları vasitəsilə dərmanı daha ucuz almaq imkanına malikdirlər. Fərdi qaydada yaradılan digər apteklər isə həmin dərman depolarından dərmanı nisbətən yüksək qiymətə almaq zorundadır. Bu əsasda eyni dərmana eyni qiymətin qoyulması fonunda həmin apteklər sıradan çıxmaq təhlükəsilə üz-üzə qalar. Ona görə də eyni dərmanın bütün apteklərdə eyni qiymətdən satılması məsələsi özünü doğrultmayacaq. Bu baş verərsə, yeni bir narazılıq sisteminin əsasını qoya bilər. Hesab edirəm ki, bu məsələ bazar qanunu ilə tənzimlənməlidir. Əhalinin özü də bahalı yerdən dərman almamaqla məsələnin həllinə nail ola bilər. Bu yolla tədricən məsələ qaydasına düşər. Dərman sənayesində dövlət farmokopeyasının, dərman maddələrinin dövlət reyestrinin yaradılması yolu ilə də məsələnin həllinə nail olmaq mümkündür. Yalnız farmokopeyaya daxil olan dərmanları konkret firmalar Azərbaycana daxil edə bilər. İndiki halda isə inzibati metodla problemin həllinə nail olmaq mümkünsüzdür".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qeyd etdi ki, problemin həlli üçün bəzi ilkin tələbat dərmanlarının satış qiymətinə hədd qoyula bilər: "Azad İstehlakçılar Birliyi də eyni dərmanın Bakı apteklərində müxtəlif qiymətlərə satılması ilə bağlı müəyyən araşdırmalar aparıb. Nəticədə məlum olub ki, bəzi distributorların özlərinin aptek şəbəkəsi var. Yəni, birbaşa dərmanları gətirənlər həm də öz aptek şəbəkələri vasitəsilə onun satışını da həyata keçirirlər. Digər distributorları bazardan sıxışdırıb çıxarmaq üçün öz apteklərində qiymətləri nisbətən ucuz müəyyənləşdirirlər. Başqa apteklər isə dərmanı birbaşa gətirmədiklərindən onu baha qiymətə satmalı olur. Belədə də eyni dərman preparatı apteklərin birində bir qiymətə, digərində isə ondan qat-qat baha qiymətə satılır. Bu hal bazarda aparılan haqsız üsullardandır. Belə vəziyyət istər-istəməz birbaşa olaraq istehlakçıların cibinə də təsir edir və bununla istehlakçı hüquqları da pozulur.

Bəzi dərmanlar hətta, dəyərindən 10-15 dəfə baha satılır. Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyi Səhiyyə Nazirliyilə müəyyən danışıqlar aparır. Bu nazirlikdən aldığımız məlumata görə, gözlənilir ki, yaxın vaxtlarda bir sıra ilkin tələbat dərmanlarının qiyməti dövlət tərəfindən tənzimlənəcək, dövlət onların satış qiymətinə müəyyən hədd qoyacaq. İstehlakçıların marağının qorunması baxımından həmin addımın atılması çox yaxşı olardı".

Sizin Reklam Yeriniz