Əlaqə Arxiv
news Image
2014.02.03
17:45
| A A A
Ailədaxili zorakılıqlar təhlükəli həddə çoxalır
Nuriyyə Quliyeva: «Müasir dövrdə aldığımız bir çox informasiya bizi zorakılığa istiqamətləndirir» Dəyanət Rzayev: «Milli mentalitetin də ailədaxili zorakılıqda, cinayətlərdə müəyyən qədər rolu»

Azərbaycan mentalitetinə yad olsa da son illərdə ailədaxili zorakılıq və qətllərin sayında müəyyən bir artım müşahidə olunmaqdadır.  Belə halların qarşısının alınması üçün maarifləndirmə işləri genişlənsə də, hələlik istənilən nəticə yoxdur.  Bu fonda ən çox zərər çəkən isə əsasən zərif cinsin nümayəndələri olur. 

Məsələyə münasibət bildirən Peşəkar Psixologiya Mərkəzinin direktoru Nuriyyə Quliyeva hər şeyin təməlinin uşaq vaxtlarında qoyulduğunu deyir: "Ailə hər birimiz üçün məsuliyyətli, ciddi və müqəddəs bir qurumdur. Xüsusən azərbaycanlı ailəsində böyüyən, İslam dininin əxlaqi keyfiyyətlərini mənimsəyən insanlar üçün ailə xüsusi anlam daşıyır. Lakin təəssüflə qeyd etməliyik ki, son dövrlərdə boşanmaların, ailədaxili münaqişələrin və bunun fonunda da ailədaxili cinayətlərin sayı artmaqdadır.

  Bunun bir çox səbəbi var. Bunlardan ən önəmlisi şəxsin erkən yaş dövrlərindən təsirində qaldığı amillərdir. Müasir dövrümüzdə televiziya, internet, telefon vasitəsilə aldığımız bir çox informasiya bizi zorakılığa istiqamətləndirir. Uşaqların oynadığı şiddəti aşılayan oyunlar, oyunlarda müharibə, döyüş şəraitinin təsviri, cizgi film və ya film qəhrəmanlarının canlıları öldürməsi və s. onların psixikasına ciddi təsir edir. Bu, uşaqlarda aqressivliyə, səbirsizliyə gətirib çıxarır. Həmin uşaqların bəziləri gələcəkdə insanlara qarşı daha amansız olur. Bütün bunlardan təkcə uşaqlar deyil, yeniyetmələr, gənclər və yetkin yaşlı insanlar da təsirlənir. Çünki bu tip məlumatlar bizim birbaşa şüuraltımıza təsir edir. Beyin bu informasiyanı yığır, bizim şiddətə meylli və təəssüf ki, bir çox gəncimizin cinayətə meylli bir şəxs kimi formalaşmasına gətirib çıxarır.   Mən burada uşaqlıq və yeniyetməlik dövrünü ona görə vurğuladım ki, bu sadaladığım amillər ən çox onlara təsir edir və cinayətkar şəxs demək olar ki, elə məhz bu dövrlərdən formalaşır".

Psixoloq ailədaxili zorakılıq və cinayətlırin törənməsində alkoqolizm, narkomaniya kimi pis vərdişlərin də müəyyən qədər rolu olduğunu bildirir: "Ailədaxili zorakılıq və cinayətlərin digər səbəbi isə cinayətkarın mənfi vərdişlərə meylli olmasıdır. Yəni, cinayətlərə nəzər yetirsək, görə bilərik ki, cinayət törədən şəxslər arasında alkoqoldan, narkotik maddələrdən istifadə edənlər də az deyil. Şəxs bu maddələrin qəbulu zamanı doğru qərar qəbul edə bilmir. İstəyinə nail olmaq üçün hər bir vasitədən istifadə edən şəxs ona etiraz edən ailə üzvünə, yaxınına qarşı aqressiv olur və təzyiq göstərir. Bir çox hallarda isə daha ağır nəticələr olur, qətl törədilir.

  Diqqətlə təhlil etsək, görərik ki, cinayət törədən şəxslərin bir çoxu uşaqlığında və ya yeniyetməlik dövründə zorakılığa məruz qalmışlar. Bu da digər önəmli səbəblərdən biridir. Hətta bəzən cinayətkar şəxsin ailə üzvləri, yaxın qohumları arasında da müxtəlif xarakterli cinayətlərə də rast gələ bilərik. Sözsüz ki, bu hal şəxsin əqidəsinə ciddi təsir edir. Əgər şəxsə cinayətlər və ya cəmiyyətdə qəbul olunmayan davranışlar haqda düzgün məlumat verilərsə, həmin şəxs cinayətə daha az meylli olar. Lakin bu o demək deyil ki, cinayət törədən hər bir şəxsə ailə tərəfindən düzgün tərbiyə verilməyibdir. Mən burada sadəcə olaraq, ailədaxili cinayətlərin və ümumiyyətlə, bütün cinayətlərin müəyyən qədər qarşısının alınmasında ailənin və mühitin önəmli rolunu qeyd etmək istədim.

  Müasir dövrümüzdə ailədaxili münaqişələrin səbəbləri kimi istəksiz nikahın bağlanması, ailədə övladın olmaması, maddi vəziyyətin aşağı olması və qısqanclıq hallarını da sadalaya bilərəm. Bu hallar ailədə gərgin vəziyyət yaratdığı üçün bəzən cinayətlə nəticələnir.

  Hər şey ailənin övladı düzgün istiqamətləndirməsindən, sağlam mühitin təmin edilməsindən başlayır. Ailədə sosial normalar uşaqlara düzgün şəkildə aşılanmalı, cəmiyyətdə qəbul olunmayan davranışlar haqda məlumat verilməlidir. Uşaq və ya yeniyetmə televiziya, kompüter, telefon və s. vasitəsilə nümunə götürə biləcəyi şiddət, zorakılıq səhnələrindən uzaqlaşdırılmalıdır. Çünki şəxs təsir altına düşərək sevdiyi "qəhrəmanın" hərəkətlərini təkrar edə bilər. Əgər uşaq və ya yeniyetmə belə bir səhnənin şahidi olarsa, bunun doğru olmadığı, qəbul olunmaz bir hal olduğu təmkinlə başa salınmalıdır. Əgər valideyn məktəbdə bu tip hallara rast gələrsə, uşağına daha diqqətlə yanaşmalıdır.

  Bununla yanaşı spirtli içkilərin, narkotik vasitələrin fəsadları və nəticələri haqda əvvəlcədən maarifləndirmə aparılmalıdır. Münaqişələr baş verdikdə isə, tərəflərdən biri daha səbirli davranıb daha sonra situasiyanı sakit vəziyyətdə təhlil etsə daha ağır nəticələrə də gətirib çıxarmaz. Münaqişə vaxtı situasiyanı daha da gərginləşdirə biləcək söz və ifadələrdən yayınmaq lazımdır. Bir sözlə, münaqişə edən tərəflərin situasiyanın daha da gərginləşdiyini görüb vaxtında müdaxilə etməsi cinayətin törədilməsinin qarşısını ala bilər. Amma bu da məlum faktdır ki, münaqişə zamanı tərəflər çox da düzgün qərar qəbul edə bilmir. Bu səbəbdən münaqişəyə öncədən müdaxilə və problem situasiya barəsində müzakirə arzuolunandır".

Psixoloq Dəyanət Rzayev isə zorakılıq hallarının artmasını buna qarşı tələb olunan həddə  profilaktik tədbirinin həyata keçirilməməsi ilə bağlı olduğunu bidirdi: "Bu haqda maarifləndirmə işi kifayət qədər deyil. Yalnız kütləvi informasiya vasitələri bu işlə məşğul olur. Hamı bilir ki, qətl törətmək olmaz. Amma buna baxmayaraq belə hadisələr baş verir

Məlumat üçün deyim ki, Nyu-Yorkda son illər cinayətlərin sayı 84% azalıb. Çünki orda cinayət baş verməmişdən əvvəl onun qarşısını almaq anlayışı var. Cinayət baş verəndən sora onu araşdırıb cinayətkarı tapmaq və həbs eləməklə heç nə həll olunmur. Problem bitmir. Azərbaycan balaca ölkədir və cinayətkarı tapmaq elə də çətin deyil. Amma hadisə baş verməmişdən əvvəl onun qarşısı alınmalıdır. Məsələn, "Animal planet"də göstərirlər ki, ev sahibləri tısbağanı evdə qoyub gediblər. Tısbağa evdə tək qaldıqda, əlbəttə ki, acından ölə bilər. Bu zaman qonşular polisə xəbər veriblər. Çünki onlar düşünürlər ki, bu gün tısbağanı qoyub gedən səhəri gün iti, pişiyi evdə qoyub gedər, sonra insanı.  Bizdə isə kimsə küçədə iti döyə-döyə öldürür, heyvana hər cür zülm verir, amma ona cəza verilmir. Heyvana bu münasibəti göstərən insan əlbəttə ki, bir gün insana da eyni münasibəti göstərə bilər".

 

Psixoloq bundan başqa milli mentalitetin də ailədaxili zorakılıqda, cinayətlərdə müəyyən qədər rolunun olduğunu deyir: "Ola bilər ki, evlənən iki insan sonradan yola gedə bilməsin. Bir-birini anlaya bilməsin. Belə olan halda bəzən problemin həlli üçün boşanma ən yaxşı yoldur. Amma bizim milli mentalitet də buna yaxşı baxmır. Boşanma qeyri-adi qarşılanır və buna mənfi yanaşılır. Bəlkə də o insanlar boşansa, daha yaxşı olardı. Amma bədbəxt hadisə baş verəndən sonra təəssüflənirlər ki, kaş ki boşanardılar. Bu məsələnin həlli üçün profilaktika tədbirləri ilə də, maarifləndirmə ilə də xüsusi qurumlar məşğul olmalıdır".  



Sizin Reklam Yeriniz