Bu gün şəhərimizin demək olar ki, hər yerində ən müasir tələblərə cavab verən parklar salınıb. Parkların bəzədilməsində də bir sıra hallarda xaricdən gətirilən dekorativ bitkilərdən istifadə olunur. Bu bitkilərin baxımı da kifayət qədər diqqət tələb edir. Yerli olmadıqlarından, onların müvafiq iqlim şəraitinə uyğunlaşmaları da zaman alır. Bəzi hallarda ümumiyyətlə, uyğunlaşa da bilmirlər. Bir neçə gündür ki, ölkəmizdə şaxtalı hava şəraiti davam edir. Maraqlıdır, insanları belə donduran bu soyuğa min bir əziyyətlə saxlanan bitkilər dözə bilirlərmi?
AMEA Mərkəzi Nəbatat Bağının elmi
işlər üzrə direktor müavini Vahid Fərzəliyev bu bitkilərin qışdan
çıxıb-çıxa bilməyəcəklərinin sual altında olduğunu deyir:
"Dekorativ bitkilər özləri də müxtəlifdir. Onların içərisində
soyuğa davamlı olanlar da, olmayanlar da var, təbii ki. Onlar hələ
ki, təcrübədən keçirilir. İqlimə uyğunlaşa bilənlər yaşayacaq,
davamlı olmayanlar isə, təbii ki donub məhv olacaqlar. Əgər o
bitkilər qışdan çıxa bilməyəcəksə, onda müvafiq qurumlar əmin
olacaqlar ki, onlar müvafiq iqlimə adaptasiya olmur və yerli
bitkiləri əkmək lazımdır. Amma təcrübədən çıxmamış hələ heç bir şey
demək mümkün deyil.
Dekorativ ağacların əksəriyyəti xaricdən gətirilir və hal-hazırda çoxu yerli şəraitə uyğunlaşıbdır. Bizdə dekorativ yerli ağaclar, demək olar ki, bir o qədər də geniş becərilmir, əkilmir. Ölkəyə gətirilən zaman isə ağaclar seçilib gətirilir. Həm görünüşünə, həm yaşama şəraitinə diqqət edilir və təbii ki, iqlimə daha çox uyğun olanlar gətirilir".
Milli Ekoloji Proqnozlaşdırma
Mərkəzinin rəhbəri Telman Zeynalov yerli ağacların xarici dekorativ
ağaclarla əvəzlənməsini doğru hesab etmir: "Ölkəyə cənubdan
gətirilən dekorativ ağaclar şaxtalı havaya dözümlü bitkilər
deyillər və onların əksəriyyəti bu soyuqlarda məhv olub gedəcək.
Onların yerinə yerli ağaclar əkilsəydi, indi problemlər də
yaşanmazdı. Bəzək üçün idarələrin, müəyyən qurumların qarşısına
xarici ağaclar əkmək olar. Amma yaşıllıq nöqteyi-nəzərdən,
oksigenli hava üçün yerli ağaclar olmalıdır. Ehtiyac yoxdur ki,
Eldar şamı, Çinar ağacları xaricdən gətirilən palmalarla
əvəzlənsin. Bir az şaxta olan kimi onlar məhv olavcaq. Amma şam,
çinar, qovaq ağacları bizim təbiətimizə uyğun ağaclardır və hər
mövsümə uyğunlaşa bilirlər".