Əlaqə Arxiv
news Image
2014.02.05
18:21
| A A A
Dərmanlar ucuzlaşa bilər
Azər Mehtiyev: «Azərbaycanın mövcud imkanları ölkədə bir sıra dərmanların istehsalına imkan verir» Natiq Cəfərli: «Yerli dərman istehsalı üçün bütün şərait yaradılsa, bu, Azərbaycan üçün müsbət bir addım olardı»

Azərbaycanla Macarıstan arasında birgə dərman istehsalı həyata keçirilə bilər. Bunu bir neçə gün əvvəl Bakıda keçirilən Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, Azərbaycan bu sahənin inkişafında çox maraqlıdır: "Bu səbəbdən də biz maraqlıyıq ki, Macarıstanın tanınmış dərman istehsalı şirkətləri Azərbaycana gəlsin. Hətta bu sahədə birgə müəssisənin yaradılmasında maraqlıyıq. Bu müəssisənin Azərbaycanda olmasına da olduqca lazımi şərait yaradıla bilər".

Birgə fəaliyyətin həyata keçirilməsi fonunda məhsul istehsalı heç şübhəsiz ki, yerli dərman bazarında qiymətlərin ucuzlaşmasına səbəb ola bilər.  

Azərbaycanda dərman istehsalı üçün münbit şərait olduğunu deyən İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev birgə istehsal həyata keçirilərsə, qiymətlərin də ucuzlaşmasının baş verə biləcəyini bildirdi: "Söhbət birgə dərman istehsalının mümkünlüyü istiqamətində araşdırmalardan və bu sahədə əməkdaşlıqdan gedir. Bunun qiymət bazarına necə təsir edəcəyi haqda danışmaq hələ ki, çox tezdir. Lakin Azərbaycanın mövcud imkanları ölkədə bir sıra dərmanların istehsalına imkan verir. Azərbaycanda həm kimya sənayesinin inkişafı, həm ölkə təbiətində müxtəlif növ bitkilərin yetişməsi dərman məhsullarının istehsalı üçün əlverişli şərait yaradır. Əgər ölkədə bu istehsal formalaşarsa, ən azı qiymətlərin düşməsində rol oynamalıdır. Yəni öz-özlüyündə yerli istehsal mümkündür və vacibdir. Əgər hər hansı məhsul ölkədə istehsal olunursa, bu mütləq şəkildə bazarda ucuzlaşmaya səbəb olacaqdır". 

Macarıstanla birgə fəaliyyəti müsbət qiymətləndirən iqtisadçı-ekspert Natiq Cəfərli isə qiymətlərdə ucuzlaşmanın baş verməsi üçün gömrük tariflərində və tutulan vergilərdə də güzəşt edilməsinə ehtiyac olduğunu söylədi: "Əgər əməkdaşlıq nəzərdə tutulan qaydada həyata keçirilsə və yerli dərman istehsalı üçün bütün şərait yaradılsa, əlbəttə ki, bu, Azərbaycan üçün müsbət bir addım olardı. Bu, yerli istehsal olan dərmanların maya dəyərinin ucuzlaşması, dərman bazarında da qiymətlərin müəyyən dərəcədə enməsi ilə müşahidə edilə bilərdi. Amma bir məsələ var ki, bu günün özündə belə idxal dərmanları Azərbaycanda qonşu ölkələrə nisbətən daha baha satılır. Digər ölkələdən, elə Avropa Birliyi ölkələrindən idxal olunan dərmanlar Azərbaycanda həddən artıq baha qiymətə satılır. Amma qiymət məsələsi təkcə istehsalla bağlı deyil. Düşünürəm ki, həm gömrük tariflərində, həm vergilərdə müəyyən güzəştlər olunmalıdır ki, dərman bazarında müəyyən dərəcədə qiymət ucuzlaşması müşahidə olunsun. İstehsal haqqında qərar qəbul edilsə belə, bunun həyata keçirilməsi, zavodların qurulması işinə başlanması xeyli zaman alacaq. Bu illər ərzində isə Azərbaycan dərman bazarında qiymətlər bugünkü kimi qalacaq. Ümid edək ki, tək istehsalla deyil, həm də gömrük tariflərində güzəştlərin tətbiqi yolu ilə qiymətlər aşağı düşə bilər".  


Sizin Reklam Yeriniz