Əlaqə Arxiv
news Image
2012.06.06
19:32
| A A A
Azərbaycanda 1 və 2 ulduzlu otel qıtlığı yaranıb
Belə otellərə böyük ehtiyac olsa da iş adamları onların inşasına həvəs göstərmir

Havaların isinməsi həm də turizm üçün dinamik bir mövsümün başlanğıcı sayılır. Bu isə həm də istirahət mərkəzlərinə, otellərə olan tələbin artması deməkdir. Lakin araşdırmalar göstərir ki, otellərdə təklif olunan qiymətlər hələ də yüksək həddədir. Bunun əsas səbəblərindən biri isə ölkəmizdə 1, 2 və 3 ulduzlu otellərin sayının olduqca azlığıdır. Düzdür, 1 ulduzlu otellərdə xidmət səviyyəsi yüksək olmasa da hər halda burada qalmaq üçün qiymətlər olduqca münasibdir.

Ekspertlər 1 ulduzlu otellərdə müştərilərə, ilk növbədə, ən primitiv, sadə və tələbatı ödəyən şərait yaradıldığını bildirir. Belə otellərdə əlavə xidmətlərin çeşidi, keyfiyyəti elə də yüksək səviyyədə deyil. Bu otellərin avadanlığı da yüksək səviyyədə olmur. Bu mehmanxanalar qonağın tələbatını məhdud səviyyədə ödəyir. Ümumiyyətlə, otellərin müxtəlif tipləri olur, məsələn, motellər, kempinqlər və s. Bu fonda ekspertlərə görə, turizmin inkişaf etdiyi ölkələrdə bütün kateqoriyalı insanların tələbatını ödəyə biləcək hər cür otel tipləri olmalıdır. Xarici ölkələrdə bu təcrübədən geniş yararlanırlar. Hətta elə otel tipli müəssisələr var ki, heç ulduz dərəcəsi də yoxdur. Amma qiymətləri ucuz olduğuna görə belə yerlərdə qalanlar da çoxdur.

Araşdırmalar göstərir ki, Bakı şəhərində 2 və 3 ulduzlu otellərə tələbat daha çoxdur və getdikcə də bu tələbat artacaq. Çünki Azərbaycanın iqtisadi qüdrəti artdıqca, Bakı şəhərinin nüfuzu da yüksəlir. Bu isə şəhərimizin qonaqlarının sayının çoxalmasına rəvac verir. Artıq paytaxtımıza gələn insanların tələbatını ödəyəcək qədər 5 ulduzlu otellərimiz var. Bu baxımdan, artıq 2 və 3 ulduzlu otellərə tələbat artıb.

Digər tərəfdən turist axınının çoxalması otellərə olan tələbatın artması ilə müşayiət olunur. Mədəniyyət və Turizm Nazirliyi də nisbətən ucuz 2 və 3 ulduzlu otellərin, qest-hausların açılmasında maraqlıdır. Hələlik isə yuxarıda qeyd olunduğu kimi otellərin qiymətləri yüksəkdir. Təhlillər göstərir ki, Bakıda otel qiymətləri Tiflislə müqayisədə 5-10 faiz bahadır. Ekspert araşdırmalarına görə, hazırda Bakıda otellərin bir günlük qiymətləri 60 dollardan başlayır və 300 dollara qədər artır. Moskvada bu rəqəm 10-1250, İstanbulda 10-1440, Tiflisdə 20-280, Nyu-Yorkda 40-830, Londonda 10-1320, Dubayda 20-1090, İrəvanda isə 80-270 dollar arasında dəyişir. Moskva, London, Nyu-York, İstanbul, Dubay kimi iri meqapolislərlə müqayisədə Bakıda otel qiymətləri ucuz olsa da, həmin şəhərlərdə 1 və 2 ulduzlu otellərin say çoxluğu orada gecəsi 20 və hətta 10 ABŞ dollarına da otel tapmağa imkan verir. Lakin Bakıda 37 otel olmasına baxmayaraq, 1 və 2 ulduzlu otel çox azdır. Bu da qiymətlərin aşağı intervalının, digər şəhərlərlə müqayisədə, yüksək olmasına gətirib çıxarır. 1 və 2 ulduzlu otellərin az olması daxili turizmə də mənfi təsir göstərir. Çünki Azərbaycanda yerli və nisbətən az gəlirli əhalinin tələbatı əsasən bu tip otellərədir. İnsanlar ölkə daxilində hərəkət edərkən nisbətən ucuz otellərə üstünlük verilir.

Bakıda qiymətlərin Nyu-York və digər iri şəhərlərlə müqayisədə nisbətən ucuz görünməsinə baxmayaraq, nəzərə almaq lazımdır ki, həmin şəhərlərdə qiymət bazar şərtləri əsasında tənzimlənir. Yəni bu şəhərlərdə otellərə turistlər tərəfindən böyük tələbat olduğu üçün sahibkarlar qiymətləri qaldırmaqla tələbatı tənzimləməyə çalışır. Ekspertlər bildirir ki, Nyu-York və London kimi iri şəhərlərə gün ərzində 1 milyona yaxın turist gəlir. Bu turistlərin tələbatını ödəmək üçün qiymətlər bu səviyyədə qərarlaşır. Bakıda qiymətlərin yüksək olmasının səbəbi isə otellərin düzgün qiymət siyasəti aparmamasıdır. Otellər bir çox hallarda qiymətləri göstərdikləri xidmət səviyyəsinə uyğun deyil, öz istədikləri kimi təyin edir.

Bundan başqa, xarici ölkələrdə otellər turizm mövsümü ilə əlaqədar endirimlər etməklə daha çox turist cəlb etməyə nail olmaq istəyirsə, Bakıda əksinə, mövsümlə əlaqədar qiymətlər yüksəlir. Bu həm otel biznesində rəqabətin olmaması, həm də onların sayının az olması ilə əlaqədardır. Bu da otellərə öz şərtlərini müştərilərə diqtə etməyə imkan verir.

Qeyd edək ki, otellərin qiymətləri bir mövsümün üzərinə yıxmaqla öz qazanclarını təmin etmək istəyi də qiymətlərin qalxmasına səbəb olan amillərdəndir. Yəni otellər yalnız yayda fəaliyyət göstərib qışda bağlı qaldığına görə digər mövsümlərdə çəkilən xərclər də qiymətlərə təsir edir. Ekspertlər hesab edir ki, otel qiymətlərinin aşağı salınması üçün bu istiqamətdə hökumət də müəyyən addımlar atmalıdır. Məsələn, otellərdən tutulan vergilərin azaldılması təklif olunur. Bəzi ölkələrdə turizm sektoru üçün ƏDV 7 faizdir. Ölkəmizdə otellərdən ƏDV-nin bu həddə qədər azaldılması məqbul sayılır. Bundan başqa, hesab olunur ki, Azərbaycanda turizm şirkətlərinə, təkcə ƏDV sahəsində deyil, əmtəə və gəlir vergisi sahəsində də güzəştlərin edilməsi vacibdir.

Səməd CƏFƏROV
Sizin Reklam Yeriniz