Aparılan maarifləndirmə işlərinə, görülən tədbirlərə, tətbiq olunan cərimələrə baxmayaraq, bu gün hələ də mağaza və marketlərdə keyfiyyətsiz məhsulların satışına təsadüf olunur. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı yenə də mağazalarda xarab ərzaq məhsulları aşkarlanır və şəxslər müvafiq qaydada cərimələnirlər. Amma təəssüf ki, bu halların qarşısı tam olaraq alına bilmir. Belə fikirlər səslənir ki, buna yol verən şəxslər pul cəzası yox, cinayət məsuliyyətinə cəlb olunsalar, onda problemi daha tez həll etmək olar.
Qida keyfiyyəti ilə bağlı məsələlərin
müvafiq qanunlarla tənzimləndiyini deyən Azad İstehlakçılar
Birliyinin (AİB) sədri Eyyub Hüseynov istehlakçıları da diqqətli
olmağa çağırır: "Qidalara nəzarət qanunla tənzimlənir. Keyfiyyətsiz
qida satışına görə İnzibati Xətalar Məcəlləsində müvafiq cərimələr
nəzərdə tutulub. Onu da qeyd edim ki, keyfiyyətsiz malların satışı
Azərbaycanda get-gedə azalır. İqtisadiyyat və Sənaye Nazirliyi
yanında Antiinhisar Siyasəti Dövlət Xidməti də bu sahədə xeyli
işlər görüb. Bu sahədə maarifləndirilmə işləri də geniş şəkildə
aparılır. Əhali özü də bir az fəal və qida seçərkən diqqətli
olmaldır. Vaxtı keçmiş məhsulları almamalıdırlar. Malların
keyfiyyətinə nəzarət edən çoxsaylı dövlət qurumları var. Bunların
birgə fəaliyyəti və istehlakçıların özlərinin də səyləri
nəticəsində mağazalara keyfiyyətsiz məhsulların satışına son qoyula
bilər".
Hüquqşünas Eldar Qocayev isə məsələyə belə
münasibət bildirdi: "Burda keyfiyyətsiz yox, standarta uyğun
olmayan və ya istifadə müddəti bitmiş məhsuldan söhbət gedir. Amma
heç kim kənardan qidanın keyfiyyətsiz olmasını müəyyənləşdirə
bilməz. Bunun müəyyənləşdirilməsi üçün müvafiq laboratoriyalarda
ekspertizadan keçirildikdən sonra keyfiyyətsizliyi, həmin qida üçün
nəzərdə tutulmuş standartlara uyğun olmadığı aşkarlansa, bunun üçün
müvafiq qərarlar verilir. Belə halların yaşanması istehlakçı
hüquqlarının pozulması ilə bağlıdır və bunun üçün İnzibati Xətalar
Məcəlləsində qanunla müvafiq cərimələr nəzərdə tutulur. Amma bu cür
məhsullardan ciddi fəsadlar baş verərsə, istehlakçı bundan
zəhərlənərsə, allergiya baş verərsə və ən pis halda insan ölərsə,
əlbəttə ki, satışa görə məsuliyyət daşıyan şəxs birbaşa
cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".