Araşdırmalar göstərir ki, bu gün ölkədə peşə məktəbləri yeni texnologiyalardan anlayışı olan mütəxəssislər hazırlamaq gücündə deyil. Çünki, peşə məktəblərinin əksəriyyətində mövcud inventarlar müasir tələblərə cavab vermir. Tədris vəsaitlərinin də azlığı ilə yanaşı, müasir tipli maşın və mexanizmlərin olmamasi da peşə məktəblərində tədrisin keyfiyyətinə birbaşa təsir göstərir.
Təhsil üzrə ekpert Qüdrət İsaq ölkə
iqtisadiyyatının profillərinə uyğun peşə məktəblərinin
yaradılmasının məqsədəuyğun olduğunu düşünür: "Əvvəllər SSRİ
sənayesi var idi. Onun profillərinə uyğun peşə məktəbləri yaradılır
və kadrlar yetişdirilirdi. Ölkədə olan zavod və fabriklərdə hansı
sahələr var idisə, peşə məktəblərində həmin sahələrə aid ilkin və
ibtidai biliklər tədris olunurdu. Tələbələr üçün emalatxanalar
təşkil edilirdi. Tələbələr orda öyrəndiklərini xüsusi dəzgahlar
üzərində tətbiq edə bilirdilər. İndi də peşə məktəbləri üçün bu cür
şərait yaradılmalıdır. Bunun üçün Azərbaycanda bu gün üçün hansı
sənaye sahələri varsa, həmin sahələrə uyğun müəssilər yaradılmalı
və müəssisələrdə ixtisaslı müəllimlər fəaliyyət göstərməlidir. Və
üstəlik bu müəssisələri bitirdikdən sonra gənclərin işlə təminatı
üçün müvafiq tədbirlər görülməlidir. Peşə məktəbləri Azərbaycan
iqtisadiyyatının profillərinə uyğun olaraq yaradılsa, kadr problemi
də aradan qalxmış olar".
Artıq Azərbaycanda tələbata uyğun peşə
məktəblərinin də yaradıldığını deyən ekspert Zülfüqar Məhərrəmli
isə, sovet dönəmində müşahidə olunan formalizmin aradan
qaldırıldığını bildirdi: "Sovet dönəmində adətən, orta məktəbdə
oxuyan şagirdləri sonra peşə məktəblərinə göndərirdilər. Amma
hazırki dövrdə də Azərbaycanda tələbata uyğun peşə məktəbləri
yaranmaqdadır. Məsələn, Dövlət Neft Şirkətinin nəzdində olan peşə
məktəbini nümunə göstərmək olar. Şirkət orada özü üçün kadrlar
hazırlayır. Şagirdlər isə ora çox həvəslə gedirlər. Çünki, bilirlər
ki, təhsillərini bitirəndən sonra yaxşı əmək haqqı ala biləcək işə
sahib olacaqlar. Bundan başqa, Turizm Universitetinin tərkibində də
turizm peşə məktəbi yaradılıb ki, oranı bitirən şagirdlər də turizm
xidməti sahəsində müxtəlif profillərə yiyələnə bilirlər. Sovet
dönəmindəki formalizm halları artıq demək olar ki, tam olmasa da
müəyyən qədər aradan qalxıb. Ora yalnız həvəsi olan gənclər cəlb
olunur. Əvvəllər isə, plan verilirdi və uşaqlar həmin plana uyğun
olaraq bu məktəblərə yerləşdirilirdi. Nəticədə təhsilin keyfiyyəti
də olmurdu. Bu sahədə keçid dövrü olsa da, müəyyən işlər görülür və
artıq nəticələr də müşahidə olunur. Bununla belə, görülən işlərin
daha da təkmilləşdirilməsinə ehtiyac var".