Əlaqə Arxiv
news Image
2014.02.26
10:01
| A A A
Azərbaycandan xaricə hələ də ixtisaslı kadr axını yaşanır
Sahib Məmmədov: “Xaricə beyin axının qarşsının tamamilə alınması mümkün olmayan bir işdir” Ruslan Atakişiyev: “Xaricə axının qarşısının alınması üçün ən əsası ixtisaslı kadrlarla işə götürənlər arasında əlaqələrin genişləndirilməsinə böyük ehtiyac var”

Bu gün əmək bazarımızda yaşanan problemlərdən biri də ixtisaslı kadr çatışmazlığıdır. Araşdırmalar göstərir ki, ixtisaslı kadrların bir hissəsi hələ də əmək fəaliyyəti üçün xaricə üz tutmaqda davam edir. Bu ölkələr arasında Türkiyə və Avropa üstünlük təşkil edir. Xarici seçmək məsələsində elə xaricdə təhsil alan azərbaycanlı tələbələr xüsusi qeyd edilməlidir. Onlardan Azərbaycanda işləyənlərin əksəriyyəti isə əmək haqqının çox olmasına görə daha çox özəl sektoru seçirlər. Ekspertlərin fikrincə, ixtisaslı kadrların xaricə meyl etmələrinin əsas səbəbi də məhz orada əmək haqların və sosial təminatların yüksək olmasıdır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov bildirir ki, dünyada bir çox ölkələr zəka ixracı ilə məşğuldur: "Müxtəlif proqramlar həyata keçirirlər ki, savadlı insanları öz ölkələrinə işçi qüvvəsi kimi cəlb etsinlər. Lotareya, "Green card" kimi sistemlər var. Müxtəlif üstünlüklər verirlər ki, potensiallı, savadı olan insanları cəlb edə bilsinlər. Hər bir ölkə də çalışır ki, xaricə beyin axının qarşsını maksimum dərəcədə alsın. Amma xaricə beyin axının qarşsının tamamilə alınması mümkün olmayan bir işdir. Çünki, insanların sərbəst hərəkət etmək hüququ var. Bu hüquqdan istifadə edərək daha yaxşı qazanc, daha yaxşı güzəran olan işin arxasınca gedirlər. Heç kim də insanları saxlaya bilməz. Bizdə beyin axını əsasən 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində çox olurdu. O zaman elm sahəsindən bir çox mütəxəssislər əsasən Türkiyə, bəzi ərəb ölkələrinə, imkanı olanlar isə daha uzaqlara gedirdilər. Xaricə ixrisaslı kadrların getməsinin əsas səbəbi odur ki, bizdə zəkaya görə ödəniş aşağı idi. Elm sahəsində fundamental tədqiqatlar aparan alimlərimiz az əmək haqqı alırdı. Ona görə də imkan düşəndə işləmək üçün xaricə üz tuturdular. Lakin son illərdə vəziyyət müəyyən qədər dəyişib".

Ekspertin fikrincə, ixtisaslı kadrların xaricə axının qarşısını almaq üçün yaxşı ödəniş olmalıdır: "Beyinə görə müvafiq ödəniş lazımdır. Bunun barəsində isə hələlik bizim özəl sahə ciddi fikrləşmir".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev bildirir ki, hələ də bizim ixtisaslı kadrların xaricə üz tutmasının müəyyən səbəbləri var: "Xaricdə təhsil alan insanlarımız çoxdur. Onlar xaricdə təhsil aldıqdan sonra Azərbaycanda öz ixtisasına uyğun müvafiq iş tapmaqda çətinlik çəkirlər. Yəni, həm müvafiq ixtisasa görə iş yerinin yoxluğu, həm də iş yerində onun gözlədiyi əmək haqqının aşağı olması ixtisaslı kadrları oxuduqları ölkələrdə işləməyə meylləndirir. Onlar yüksək əmək haqqı ilə bərabər, işdə sosial təminatlar, tibbi sığortanın olmasını da istəyirlər. Ona görə də daha çox inkişaf etmiş ölkələrə meyl edirlər".

Ekspertin fikrincə, xaricə axının qarşısının alınması üçün ən əsası ixtisaslı kadrlarla işə götürənlər arasında əlaqələrin genişləndirilməsinə böyük ehtiyac var: "Özəl və ya dövlət sektorunda işə götürmə proseslərində şəffaflıq daha da artırılmalıdır. Müsabiqələrdə şəffaflıq, ədlətlilik prinsipi qorunmalıdır. Həmçinin, bizdə işə götürənlər yüksək ixtisaslı kadrların əmək haqlarına yenidən nəzər yetirilməlidir. Əmək haqları ən azından onların gözləntilərinə uyğunlaşmalıdır. Gözləntilər ölkə daxilində təmin olunmalıdır".

Sizin Reklam Yeriniz