Əlaqə Arxiv
news Image
2014.02.28
16:18
| A A A
Yeni bina sakinlərinin çözülməyən qeydiyyat problemi
Ramil Osmanlı: «Hər hansı bir şəxs qeydiyyatda olduğu ərazidən yeni mənzil aldığı əraziyə qeydiyyatını köçürmək istəyirsə, bina rəsmi qeydiyyatda olmadığından, bunu həyata keçirə bilmir» Eldar Qocayev: «Müvafiq normativlər müəyyənləşdirilməli və onlara əməl olunmasına nəzarət həyata keçirilməlidir»


Dövlət Qəbul Komissiyası tərəfindən qəbul olunmayan yeni binalar burada mənzil almış sakinlərin hələ də bir sıra ciddi problemlərlə üzləşməsi ilə müşayiət olunmaqdadır.  Belə mənzil sahiblərinin çoxu kupça ala bilmədiklərindən ciddi problemlərlə qarşılaşırlar. Məsələn, belə binanın hər hansı sakini evini sığortalatdırmaq istəsə də, evin kupçası olmadığından bunu həyata keçirə bilməyəcək. Və yaxud hər hansı bir şəxs bankdan kredit almaq üçün, əmlakını zəmanət kimi göstrmək istəyir. Kupça olmadığına görə, bank evi zəmanət kimi qəbul etmir. Bəzən onların qeydiyyat məsələsində də ciddi çətinliklər yaşanır. 

Məsələyə münasibət bildirən  Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı problemin həlli üçün dövlətin inzibati müdaxilə ehtiyac olduğunu düşünür:  "Burada əsasən mülkiyyətçinin hüquqlarının bəzi istiqamətlərdə pozulması halları müşahidə olunur. Məsələn, rəsmi qeydiyyat məsələsi. Hər hansı bir şəxs qeydiyyatda olduğu ərazidən yeni mənzil aldığı əraziyə qeydiyyatını köçürmək istəyirsə, bina rəsmi qeydiyyatda olmadığından, bunu həyata keçirə bilmir. 

Digər tərəfdən ev sahibi mənzilindən yalnız yaşayış sahəsi kimi istifadə edə bilir. Ondan girov kimi və ya başqa bir məqsədlə istifadə etmə imkanı məhduddur. Məsələn, mənzili girov qoyub hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bankdan kredit götürə bilməz. Rəsmi qeydiyyat olmadığından, bank, təbii ki, bunu nəzərə almayacaq.  

Nəhayət ən ciddi problemlərdən biri də bu mənzillərin Azərbaycanın müvafiq mənzil fonduna daxil edilməsidir. Qeydiyyatın olmaması həm yeni tikililərlə bağlı alqı-satqı proseslərinə, həm onlara olan tələbata, eyni zamanda bu sahənin daha da inkişaf etməsinə əngəllər yaradır. Düşünürəm ki, artıq problemə inzibati müdaxilə olunmalıdır. Özəlləşmə ilə bağlı müvafiq qərarlar verilməlidir. Konkret inzibati müdaxilə olmadan düşünürəm ki, bugünkü problemlərin həlli mümkün deyil. Problemi məhkəmə qaydasında, konstitusion formada da həll etmək olar. Amma söhbət ondan gedir ki, bu, o qədər kütləvi problemdir ki, gərək Azərbaycan məhkəməsi 4-5 il başqa işlərini kənara qoyub, ancaq bu işlə məşğul olsun". 

Hüquqşünas Eldar Qocayev isə məsələyə belə münasibət bildirib: "Mənzil Məcəlləsində bununla bağlı müvafiq bəndlər var. Bu məcəlləyə əsasən problemi hüquqi cəhətdən həll etmək olar. Son zamanlar ev alqı-satqısı ilə bağlı həm dələduzluq halları, həm də qeydiyyatla əlaqəli bu kimi problemlər artıb.  Praktiki olaraq, əhaliyə təqdim olunan bir çox evlər natamam təhvil verilir. Ona görə də bunun qarşısını almaq üçün evləri təhvil edən qurum işə məsuliyyətli yanaşmalıdır. Həmin qurumun həm öhdəliyi, həm də hüququ olmalıdır ki, evlərin bütün tələblərə cavab verdiyinə əmin olduqdan, ciddi yoxladıqdan sonra yaşayışa tam yararlı hesab edərək icazə kağızı versin.  Əgər bu bina təbii qazla, elektrik, su xətləri ilə tam təmin olunmayıbsa, icazə kağızı verilməmlidir. Və bu tələblərə kupça məsələsi də daxil edilməlidir. 

 Bu mənada hesab edirəm ki, qanunvericilikdə olan qaydalarda dəyişiklər edilməlidir. Orada binaların əhaliyə təqdim edilməsi üçün müəyyən tələblər, standartlar müəyyənləşdirilməlidir. Və bu tələblər arasında qeydiyyat məsələsi də ön planda olmalıdır. Bunlar olmasa, həmin evlər istifadəyə yararlı kimi setifikat almamalıdır. Onlara icazə kağızı verilməməlidir. 

Düşünürəm ki, bu elə də həlli çətin məsələ deyil. Uzun vaxt aparmayacağı da bir tərəfdən nəzərə alınmalıdır. Sadəcə olaraq, müvafiq normativlər müəyyənləşdirilməli və onlara əməl olunmasına nəzarət həyata keçirilməlidir".  

 


Sizin Reklam Yeriniz