Son vaxtlar dünyada, eləcə də ölkəmizdə onlayn tibbi xidmət geniş şəkildə yayılmağa başlayır. Belə ki, insanlar xəstəxanaya getmədən belə, internet vasitəsilə həkim yardımı ala bilirlər. Maraqlıdır, onlayn tibbi xidmət tam canlı xidmətin effektini verə bilərmi?
Tibbi-ekspert Adil Qeybulla Mövqe.az saytına
verdiyi açıqlamada məsələ ilə bağlı qeyd edib ki, onlayn xidmət
tibbi xidmətin yalnız müəyyən mərhələsi ola bilər: "Sovet dövründə
sahə həkimləri var idi və onlar konkret sahədə xidmət edirdilər.
Ayrı-ayrı xəstələrə əgər ixtisaslı yardım göstərilməsi ehtiyacı
yaranırdısa, onlar konkret mütəxəssislərə yönləndilirdilər. Bu gün
bunu ailə həkimləri həyata keçirir. Ailə həkiminin önəmi ondan
ibarətdir ki, o, ailəni yaxşı tanıyır. Xəstənin isə bütün analiz
nəticələri, irsi xəstəliklərin olub-olmadığı, hansısa xəstənin
müəyyən xəstəliyi varsa, onun gedişi və s. bilgilər məlumat
bazasında olur ki, gələcəkdə xəstə başqa həkimə düşdükdə ona
informasiya vermək, düzgün müalicə etmək üçün önəm kəsb edir.
Onlayn xidmət isə bunun əksinə olaraq virtual xidmətdir. Bu
xəstəni görmədən həyata keçirilir. Məsələn, hər hansı bir
peşəkar həkimin xəstəyə gözü ilə nəzarət yetirməsi ona xəstəlik
haqda xeyli məlumat verir. İkinci tərəfdən isə, bəzən xəstələr öz
şikayətlərini düzgün ifadə edə bilmirlər. Onlayn müalicə isə yalnız
xəstənin şikayətləri əsasında aparılır. Belə olan halda səhv
verilmiş məlumat səhv müalicəyə səbəb ola bilir".
Ekspertin sözlərinə görə, onlayn tibbi xidmət canlı xidməti tam əvəz edə bilməz: "Onlayn tibbi xidmətin mahiyyəti yalnız xəstəyə müəyyən tövsiyələr verməkdən ibarət ola bilər. Bu yolla xəstə yönləndirilə bilər ki, hansısa həkimə və ya hansısa xəstəxanaya müraciət eləsin və s. Bundan başqa, xəstə hansısa xəstəlik haqda soruşursa, bu haqda vətəndaşa müfəssəl məlumat verilə bilər. O baxımdan da, onlayn xidmətin önəmi var. Amma bu xidmət qətiyyən canlı müayinə və müalicəni tam əvəz edə bilməz. Onlayn xidmət müayinənin yalnız müəyyən mərhələsi ola bilər. Ancaq tam olaraq əvəz edə bilməz".
Onlayn xidmətdən ən çox da psixoloji
məsləhətlər almaq üçün istifadə olunur. Peşəkar Psixologiya
Mərkəzinin Uşaq İnkişaf Klubunun Direktoru, psixoloq Tahiba
Quliyeva onlayn psixoloji xidmətin bir sıra üstün cəhətlərinin
olduğunu, lakin bununla bərabər canlı xidməti tam olaraq əvəz edə
bilmədiyini deyir: "Hal-hazırda onlayn psixoloji xidmət geniş
yayılmaqdadır. Müqayisə etsək, görərik ki, insanlar artıq onlayn
xidmətə daha çox üstünlük verirlər. Onlayn xidmətin özünəməxsus
üstünlükləri ola bilər. Bunlar nədir? İlk növbədə xidmət bir
çox hallarda ödənişsiz aparılır. Eyni zamanda bu xidmətdən
yararalanmaq üçün müəyyən yol getməyə ehtiyac yoxdur. İstədiyin
zaman bu xidmətdən asanlıqla istifadə edə bilərsən. Ən əsası onlayn
xidmət zamanı kimliyini psixoloqdan belə rahatlıqla gizlədə
bilirsən. Lakin buna baxmayaraq, onlayn xidmətin çatışmayan
tərəfləri də az deyil. Belə ki, onlayn müraciət heç də müraciət
edən şəxsin diaqnostikasının dəqiqləşməsi deyil. Çünki istər
həkim, istərsə də psixoloq müraciət edən uşaq, yeniyetmə və ya
yetkin insanları görmədən dəqiq fikir yürüdə bilməz. Müəyyən
dərəcədə kömək edə bilər, amma problemin dəqiqliyi üçün biz bu
uşağı və ya digər müraciət edən şəxsi görməliyik və onu yaxından
müşahidə etməliyik.Bu diaqnozun dəqiqləşməsi üçün çox vacib bir
amildir. Çünki diaqnoz dəqiq olmazsa, onda müalicə də düzgün
aparılmayacaq deməkdir. Bu da işin keyfiyyətinin aşağı düşməsi
nəticəsinə gəlir. Bəzən kiçik bir problemlə müraciət olunur. Lakin
biz yaxından müşahidə etdikdə daha başqa problemlərin də olduğunu
görürük. Məsləhət olardı ki, sizi narahat edən problemlərin
vacibliyini dərk edərək həkimin və ya psixoloqun qəbuluna
yazılasınız".