Yeni tikililən bəzi çoxmərtəbəli binalarda evlərin birdən çox vətəndaşa satılmasıyla bağlı yaranan hallar hələ də cəmiyyətdə xüsusi diqqət mərkəzində yer almaqdadır. O da bəllidir ki, bununla bağlı bir neçə tikinti şirkəti barədə cinayət işi başlanıb. Bu qəbildən olan fırıldaq hallarına son qoyulması üçün təklif olunur ki, hər bir tikinti şirkətinin internet saytı yaradılmalı və burada artıq satılmış evlərlə bağlı məlumat da öz əksini tapmalıdır. Vətəndaşlar isə bu saytdan istifadə edərək daha fırıldaq qurbanına çevrilməzlər.
Hüquqşünas Səməd Vəkilov bir mənzilin
bir neçə vətəndaşa satılmasının dələduzluq cinayəti olduğunu deyir.
O, saytların açılmasının real vəziyyəti düzəldə bilməyəcəyini
bildirir: "Bu, dələduzluq cinayətidir və qanunvericilikdə həmin
əmələ görə cəza nəzərdə tutulub. Amma hər tikinti şirkətinin
saytının yaradılması, satılan evlərlə bağlı məlumatın burada əks
olunması bir o qədər də ağlabatan deyil. Ona görə ki, hal-hazırda
məhkəmə təcrübəsində var ki, məsələn, vətəndaş gəlib şikayət edir
ki, mənim filan tikinti şirkətindən ev almışam, pulu ödəmişəm.
Lakin mənzilim uzun vaxt keçsə də, hələ hazır deyil. Lakin sayta
baxanda burda görünür ki, həmin mənzil artıq sahibinə təhvil
verilib. Çünki orda şirkətin reklamı söhbət mövzusudur.
Məsələ ondan ibarətdir ki, şirkətlər çox vaxt tikinti başa çatmamış evləri vətəndaşlara satmağa başlayırlar. Çünki tikilib başa çatmamış mənzillər hazır mənzillərdən daha ucuz olduğuna görə, vətəndaşlar buna daha çox maraq göstərirlər. Hər kəs daha ucuz qiymətə ev sahibi olmaq istəyir. Bəzən daha başqa problemlərlə qarşılaşılır".
S.Vəkilov vətəndaşları əvvəlcədən işlərini ehtiyatlı qurmağa çağırır: "Bu halda vətəndaş nə etməlidir? Vətəndaş əvvəlcədən işini etibarlı qurmalıdır. Daha gözəl olar ki, vətəndaşlar alqı-satqı zamanı mütləq hüquqşünas köməyindən istifadə etsinlər. Əgər həmin tikinti şirkətinin torpaq ayrılması haqda sərəncamı, inşaat pasportu və s. sənədləri hüquqi cəhətdən düzgün tənzimlənibsə, onun gələcəkdə problemi olması riski daha azdır. Əvvəlcədən işə ehtiyyatla yanaşmaq lazımdır. Problem yaşanarsa, vətəndaş mülki qaydada məhkəməyə müraciət edə bilər. Məhkəmə tikinti şirkətlərinə böyük təzminat qoysa, onlar məcbur olacaq ki, belə hallara yol verməsinlər".
"MBA LTD" şirkətinin rəhbəri Nüsrət
İbrahimov isə tərəflər arasında əvvəlcədən konkret formalı
müqavilələrin bağlanmasını təklif edir: "Tikinti şirkətlərinin
rəsmi saytının açılması, düşünmürəm ki, mövcud problemi tamamilə
həll edəcək. Problemin həlli üçün əvvəla tərəflər arasında konkret
formada bağlanan müqavilə olmalıdır. Bu müqavilə forması ya Ədliyyə
Nazirliyi, ya Vergilər Nazirliyi, və yaxud da Dövlət Reyestr
Xidmətində vahid bir formada hazırlanmalıdır. Orda mövcud tələblər,
həm alan, həm satan tərəfin vəzifə və hüquqları standart formada
müəyyən olunmalıdır. Ev alqı-satqısı zamanı da bu vahid forma
əsasında müavilə bağlanmalıdır. Burda bir məsələ var ki, evin
satışı həyata keçirilən zaman müqavilənin hazırlandığı icra
strukturu, qurum bunu qeydiyyata alacaq. Orada bilinəcək ki,
bu ünvanda yerləşən binadakı mənzil artıq satıldı. İkinci dəfə eyni
mənzil fərqli vətəndaşa heç vaxt satıla bilməz. Çünki, artıq evlər
nömrələnmiş, təsdiq olunmuş müqavilələr əsasında satılmış
olacaq.
Problemin yeganə həlli budur. Və yaxud da ki, Milli Məclis qanun qəbul etməlidir ki, yarımçıq tikililərdə, Dövlət Qəbul Komissiyasına təhvil verilməmiş binalarda satış qadağandır. Amma birinci təklif daha effektli olacaq".