Əlaqə Arxiv
news Image
2014.03.07
16:51
| A A A
Yeni binalarda mənzil haqlarından yenə narazılıq var
Rövşən Talıbzadə: «Vətəndaşlar ev aldıqların kooperativin əvvəlcədən payçısı, üzvü olurlar, əvvəlcədən öz müqəddəratlarını həll edirlər» Natiq Cəfərli: «Yeni tikililərdə təyin edilən yüksək mənzil haqqı mövcud lift, təmizlik, mühafizə və sair xidmətlərlə bağlı olur»

Yeni tikilən çoxmərtəbəli binalarda sakinlərin narazılığına səbəb olan məsələlərdən biri də mənzil haqları ilə bağlıdır. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə vətəndaşlar evin hər kvadratmetrinə görə 1.5 qəpik mənzil haqqı ödəməlidirlər. Lakin yeni tikililərdə bu qiymət MTK-ların özləri  tərəfindən müəyyənləşdirilən alına mənzil haqları daha yüksək olur. 

Movqe.az-a açıqlamasında məsələyə münasibətini bildirən "Əmlak Bazarı İştirakçıları İctimai Birliyi"nin üzvü Rövşən Talıbzadə bu qiymətlərin təklif olunan xidmətlərə uyğun olaraq müəyyənləşdirildiyini və hər bir vətəndaşın azad seçim imkanı olduğunu bildirir: "Vətəndaşlar ev aldıqların kooperativin əvvəlcədən payçısı, üzvü olurlar. Özləri əvvəlcədən öz müqəddəratlarını həll edirlər. Çünki ev alqı-satqısı zamanl tikinti kooperativi ilə müqavilə bağlanılır. Bağlanan müqavilədə də göstərilir ki, məsələn, kommunal xidmətlərə görə aylıq hər kvadratmetrə görə 20 və ya 25 qəpik ödənilməlidir. Əksər hallarda qiymət təxmini belə olur.  Amma bəzi hallarda elə olur ki, binanın təklif etdiyi kommunal xidmətlərdən asılı olaraq həmin məbləğ 1-2 manata kimi qalxa bilir. Məsələn, bu gün bir çox premium klass mənzillərdə qiymət 1 manata kimi gəlib çıxır. Bu ondan irəli gəlir ki, orda təklif edilən yüksək səviyyəli lift xidməti, istilik sisteminin olması, təmizlik işlərini aparan xadimənin əmək haqqı və s. toplanır və nəticədə mənzilin kommunal xidməti hesablanıb 1 manata gəlib çıxır. Əvvəlcədən mənzil sahibinə məlumat verilir ki, əgər indi mənzilin kvadratmetrinə görə qiymət 2000 manatdırsa, gələcəkdə evi aldıqdan sonra hər kvadratmetrə görə 2 manat ödəyəcəksiniz. Bura həmin binalarda yaradılan idman salonlarının, üzgüçülük hovuzların dəyəri daxil olur. Bundan başqa həmin binaların mühafizəçiləri, xidmətçiləri də olur. Yəni qiymət təklif edilən xidmətə uyğun müəyyənləşdirilir. Amma əksər tikililərdə, 80-90% binalarda mənzil haqqı 20-25 qəpik olur. Bu da əvvəlcədən müqavilədə əks olunur. Hər şey vətəndaşın seçimindən asılıdır".

Bəzi hallarda sakinlərdən yığılan pulların konkret olaraq hara xərcləndiyinin açıqlanmadığını deyən iqtisadçı-ekspert Natiq Cəfərli də sakinlərin narazılığını yaradan səbəbin elə bu olduğunu düşünür:  

"Yeni tikililərdə təyin edilən yüksək mənzil haqqı mövcud lift, təmizlik, mühafizə və sair xidmətlərlə bağlı olur.  Onlar binanın daha yaxşı şəraitdə saxlanması üçün  yüksək məbləğdə mənzil haqqı yığırlar ki, bu xərcləri qarşılasınlar. Sadəcə olaraq, burada narazılıq ondan yaranır ki, sakinlərə yığılmış məbləğlər qarşılığında görülən işlərlə bağlı, dürüst, şəffaf məlumat verilmir. Yəni yığılmış vəsaitin hansı hissəsinin hara, məsələn lift xərclərinə nə qədər, təmizliyə nə qədər, işıqlandırmaya nə qədər pul xərcləndiyi haqda dürüst məlumat verilmir. Əgər əsaslandırılsa ki, yığılmış vəsait məhz bu xərclərə yönləndirilib, onda düşünürəm ki, sakinlərdə də ciddi suallar yaranmaz. Nə qədər ki, bu şəffaflıq yoxdur,  yığılan vəsaitlər haqda sakinlərə dürüst məlumat verilmir,  bu narahatçılıq və suallar həmişə qalacaq. Buna sistemli şəkildə bir aydınlıq gətirilməlidir". 


Sizin Reklam Yeriniz