Əlaqə Arxiv
news Image
2014.03.11
12:38
| A A A
Sağlamlıq aksiyası davam edir

Azərbaycan vətəndaşının sağlamlığı dövlət siyasətinin əsas sahələrindəndir. Səhiyyənin inkişafına yönəlmiş dövlət tədbirləri, qəbul olunmuş qərar və sərəncamlar əhalinin sağlamlığına xidmət edir. Vətəndaşların sağlamlığının qorunmasına dair Dövlət Proqramına əsasən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitq və tövsiyələrindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə respublika Səhiyyə Nazirliyi əhalinin sağlamlığını qorumaq üçün tədbirlər görür. Rayonumuzda da əhalinin kütləvi tibbi müayinəsinə başlanmışdır. 


Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini GÜLŞƏN XƏLILOVA AzərTAc-a müsahibəsində bununla bağlı görülmüş işlər və həyata keçirilən tədbirlər haqqında məlumat verərək demişdir:


- Humanitar aksiyanın mütəşəkkil keçirilməsi məqsədi ilə rayonda qrafik tərtib olunmuş, xüsusi komissiya yaradılmışdır. Komissiya tibbi müayinənin gedişinə, əhalinin aksiyaya cəlb olunmasına nəzarət edir və gündəlik toplanan məlumatların təhlilini aparır. Mərkəzi Rayon Xəstəxanası gücləndirilmiş iş rejimində çalışır. Habelə iki səyyar briqada müayinəyə gələ bilməyən yaşlı insanlara, şagirdlərə və uşaqlara xidmət göstərir.

İndiyədək rayon əhalisinin 10 min nəfəri tibbi müayinədən keçmişdir. Xəstəlik aşkarlanan şəxslərdən 222-si ambulator, 20-si stasionar müalicəyə cəlb edilmiş, 14 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir.


Martın 4-dən başlayaraq həkim briqadaları əhalinin tibbi müayinəsini yaşayış məntəqələrində davam etdirirlər. Bu işə ərazi icra nümayəndəlikləri və bələdiyyələr də səfərbər edilmişdir.


Müayinə zamanı göz xəstəlikləri olan sakinlər qeydiyyata götürülür. Yaxın günlərdə onların Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialında təkrar müayinəsi və müalicəsi təşkil olunacaqdır.


Rayon əhalisi və tibb işçiləri tərəfindən rəğbətlə qarşılanan bu humanitar aksiya dövlətin və Prezidentin ölkə vətəndaşlarının sağlamlığına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilir.


Fevralın 17-dən başlanan bu ışdə səhiyyə şöbəsinin həyətində qələbəlik vardı. Rayon icra aparatının, təhsil və mədəniyyət şöbələrinin, rayon gənclər və idman idarəsinin işçiləri ilk müayinədən keçirlər. Poliklinika şöbəsində vətəndaşlar qeydiyyata alınır, müayinəyə göndərilirlər.

Burada həkimlərlə müraciət edənlərin arasında dialoq yaranır. Terapevtlər, cərrahlar, burun-boğaz, ginekoloq, kardioloq, nevroloqlar, laborantlar, ümumiyyətlə bütün yardımçı diaqnostik həkimlər, səhiyyə rəhbərləri buradadır.


Mədəniyyət işçiləri Natavan Əliyeva, Fəridə Nəcəfova müayinədən keçirlər. Mahmudavar mədəniyyət evinin müdiri Natavan Əliyeva vətəndaşların sağlamlığına göstərilən bu qayğıya görə ölkə rəhbərinə minnətdarlıq edir:


-Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə əhalisinin sağlamlığına yüksək qayğısı onun siyasətinin, insan amilinə göstərdiyi diqqətin tərkib hissəsidir. Bu qayğı və diqqətə görə ölkə rəhbərinə minnətdarıq.


Təhsil şöbəsinin mühasibləri Solmaz Quliyeva, Kəmalə Yaqubova və başqaları da möhtərəm prezidentimiz İlham Əliyevə minnətdarlıq edirlər. İşin yaxşı təşkilinə görə rayon rəhbərinə razılıqlarını bildirirlər.


Profilaktik tibbi müayinə keçirilməsi üzrə yaradılan komissiyanın məsulu, həkim Mirdaməd Nəbiyev deyir:

-Bu aksiya millətin gələcəyi üçün son dərəcə vacibdir. Fevralın 17-dən mayın 01-dək keçiriləcək kompaniya cədvəl əsasında təşkil olunmuşdur. Poliklinikada bütün müayinələr aparılır. Ehtiyac yarandıqda Bakının ayrı-ayrı sağlamlıq ocaqlarına göndərilir.


Sağlamlığa yollar bu otaqdan başlanır. Həkimlər vətəndaşları dinləyir, müayinə edir, ankentlərində qeydlər aparırlar.


MX-nın mərkəzi klinik laboratoriyasının müdiri Fəxrəddin Əhədov vətəndaşı qəbul edir, şəkərini yoxlayır, nəticə normaldır, razı qalmaq olar...

MX-nın cərrahiyyə şöbəsinin müdiri Fəxrəddin Nəzərov deyir ki, ehtiyac olduqda müraciət edəni yoxlamaq üçün buradaca yer ayrılmışdır...

Sağlamlığını yoxlatdırmaq, müayinə edilmək üçün növbəyə dayananlar çoxdur. İnsanın sağlamlığı onun cəmiyyətdə mövqeyi, işgörmə qabiliyyəti üçün mühüm amildir. Bu qayğını isə vətəndaşlara dövlət, ölkə rəhbəri göstərir.


Növbədə dayananlardan kimi dindirdik bu təşkilin əhalinin sağlamlığında xüsusi önəm daşıdığını deyib möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığını bildirdi. Axı insanın xəstəliyinin, narahatlığının qarşısı vaxtında alındıqda onun sonrakı ömrü sağlam keçir. Bu yolda gənclərin qazanacağı daha çoxdur. Çünki bir gəncin xəstəliyini müəyyən edib qarşısını almaq gələcəkdə bir ailənin sağlamlığını təmin etməkdir.

Həmişə sağlam olasınız! Bunu əldə etmək üçün Azərbaycan vətəndaşına böyük dövlət və qayğı var.

Fevralın 18-i günü müayinə başlanmazdan əvvəl şəhər poliklinikasında hazırlıq işləri görülürdü. Həkimlər, tibb və laboratoriya işçiləri öz yerlərini tuturdular.


Masall MX-nın baş həkim müavini Asif Əliyev müayinənin birinci gününün yekunu barədə məlumat verib dedi:


-Tədbirin birinci günü rayon içra hakimiyyəti aparatı, təhsil, mədəniyyət, gənclər və idman, ƏSMM, DSMF-nin 315 nəfər işçisi müayinədən keçmiş, 47 nəfərin müalicə olunması məsləhət bilinmişdir.

Cərrah – həkim İbarət Rəfiyev, burun-qulaq-boğaz həkimi Vaqif Nəzərov, terapevtlər Mənsub İsrafilov, Qulu Quliyev, Ələddin Mirzəyev yerlərini tuturlar. 


Öyrənirik ki, bu gün rayon TKQ və poçtamt, mühafizə işçiləri müayinədən keçəcəklər. Poliklinikada müayinədən əlavə yerlərə göndərilmək üçün iki səyyar həkim briqadası ayrılmışdır. Onlar bu gün Seybətin, İskəndərli, Ərkivan 5 saylı, "Dəfinə" məktəblərində pedaqoji kollektivləri və şagirdləri müayinədən keçirəcəklər. 


... İnsanların axını başlanır. TKQ-nın texniki təhlükəsizlik mühəndisi, müəssisə həmkarlar təşkilatının sədri Qurbanəli Abbasov, poçtamt işçisi Natiq Tahirov müayinədən keçirlər. Hər ikisi bu böyük tədbirə görə ölkə rəhbərinə minnətdarlıq edirlər. 

TKQ-nın əməliyyat şöğbəsinin işçisi Süsən Ağayeva müayinədən razı qaldığını bildirir. Deyir ki, ölkə rəhbərinin tapşırığı ilə keçirilən bu aksiya vətəndaşların sağlamlığına qayğının təzahürüdür. 

Onun peşə yoldaşları Qızqayıd İsrafilova, İlhamə Abışova, Qızılavarlı Arifə Əliyevanın da dilində eyni minnətdarlıq səslənir. 


... İnsanlar öz sağlamlıqlarının ardınca düşüblər. Hər gün saat 9-dan 17-yə kimi poliklinikada ayrı-ayrı ixtisaslı həkimlər tərəfindən müayinə olunanlar üçün bütün yardımçı diaqnostik kabinetlər, ultra səs, EKQ, EXO kardioqrafiya, rentgen aparatları, klinik laboratoriya xidmət göstərir.                                         


Rayon MX-nın baş həkimi Cəlil Nəzərovun verdiyi məlumata görə 2000 nəfərə yaxın rayon sakini müayinədən keçmişdir. Yerlərə göndərilən iki səyyar həkim briqadası tərəfindən 1868 nəfər müayinə edilmişdir. Müəyyən xəstəliklər aşkarlanan 90 nəfər  üçün müalicə tədbirləri görülür. 

İstər tibb işçiləri, istərsə də əhali tərəfindən rəğbətlə qarşılanan və yüksək qiymətləndirilən bu tədbir ölkə rəhbəri nin vətəndaşlara böyük qayğısı, insan sağlamlığına diqqəti kimi dəyərləndirilir.

 

 Rəsul  RZAYEV,

 Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz