Əlaqə Arxiv
news Image
2014.03.12
14:09
| A A A
Onlayn ticarətdə aldadılan müştərilər
Eyyub Hüseynov: «Burda xüsusən mənfi rol oynayan tərəf xaricdən gətirilən malları istehlakçılara çatdıran distribüter şirkətlərdir» Eldar Qocayev: «Bəzən vətəndaşın sifariş verdiyi məhsul yox, başqa məhsul göndərilir»

Son dövrlərdə ölkəmizdə də onlayn ticarətin həcminin getdikcə artdığı müşahidə olunur. Bir çox cəhətlərdən insanların həyatına asanlıq gətirən bu sistemin belə maraq görməsi təbiidir. Ən azından ona görə ki, hər bir insana mağaza-mağaza dolaşmaqdansa, sadəcə, evində kompüter arxasında oturub müxtəlif saytlarda bol seçim imkanı da olmaqla istədiyini seçib sifariş vermək və üstəlik sifarişin evinə qədər gətirilib çatdırılması daha rahatdır. Lakin təəssüf ki, onlayn ticarətlə bağlı ölkəmizdə də isthehlakçılar bir sıra problemlər yaşayır. Bəzi hallarda istehlakçılara keyfiyyətli və ya istənilən tələbə uyğun mal çatdırılmır. Bu halda ən pisi odur ki, aldığı malı normalda geri qaytarmaq hüququna malik olan istehlakçı, onlayn ticarət zamanı bu hüququndan yararlana bilmir. Məhz elə bu səbəblərdən onlayn ticarətdən uzaq düşənlər də az deyil. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son vaxtlar quruma belə hallarla bağlı çoxsaylı istehlakçı məktublarının, şikayətlərinin daxil olduğunu deyir: "2005-ci ildə Azərbaycanda elektron ticarət haqqında qanun qəbul olunub. Həmin qanuna görə, istehlakçı 7 gün ərzində onun tələbatını ödəməyən malı geri qaytarmaq, dəyişdirmək hüququna malikdir. Hərçənd ki, biz 7 günün qısa olduğunu düşünür və bu müddətin minimum 14 günə kimi uzadılması sahəsində iş aparırıq. Burda xüsusən mənfi rol oynayan tərəf xaricdən gətirilən malları istehlakçılara çatdıran distribüter şirkətlərdir. Burda başqa bir məsələ var ki, istehlakçılar bu malları poçt vasitəsi ilə əldə edirlər. Problem yaranan zaman bəzi satıcı şirkətlər deyir ki, poçt ödənişlərini də istehlakçı etsin, ondan sonra malı dəyişək. Azad İstehlakçılar Birliyinə tez-tez bununla bağlı şikayətlər gəlir. Şikayətlərə görə, istehlakçılar onlayn olaraq pul ödəsələr də, lakin sifarişləri ya gəlib çatmır, ya da ki, gəlib çatan məhsul tələbə cavab vermir. Bizə gələn məktublardan məlum olub ki, Hüseyn adlı bir nəfər əhalidən çoxlu miqdarda pul alıbdır. Lakin ümumiyyətlə, məhsulu sifariş verməyib. Və yaxud da veribsə də, gəlib əhaliyə çatdırılmayıb. Artıq bununla bağlı bir neçə vətəndaşın şikayət ərizəsi qururmumuza daxil olub.  

Çox təəssüflər olsun ki, onlayn ticarət sahəsində bu kimi böyük problemlər yaşanır. Düşünürəm ki, dövlətin istehlakçı hüquqlarını qoruyan qurumları bu işə diqqət yetirməlidirlər. Elektron ticarətdə istehlakçıların hüquqlarının pozulmasının qarşısı alınmalıdır". 

Bəs bu hallarla qarşılaşan istehlakçılar nə etməlidirlər?

AİB sədrinin sözlərinə görə, bu hallarla üzləşən vətəndaşlar istehlakçı hüquqlarını qoruyan qurumlara, o cümlədən Azad İstehlakçılar Birliyinə müraciət etməlidirlər: "Biz onların hüquqlarını tam təmin edə bilərik". 


Hüquqşünas Eldar Qocayev də Mövqe.az saytına verdiyi açıqlamada istehlakçıların hüququnun pozulması ilə nəticələnən bu kimi hallara belə münasibət bildirdi: "Ümumiyyətlə, bütün dünyada onlayn ticarətin əsas problemlərindən biri istehlakçı hüquqlarını müdafiəsi ilə bağlıdır. Bir sıra hallarda istehlakçıların aldadılması halları baş verir. Belə ki, bəzən vətəndaşın sifariş verdiyi məhsul yox, başqa məhsul göndərilir. Yaxud göndərilən mal ölçü və ya keyfiyyət baxımından istehlakçının tələbini təmin eləmir. Bəzi hallarda isə, istelakçı ödəniş etdiyi halda məhsul gəlib ona çatmır. Belə hallar baş verən zaman istehlakçıların hüquqlarını qorunması məsələsi ortaya gəlir. Bu halda ilk növbədə sözsüz ki, ödənişin geri alınması məsələsi həyata keçirilməlidir". 

Onlayn ticarətin sərhəd tanımayan bir proses olduğunu deyən hüquqşünas  elə bu səbəbdən yaranan problemlərin həlli üçün yalnız ölkə qanunvericiliyinin kifayət etmədiyini bildirir: "Dünyanın bir tərəfindən o biri ucuna sifariş vermək olur. Buna görə də, bir problem baş verən zaman burda bir ölkənin qanunvericiliyinin tətbiqi də mümkün deyil. 

Bizdə də elektron ticarətin təkmilləşdirilməsiylə bağlı müəyyən işlər görülür. Belə ki, elektron ticarət paketi hazırlanarkən də bu məsələ çox müzakirə edildi. Amma hələ indiyə kimi açıq qalan məsələlər var. Bunun həll yolu kimi beynəlxalq, ikitərəfli və çoxtərəfli müzakirələr nəzərədə tutulub. Elə qurumlar var ki, ora üzv olan ölkələrdə mövcud problem həll olunubdur. Bu məsələnin ən bariz inkişaf etmiş forması Avropa Birliyidir. Avropa Birliyinə üzv olan ölkələrdə bu kimi problemlərin yaşanmaması üçün ümumi Avropa konvensiyası var ki, onun reqlamentləri və tənzimləyən normaları var. 

Amma digər ölkələrdə, məsələn, Rusiya kimi Avropa Birliyinə üzv olmayan ölkələrlə bu sahədə müqavilə varsa, onda o məsələni müzakirə etmək asan olur. Müqaviləsi olmadıqda yenə tələb etmək olar. Amma burda bir məsələ var. Tutaq ki, 100 dollarlıq və ya 100 manatlıq maldan ötrü ondan da çox xərc çəkib araşdırma, yazı-pozu işlərini, harasa sənəd göndərməyi və s. şirkətlər gözə almır. Çünki, hələ təkcə Amerikadan alınan malı ora ekpsress yolu ilə geri göndərsən, ən sadə yolu 60-70 manat edir. Yəni, bu mənada o işi görmüş adamın özü üçün baha başa gəlmiş olur. 

Bu gün dünya ölkələri çalışır ki, məsələ həll olunsun. Problemin həll olunduğu ölkələrdən ən birincisi Yaponiyadır. Ümumiyyətlə, Yaponiya dünyada ən çox elektron ticarətin həyata keçirildiyi ölkədir. Bundan başqa Kanada ilə Amerika arasında, Zelandiya ilə Avstrliya arasında, Cənubi Koreya ilə Yaponiya arasında və s. qarşılıqlı müqavilələr imzalanıb. Bu mənada istehlakçıların hüquqları müdafiə oluna bilir". 

Eldar Qocayev ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün  həlli açıq qalan bu problemlərin aradan qaldırılması istiqamətində təsirli olacağını düşünür: "Bizdə bu məsələ hələ ki həll olunmamış açıq şəkildə qalır. Yəqin ki, yaxın illərdə məsələ qanunvericiliklə öz həllini tapacaq. Qrup halında beynəlxalq qurumlara qoşulmaq da bu sahədə müvafiq addım olardı. Düşünürəm ki, Azərbaycanın ÜTT-yə daxil olmasının da məsələnin həllində köməyi və təsiri olacaq".


Sizin Reklam Yeriniz